Tariximizin qanla yazılmış səhifəsi – Irəvan xanlığı

Xanlığın 80 faizini Azərbaycan türkləri təşkil edirdi

Əsası XVIII əsrin ortalarında Mir Mehdi xan tərəfindən qoyulan Irəvan xanlığı Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı Imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları və Qarabağ xanlığı ilə həmsərhəd olub. Xanlığın mərkəzi Irəvan şəhəri olub. Mənbələrə görə, Irəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur. Yarandığı ilk illərdə gürcülərin qarətçi hücumlarına məruz qalan xanlığın sonralar digər xanlıqlarla münasibətləri möhkəmlənir və nəticədə gürcülərin hücumlarından özünü qoruya bilir. Sonralar gürcülərin əli ilə iki dəfə hakimiyyət çevrilişi edən Çar Rusiyası ermənilərlə bağlı planlarını Osmanlı Imperiyası ilə başlamış müharibəyə görə təxirə saldı.XIV əsrin sonunda – Teymurilər dövründə kənd kimi meydana gələn Irəvan XVI əsrdə Şah Ismayılın dövründə (1501-1524) şəhər statusu alır. Irəvan şəhərinin adı XX əsrin 50-ci illərində erməniləşdirilir; guya bu şəhər çox qədimdən məhz erməni şəhəri olan Erebunidir, ona görə də, Erevan adlandırılır. 1817-ci və 1819-cu illərdə Irəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, Irəvan xanlığının uzunluğu 200 mil, eni isə 100 mildir. Müasir erməni tarixçisi T.Akopyan Irəvan xanlığının ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. Irəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. Irəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir. Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. Irəvan qalasını çox çətinliklə alan general Paskeviç-Irəvanski Irəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir.ABŞ-dan olan professor Kastin Makkarti Rusiya işğalına – 1828-ci ilə qədər Irəvan xanlığı əhalisinin 80 faizinin Azərbaycan türkləri olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər Irəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, Irəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi.

Irəvan xanlığı yarandığı gündən öz azadlığı, istiqlalı uğrunda mübarizə aparmalı olmuşdur. Bu mübarizə həm qonşu Azərbaycan xanlıqları, həm Iran və Türkiyə, həm Kartli-Kaxetiya çarlığı və nəhayət, Rusiya ilə olmuşdur. Odur ki, xanlıqda hərbi qüvvələrin təşkilinə xüsusi diqqət yetirilirdi. Xanlıqda əsasən 2 növ qoşun vardı: piyada və süvari. Süvari qoşun xanlığın əsas zərbə qüvvəsi idi, çünki xanlığın ərazisinin böyük hissəsi dağlıq idi, belə ərazidə xırda, kiçik çevik süvari dəstələri daha müvəffəqiyyətli döyüş apara bilirdi. Xanlığın mərkəzi Irəvan şəhəri iki hissədən ibarət olmuşdur: Qala və Bayır şəhər. Irəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdir. Ikiqat hasarla əhatə olunmuş qalanın birinci qatında 17 bürc qoyulmuşdu. Birinci qatdan 50-70 metr aralı ikinci hasar gəlirdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Lazım olduqda arx su ilə doldurulurdu. Qalada 20-22 top vardı. Adi zamanlarda qalanın qarnizonunda 5-7 minlik qoşun yerləşirdisə, müharibə zamanı qoşunun sayı artırılırdı. Irəvan şəhərinin özü – Bayır şəhər Irəvan qalasından şimalda salınmışdı. Bunda məqsəd şəhərin müdafiəsini təşkil etmək idi. XIX əsrin əvvəllərində Irəvan qalasında barıt və silahtökmə zavodları vardı ki, onlar həm top, həm də barıt istehsal edirdilər. Irəvan xanlığında Irəvan qalasından əlavə, Iranla Türkiyə ərazisinə yaxın yerdə Sərdarabad qalası da inşa edilmişdi.

Böyük bir savaşın ortasında

XVIII əsrin ortalarında istər Azərbaycanda, istərsə də Iranda siyasi vəziyyət qeyri-sabit idi. Hər iki ölkədə mərkəzləşdirilmiş dövlət yaratmaq uğrunda mübarizə gedirdi. Qüvvələr nisbəti bərabər deyildi, üstünlük hərbi cəhətdən daha qüvvətli olan Iran tərəfində idi. Cənubi Qafqazda da siyasi gərginlik hökm sürürdü. Bundan həm Kartli-Kaxetiya, həm də bölgədə yaşayan ermənilər istifadə edirdilər. Gürcülər öz ərazilərini qonşu xalqın hesabına artırmaq, ermənilər isə Cənubi Qafqazda həm ermənilərin sayını artırmaq, həm də Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyirdilər. 1748-ci ilin əvvəllərində Mir Mehdi xan qonşu Urmiya xanlığına hücum edərək onun ərazisinin bir hissəsini zəbt edə bildi. Lakin çox tezliklə Irəvan xanlığının özünə basqın oldu. Qarabağ xanı Pənahəli xan 1749-cu ildə Irəvan xanlığına hücum edərək çoxlu qənimət ələ keçirmişdi. Irəvan xanlığında yaşayan ermənilər Kartli-Kaxetiya çarı II Irakliyə kömək üçün xəbər göndərirlər. II Irakli Pənahəli xanın qoşunlarını təqib edərək əsir və qənimətləri geri qaytara bilir. Bu yardımdan ruhlanan Irəvan erməniləri xanlıqda çaxnaşma yaradıb 1749-cu il avqustun 12-də gürcü çarını Irəvan xanlığına dəvət edirlər. Çox güman ki, Mir Mehdi xan həmin il sentyabrın 29-da xanlığa soxulan gürcü qüvvələrini geri oturda bilir. Lakin 1751-ci il sentyabrın 19-da II Irakli yenidən xanlığa basqın edir. XVIII əsrin 50-ci illərinin əvvəllərində Irəvan xanlığının vəziyyəti son dərəcə gərgin idi. Xanlıq həm Kartli-Kaxetiya, həm də qonşu xanlıqların diqqət mərkəzində idi. Onu şimaldan gürcü hərbi qüvvələrinin hücum təhlükəsi, cənubdan isə Urmiya xanı Fətəli xan Əfşarın hücumları narahat edirdi. Üçüncü tərəfdən isə xanlıqda məskunlaşmış ermənilərin düşmənçilik münasibətləri, onların pozuculuq fəaliyyəti ara vermirdi. Irəvan xanı Mir Mehdi xan yaxınlaşan hərbi təhlükənin qarşısını almaq üçün Irəvan qalasının müdafiə qabiliyyətini artırmaq məqsədilə tədbirlər görür. Fətəli xan Əfşarın qoşunları Irəvan qalasını mühasirəyə alır. Bu zaman II Iraklinin başçılıq etdiyi gürcü qüvvələri Irəvan qalasına yaxınlaşır. Qüvvələr nisbəti gürcülərin xeyrinə olduğundan Fətəli xan Əfşar öz qoşunlarını geri çəkməli olur. Bundan xəbər tutan Azad xan böyük hərbi qüvvə ilə Irəvan xanlığının ərazisinə daxil olur və Irəvan qalasını alır. Gürcülər geri çəkilirlər. Beləliklə, Irəvan xanlığı Cənubi Azərbaycan xanlıqlarını qısa müddətə birləşdirən Azad xanın hakimiyyəti altına düşür. Azad xan Mir Mehdi xanı taxt-tacdan kənarlaşdırır və Irəvan xanlığında xan vəzifəsinə Xəlil xan Özbək təyin edilir. 1755-ci ildə Irəvan xanlığında saray çevrilişi baş verir. Həsən Əli xan Qacar özünü Irəvan xanı elan edir. Irəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri – Eçmiədzin monastrı (Üçkilsə) yerləşirdi. Eçmiədzin kilsəsi Irəvan xanlığının ictimai-siyasi həyatında çox pozucu rol oynamışdır. Məhz bu kilsə Azərbaycan xalqına qarşı düşmən mövqe tutmuş “beşinci kolonna” rolunu oynamışdır.

Məkrli təmizləmə siyasəti

XVIII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Ikiüzlü siyasət yeridən erməni katolikosları bir sıra hallarda özlərini xeyirxah kimi göstərməyə cəhd edir, hətta Irəvan xanları ilə Kartli-Kaxetiya çarlığı arasında vasitəçilik missiyasını yerinə yetirirdilər. Bunda əsas məqsəd məhz gürcülərin köməyi ilə Irəvan xanlığına təzyiq etmək idi. XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları arasında müharibələr aramsız davam edirdi. Onların arasında çəkişmələr ayrı-ayrı xanlıqların xarici təcavüzə məruz qalmasına şərait yaradırdı. Irəvan xanlığına ən çox göz dikən gürcü çarı II Irakli idi. Irəvan xanları özləri də bəzən katolikosun xidmətindən taktiki mülahizələrə, xanlığın əhalisini müharibə olarsa, talan və qarətdən qorumaq üçün istifadə edirdilər. Belə ki, 1765-ci və 1769-cu illərdə Irəvan xanı Hüseyn Əli xan II Iraklinin xanlığa hücum edəcəyindən xəbərdar olduqda məhz katolikosun vasitəçiliyi ilə II Irakli ilə razılaşmaya görə Irəvan xanlığı Gürcüstana bac verməliydi. 1783-cü ildə Kartli-Kaxetiya çarlığı ilə Rusiya arasında Georgiyevsk şəhərində himayədarlıq haqqında müqavilə imzalanır. Bu müqavilə Rusiyanın Cənubi Qafqazda mövqeyinin güclənməsinin göstəricisi idi. Müqavilə eyni zamanda Azərbaycan xanlıqlarına Gürcüstanla münasibətlərdə Rusiyanın zəhmini nəzərə almağa işarə idi. 1783-cü il noyabrın əvvəllərində Rusiya Irəvan xanı Hüseyn Əli xana xəbərdarlıq məktubu göndərir. Xan cavab məktubunda Rusiyaya sadiq olacağını bildirir. Georgiyevsk müqaviləsi Türkiyəni çox narahat edirdi. Çünki Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi onun maraqlarına tamamilə zidd idi. Odur ki, Türkiyə Irəvan xanlığını öz təsir dairəsinə daxil etmək istəyirdi. 1783-cü ilin sonunda Irəvanda baş verən xalq üsyanı nəticəsində Irəvan xanı Hüseyn Əli xan və qardaşı Məhəmməd Həsən xan öldürüldülər. Hakimiyyətə Hüseyn Əli xanın böyük oğlu gəldi. Irəvan xanlığını öz təsiri altında saxlamaq istəyən II Irakli Qulam Əli xanın (1783-1785) tərəfini saxlayır. Bu isə xanlıqda böyük narazılığa səbəb olur, Qulam Əli xan da öldürülür (1785).

Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimal xanlıqlarına hücum edərkən Irəvan xanlığını da işğal edir. Lakin xanlıq 1797-ci ildə yenidən müstəqillik qazanır. Bu dəfə də Rusiyanın hücumu Irəvan xanlığının müstəqilliyini sual altına aldı. Lakin Türkiyə ilə müharibənin yenidən başlaması Çar Rusiyasını işğal etdiyi torpaqlarla qane olub Iranla Gülüstan sülh müqaviləsini bağlamağa məcbur edir. II Rusiya-Iran müharibəsi zamanı 1827-ci il oktyabrın 1-də Irəvan xanlığı ruslar tərəfindən işğal edilir.

Tarixən bu ərazinin Azərbaycan türklərindən təmizlənməsi siyasəti öz nəticəsini vermişdir. Buradakı bütün türk əhalisi vəhşiliklə qovulmuş, onların izləri də silinmişdir. XX yüzilliyin əvvəllərinə qədər Irəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. Indi onların izi belə qalmamışdır. Irəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah Ismayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir