Var ol Türkiyə, təşəkkürlər Ərdoğan!

BMT-nin Baş Assambleyasında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirdi.

Bizimkilərin başı “Eurovizion-2012″ hazırlıqlarına, Heydər Əliyev mərkəzinin tikintisinə, Heydər Əliyev Fondunun təbliğinə, rayon mərkəzlərində Heydər Əliyevin heykəllərinin açılışına və bu tipli sair işlərə bərk qarışıb. WikiLeaks Azərbaycan prezidentinin və ailə üzvlərinin, qohumlarının milyardlara sahib olduğunu car çəkir, yüksək vəzifədə oturan məmurların ələ keçirdiyi obyektlərin siyahısı qəzetlərdə dərc olunur, oliqarx-nazirlər Azərbaycanın bölgələrinə nəzarət etmək üçün rəqabət aparır, arxası vəzifəlilərə bağlılar Bakının dörd tərəfini əxlaqsızlıq yuvalarına çevirir, rejimin tabeçiliyindəki telekanallar məddahlıq, yaltaqlıq yarışına qoşulub, xalq mənəviyyatsız şoulara baxmaq zorundadır, nazir, general oğulları şəhərdə at oynadır, bunların daha hansı əməllərindən yazaq ki, ürək soyusun.

Və belə bir durumda kimin yadına Qarabağ düşə bilər ki?

Xalq alverdə və qul bazarlarında gün keçirir, özləri fironlar kimi yaşayır, dünyanı heyrətləndirən toy ziyafətləri təşkil edir, ərəb şeyxlərinin, neft krallarının belə yaşamadıqları gün yaşayırlar.

Nəyinə gərəkdir, onların Qarabağ.

Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında car çəkir ki: “BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib”.Qəzetlər bunların ermənilərlə ticarət əlaqələrindən, Bakıda Ermənistanda istehsal olunan spirtli içkilərin satışından yazır.

Bu qədər də şərəfsizlik, ləyaqətsizlik, mənəviyyatsızlıq olarmı, Ilahi?…17 il əvvəl millətin qürurunu aşağılayan “Atəşkəs” adlı bir müqavilə imzalayıb çökdülər Azərbaycanın boğazına. Əllərinə keçəni qamarladılar. 10 ailə saymaq olar ki, varidatları Azərbaycanın bəlkə də 5 illik dövlət büdcəsindən çoxdur.

O 10 ailənin əlində olan milyardlar uzun illər Azərbaycan dövləti üçün təhlükə mənbəyi olaraq qalacaq. Millətdən və dövlətdən oğurlanmış o milyardlar xəncər kimi millətin və dövlətin kürəyinə sancılacaq.
Indi, bu gün o milyardlara sahib olanlardan işğaldakı torpaqların geri alınmasını ummaq sadəlövhlük yox, tər-təmiz axmaqlıqdır.

Bir ölkənin ki, Müdafiə nazirinin şəxsi əmlakının siyahısı bir qəzet səhifəsini tuta, onun nəyinə gərəkdir ki, əsirlikdəki torpaqları geri alsın. Onun əsas görəvi vətən torpaqlarını deyil, şəxsi əmlakını qorumaqdan ibarət olacaq. Türkiyə hər zaman Azərbaycanın arxasındadır.

Bizi göydə Allah, yerdə Türkiyə qoruyur.

Ruslarla, yəhudilərlə, farslarla qol-boyun olanlar biryolluq qansınlar ki, Türkiyə zəif durumda olsa, erməni nəinki Naxçıvana, Gəncəyə hətta, Bakıya da gəlib çıxacaq.O gün boynunun diametri belinin diametrinə tən gələn bir məmur Türkiyəni işğaldakı torpaqlarımızı geri ala bilməməkdə suçladı.

Abdalın düşüncəsinə görə bunlar rüşvətlə, dəyyusluqla özlərinə sərvət toplamaqla məşğul olmalı, türk əsgəri isə Dağlıq Qarabağda müharibə etməlidir.Nə qədər ləyaqətsizlik və bişərəflik.

Gecə barları, fahişəxanalar, diskotekalar üçün oğul böyüdənlər belə düşünür.Onlar oğullarının əlinə silah alıb VƏTƏN uğrunda döyüşə getməsinə razı olmazlar. Nədən ki, Azərbaycan onlar üçün VƏTƏN yox, SAĞMAL INƏK anlamındadır.Min şükürlər ki, vətən, dövlət və millət qeyrəti çəkən oğullarımız var. Və bu oğullarımız Azərbaycan torpaqlarının iyirmi faizinin işğalda qalmasını həzm edə bilmir. Bir gün o oğullar savaşa qalxacaq və bu savaşda hərb tarixində xüsusi imzası olan türk mehmetciyini də yanında görəcək.
Türkiyə hər zaman Azərbaycanı qoruyacaq.
Bu iqtidar: 
– Türkiyəyə satılan qazın qiymətini qaldırsa da; 
– Türkiyə-Israil münasibətlərində ağzına su alıb sussa da;
– Türk iş adamlarını ölkədən qovsa da;
– Türkiyə telekanallarını bağlasa da;
– Türkiyənin tikdiyi məscidlərin qapısını qıfıllasa da;
– Lap belə açıq-aşkar Ermənistanla ticarət etsə də, Türkiyə Azərbaycana arxa çevirməyəcək.
Çün o, qos-qoca Türkiyədir.
Türkləri dünyaya tanıdan Türkiyə.
Türkləri dünyada qoruyan Türkiyə.
Var ol Türkiyə!
Təşəkkürlər Ərdoğan!