İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qarşısına klub tarixində bütün dövrlərin məhsuldarlıq rekordunu vurmaq məqsədi qoyub. Lent.az-ın məlumatına görə, hazırda bu nailiyyət 1939 – 1955-ci ildə “Barsa”da çıxış etmiş Sesar Rodrigesə məxsusdur.
Rodriges 235 qol vurduğu halda, Messi 192 dəfə fərqlənib.
Argentinalı hücumçu bildirib ki, məqsədinə oyundan-oyuna çatmaq istəyir. O, komandasının maraqlarının birinci sırada durduğunu əlavə edib. Messinin sözlərinə görə, əsas məsələ yeni titullar qazanmaqdır.
Qeyd edək ki, Lionel Messi karyerasına elə “Barselona”da başlayıb. 24 yaşlı ulduz futbolçu 5 qat İspaniya çempionu, Çempionlar Liqasının 3 qat sahibidir, İspaniya Kuboku, İspaniya və UEFA Superkuboku, eləcə də klublararası dünya çempionluğunu qazanıb. Messi 2009 və 2010-cu illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.