“Sədərək”də yer pulu qiyamı olacaq

Ticarət Mərkəzində işləyən sahibkarlar rəhbərliyin qanunsuz addımı ilə barışmır

Onlar «ən yaxşı müdafiə hücumdur» taktikası seçiblər

“Sədərək” Ticarət Mərkəzi son günlər mətbuatın gündəmini zəbt edib. Belə ki, sözügedən ticarət mərkəzində yer haqlarının qaldırılması dükan sahiblərinin narazılığına səbəb oldu. Heç bir səbəb göstərilmədən hər kvadrat metrə görə, 2 manat əlavə pul yığılacaq. Qiymət artımı ilə razılaşmayanlar sentyabrın 18, 22 və 23-də bazarın önündə aksiya keçiriblər. Bir faktı da qeyd edək ki, “Sədərək”də dükanlar 40, 50 və 60 kvadrat metrdir. Hər kvadrat metrə görə qiymətin əlavə olaraq 2 manat qaldırılması nəticədə dükan sahiblərinin aylıq ödənişə 80-120 manat ödəməsi deməkdir.

Geri çəkilmək olmaz

Etiraz edənlər problemin həll olunmasını istəyiblər. Ancaq qaş düzəldən yerdə vurub göz çıxardıblar. Belə ki, 2 manatı ləğv etmək üçün etiraz edənlərdən bir neçəsini rəhbərlikdə təmsil olunanlar qəbul ediblər. Heç bir güzəşt əldə edilməyib. Bunu görən sahibkarlar növbəti dəfə etiraz edəndə bu dəfə hədə ilə üzləşiblər. Bu azmış kimi, qiymətlər daha 1 manat qaldırılıb. “Sədərək”də dükan işlədən şəxslər hər kvadrat metrə görə bundan sonra əlavə olaraq 3 manat ödəyəcəklər. Yəni, 80-120 manat əvəzinə 120-180 manat civarında əlavə yer haqqı verəcəklər. Bu bir manatın nədənini soruşanda isə “etiraz etdiyinizə görə, əlavə 1 manat qaldırılıb. Əgər növbəti dəfə yenə etiraz etsəniz yenə 1 manat qaldırılacaq” cavabını alıblar.

Sahibkarlar deyirlər ki, dünyanın hər yerində etiraz edəndə bunun bir nəticəsi olur: Ancaq bizdə fərqli durumdu. Kim necə istəyir elə də hərəkət edir. Biz etirazı kefdən etmirik. Imkanımız həqiqətən yoxdur. Yer haqqı, işıq, kondisioner, zibil pullarını ödəyirik. Aya ən azı 3-4 min manat xərcimiz çıxır. Yer haqqını yenə qaldırıblar. Alverin zəif vaxtında əlavə 100 manat tələb etmək bizim ziyanımızadır. Etiraz etdik ki, səsimiz eşidilsin. Ancaq qərar verildi ki, əlavə olaraq 1 manat da qaldırılsın. Ayağa qalxsaq daha 1 manat qaldıracaqları ilə hədələyiblər. Futbolda belə bir deyim var. Uduzursansa, müdafiəyə oturma. Bir top fərqi ilə yaxud 3 top fərqi ilə uduz. Onsuz da uduzursan. Ondansan hücum et, çünki qalib də gələ bilərsən. “Ən yaxşı müdafiə hücumdur” elə-belə deyilməyib ki. Düşünürük ki, yenə etiraz edək. Qoy yer haqları daha 1 manat qaldırılsın. Bu, nə vaxta qədər davam edəcək? Ölürüksə, hamımız ölək. Daha iki-üç nəfər ölüb, digərləri onların meyidləri üstündə alver etməsin. Qərara almışıq ki, etirazlarımızı davam etdirək”.
Bazarın sahibi ilə razılıq əldə olunmayacağı təqdirdə sonda boykot qərarını verəcəklərini deyən, sahibkarlar bildirirlər ki, onlar əlavə “haqq”ların ləğv edilməsini istəyirlər: “Istəyimiz təbiidir. Biz demirik ki, bir il bizdən yer haqqı yığılmasın. Əvvəlki qaydada olsun. Ancaq hər ay yer haqqını qaldırmasınlar. Elə bir vəziyyətdəyik ki, ayda bir dəfə istirahət edə bilmirik. Çünki ”sayğac” yazır. Bazara gəldik-gəlmədik fərqi yoxdur. Yer haqqı ödənilməlidir. Bayramlarda belə, işləyirik. Ildə cəmi iki dəfə bazar bağlanır. Məhərrəmlik ayının onuncu günündə (Aşurada – red.) və 20 Yanvardan başqa biz ilboyu bazarda olmalıyıq ki, evə beş-on manat çörək pulu aparaq”.

Gömrük qan edir…

“Işıqpulu yığımı zamanı ciddi şəkildə soyulan ticarətçilər buna kütləvi şəkildə etiraz etdikdən sonra mağazalara sayğac qoyuldu. Ancaq bu zaman da bizlərin belini qırmağın yolunu tapdılar. Belə ki, elektrik sayğacları pulsuz olduğu halda, bazar rəhbərliyi hər sayğaca görə bizdən 200 manat pul alıb. Bunu birtəhər həzm etdik” – deyir, sahibkarlar.
Etiraz edənlər, şikayətini dilinə gətirənlər hədələnir, şantaj olunur, ən sonda işləməsinə imkan verilmir.
Sahibkarlar bildirirlər ki, bazardan qazanc götürənlərdən biri də icarədarlardır. Bazar rəhbərliyi yer haqqını qaldıranda onlar da qiymətləri artırırlar. Buna razı olmayanlar isə dükandan çıxarılır, yer başqasına kirayəyə verilir. Bazar rəhbərliyi bu cür problemləri aradan qaldırmaq əvəzinə, rahat yolla əlavə qazanc əldə etmək üçün yeni “nırx” qoyur.
Bazara avtomobillə daxil olarkən keçid məntəqəsinə 50 qəpik verməlisən. Gün ərzində ticarət mərkəzinə yüzlərlə maşın daxil olur.
Satıcıların əksəriyyəti bazara gətirilən məhsullara gömrük rüsumlarının həddindən artıq yüksək olmasından da gileylənirlər: “Bu gömrük rüsumlarını kim, necə təyin edir? Gömrük rüsumları yüksək olduğundan, biz məcbur olub məhsullarımızı baha satırıq. Etiraf edək ki, bu gün nə ”Sədərək”, nə də “Binə”də qiymətlər ucuzdur. Sadəcə, camaat öyrəşib. Elə anlayırlar ki, bu bazarlardan hər şey almaq mümkündür. Yüzlərlə sahibkar var ki, Türkiyədən mal gətirirdi. Gömrük baha olduğu üçün məcbur qalıb, sex malı tikir. Adını da qoyublar Türkiyə malları. Indi ticarət mərkəzlərində Türkiyə malı tapmaq çox çətindir”.

“Karvansaray”da “Riyad”ın gününə düşdü

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin arasında inşası tam başa çatmayan bir ticarət mərkəzi də fəaliyyət göstərməli idi. Bu “Karvansaray” ticarət mərkəzidi. Məlumatlara görə, Ilham Əliyevin əmisi Aqil Əliyevin oğlu Ilqar Əliyevə məxsus olan bu bazarın tikintisi müəyyən səbəblərdən dayanıb. Böyük bir hissəsi tikilən “Karvansaray”ın tez bir vaxtda “Binə” və “Sədərək” bazarlarını sıradan çıxaracağı söylənilirdi. Ancaq “Karvansaray” da Ilqar Əliyevin başqa bir projesi – “Riyad” Ticarət Mərkəzi kimi iflasa uğradı.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda tikilən “Riyad” Ticarət Mərkəzi Ilqar Əliyevin oğlu Riyad Əliyevin adını daşıyır.

Ramin DEKO