Təzyiqə məruz qalan vəkillərə dəstək

Siyasi Məhbus Ailələri Komitəsi müstəqil vəkillərə qarşı  təqiblərə son qoyulmasını tələb edir

 

Azərbaycanı sivil dünyanın bir parçası kimi görmək istəyən müstəqil fikirli insanlar görünməmiş təzyiqlərə və təhqirlərə məruz qalır, təqib olunur və həbsxanalara atılır. 2 aprel məhbuslarının məhkəməsində öz cəsarətli çıxışları və fəaliyyəti ilə saxta prosesi ifşa edən vəkillərə qarşı başlanan kampaniya da həmin hücumun tərkib hissəsidir.
Bu fikirlər Siyasi Məhbus Ailələri Komitəsinin dünən yaydığı bəyanatdandır. Bəyanat müəllifləri qeyd edirlər ki, bu məhkəmələri tarix üçün xüsusi hadisəyə çevirən əsas amillərdən biri də siyasi fəalların hüquqlarını müdafiə edən vəkillərin təqdirəlayiq fəaliyyətidir: “Biz bu prosesdə adı cəmiyyətə yaxşı tanış olan bir çox peşəkar vəkillərlə bərabər, yeni  hüquq müdafiəçilərinin ləyaqətli fəaliyyətinin də şahidi olduq. Nəticədə, bunlardan böyük narahatlıq keçirən hakimiyyət dairələri onların bir neçəsini cəzalandırmaq qərarına gəldi. Siyasi məhbus Elnur Məcidli və Vidadi Isgəndərlinin vəkili Xalid Bağırov prosesdən uzaqlaşdırıldı və onun vəkillik fəaliyyətinə 1 illik qadağa qoyuldu. Daha sonra Rüfət Hacıbəylinin vəkili Elçin Namazov da eyni aqibətlə üzləşdi və ona qarşı cinayət işi açıldı. Bir müddət əvvəl bu təqiblərə peşəkar vəkillərin bir çoxu da məruz qalmış, Əlayıf Həsənovun ailə üzvləri işdən qovulmuş, Osman Kazımov Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı”.
Siyasi Məhbus Ailələri Komitəsi ölkənin vicdanı sayılan müstəqil vəkillərə qarşı təzyiqləri dayandırmağı və onlara qarşı təqiblərə son qoyulmasını tələb edir. Komitə eyni zamanda ölkə ictimaiyyətini və bütün beynəlxalq təşkilatları müstəqil vəkillərin müdafiə işinə dəstək verməyə çağırır.

 

Gültəkin