Həbsdəki fəallarla bağlı aksiya təyin olundu

Siyasi Məhbus Ailələri Komitəsi səfirliklərlə görüşlərə başlayacaq

Gözəl Bayramlı: «Qoy, bütün dünya bilsin ki, Azərbaycanda insanları siyasi əqidəsinə görə həbsə atırlar»

Sentyabrın ortalarında təsis olunan Siyasi Məhbus Ailələri Komitəsi dünən ilk iclasını keçirdi. 18 siyasi məhbusun yaxınlarının təmsil olunduğu komitəyə həbsdə olan AXCP fəalı Elnur Məcidlinin atası Arzuman Məcidli rəhbərlik edir. Komitənin məqsədi sözügedən məhbusların işini gündəmdə saxlamaq, onların azad edilməsi üçün gərəkli olan fəaliyyətləri həyata keçirməkdir. Dünənki toplantıya qatılanlar arasında AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP və Müsavat fəalları, vəkil Mənsum Bayramov, məhbuslar Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının, Tural Abbaslının, Şahin Həsənlinin, Əhəd Məmmədlinin, Rüfət Hacıbəylinin və Arif Alışlının, həmçinin Fransada yaşayan gənc fəal Elnur Məcidlinin yaxınları var idi.
Arzuman Məcidli çıxışında bildirdi ki, siyasi əqidəsinə görə həbsə atılan fəalların məsələsini dünyanın gündəminə gətirmək üçün beynəlxalq qurumlarla sıx təmasda olmaq lazımdır: “Bütün dünya bilməlidir ki, onlar günahsız yerə tutulublar. Bunu onların diqqətinə çatdırmaq isə bizim işimizdir”.

“Müdafiə üçün hüquqi mexanizmlər kifayət etmir”


Vəkil Mənsum Bayramov hesab edir ki, indiki şəraitdə siyasi məhbusların müdafiəsi üçün hüquqi mexanizmlər kifayət etmir: “Biz onları yüksək səviyyədə müdafiə etmək üçün hər şey edirik. Amma neyləmək olar ki, vəsatətlərimiz qəbul olunmur, sübutlarımız işə daxil edilmir, etirazlarımıza baxmayaraq saxta sübutlar işdə qalır. Hüquq-mühafizə sisteminin saxtakarlıqları bizim əl-qolumuzu bağlayır. Ona görə yeganə çıxış yolumuz bu problemi ictimailəşdirməkdir. Istər yerli, istərsə də beynəlxalq aləmdə aktiv faəliyyət göstərən qurum və insanların diqqətini bu məsələyə cəlb etməliyik.
Bu komitənin işi məhbusların azadlığa çıxmasını təmin etməklə məhdudlaşmamalıdır. Həmin şəxsləri əfv və ya amnistiya ilə, yaxud şərti cəza ilə azadlığa buraxa bilərlər. Lakin onlar bəraət almayana qədər biz komitənin işini dayandırmamalıyıq”.
Son vaxtlar müstəqilyönlü vəkillərin təzyiqlərə məruz qaldığını deyən M.Bayramov komitənin onları da müdafiə etməli olduğunu bildirdi.

Dünya qadınlarına məhbus anaları adından müraciət…


Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslının anası Başxanım Abbasova hesab edir ki, komitə fəaliyyətini hakimiyyətin tutduğu yolu təhlil etmək üzərində qurmamalı, konkret nəticələrə hesablanan işlər görməlidir: “Bu hakimiyyətin azad mətbuatı, azad düşüncəli insanları repressiyaya məruz qoyduğunu hamımız yaxşı bilirik. Onu da bilirik ki, məqsədləri bizlərdə, cəmiyyətdə xof yaratmaqdır. Amma səhv düşünürlər. Biz qorxub geri çəkilən deyilik. Bu yola çıxan onu hansı əziyyətlərin gözlədiyini yaxşı bilir. Bu komitədə işimiz yığışıb danışmaq yox, konkret iş görmək olmalıdır. Təklif edirəm ki, ardıcıl olaraq Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə görüşək, dünya qadınlarına məhbus anaları olaraq məktublar göndərək. Onlar görsünlər ki, bizdə nələr baş verir. Bu hakimiyyətin yol verdiyi bütün qanunsuzluq və özbaşınalıqları məhbus anaları olaraq dünyaya çatdırmalıyıq”.

“Gənclər də lazımi dəstəyi verəcək”

Tural Abbaslının müavini Səxavət Soltanlı tədbirə toplaşan məhbus valideynləri və yaxınlarını eyni əqidənin və şərəfli yolun birləşdirdiyini dedi: “Arzu edirəm ki, tezliklə dostlarımız azadlığa çıxsın və komitənin fəaliyyətinə heç bir ehtiyac olmasın. Təklifim də odur ki, komitənin hazırlayacağı bəyanatlarda siyasi ritorikaya az yol verilsin. Təbii ki, bu həbslərin özü siyasi məsələdir. Amma bu gün işin siyasi tərəfləri ilə məşğul olan qurumlar kifayət qədərdir. Qoy, bu komitə əsasən anaların, ataların, məhbus yaxınlarının özünüifadə məkanına çevrilsin. Və onların səsini bütün dünyaya çatdırsın. Başqa bir təklifim də komitənin daxilində işçi qrupunun yaradılmasıdır. Bütün zəruri addımlar və keçiriləcək görüşlər barədə qərarları bu qrup qəbul etsin. Biz də gənclər olaraq əlimizdən gələn dəstəyi verəcəyik”.

“Bu oğulları böyüdən analar qarşısında baş əyirəm”

AXCP sədrinin müavini Gözəl Bayramlı dedi ki, belə bir komitənin yaradılması Azərbaycan hakimiyyətinə utanc gətirməlidir: “Mən çox təəssüf edirəm ki, bu ad altında komitə yaratmalı olmuşuq. Bu, bir daha sübut edir ki, Azərbaycan hakimiyyətinin bunu inkar etməsinə baxmayaraq ölkədə insanları siyasi əqidəsinə görə həbsə atırlar. Beynəlxaq qurumlarla, diplomatik korpusla görüşlərimizdə də vurğunu bunun üzərinə qoymalıyıq. Mən bu qəhrəman oğulları böyüdən analar, bu cəsarətli ərlərin xanımları qarşısında baş əyirəm. Onlar heç nədən qorxmadan mübarizənin önündə gedən, özlərinin yox, xalqın maraqları uğrunda mücadilə aparan insanlardır. Biz onlarla fəxr etməliyik. Vaxt gələcək tarix də onlara həqiqi qiyməti verəcək. Arzu edirəm ki, bu komitənin ömrü qısa olsun, tezliklə fəaliyyətini başa çatdırsın və Azərbaycan siyasi məhbusları olmayan bir ölkəyə çevrilsin”.
G.Bayramlı qarşıdakı günlərdə komitə üzvlərinin səfirliklərlə görüşməsini və etiraz aksiyası keçirməsini də təklif etdi: “18 məhbusun hamısının plakatı hazırlansın və üzərinə hər birinin adı yazılsın. Dövlət qurumlarının birinin qarşısında plakatlar və şüarlar əlimizdə aksiya keçirək, etirazımızı bildirək”.
Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva siyasi məhbus ailələrinin bir araya gəlib bir-birinə bu cür dəstək verməsini olduqca vacib addım kimi qiymətləndirdi: “Bir-birimizi tanımaq və dəstək olmaq hamımızda ruh yüksəkliyi yaradır. Mən təklif edərdim ki, mübariz, döyüşkən vəkillərimizi də müdafiə edək. Çünki bizim övladlarımızı onlar müdafiə edirlər. Bizim Xalid Bağırov, Elçin Namazov kimi cəsarətli vəkillərə ehtiyacımız var. Onların müdafiəsi üçün də aksiya keçirməyi təklif edirəm”.
AXCP Nizami şöbəsinin fəalı Kəmalə Xəlilova isə təklif etdi ki, komitənin tədbirlərinə ölkə ziyalıları da dəvət edilsin: “Növbəti iclaslarda onlara da dəvət göndərək. Əgər gəlməsələr, adlarını mətbuata çıxaraq ki, bizim ziyalımız bax budur. Adını ziyalı qoyub, haqqı tapdanan vətəndaşına görə səsini belə, çıxarmır”.
Sonda qərara alındı ki, komitənin təzyiqə məruz qalan vəkillərlə bağlı bəyanatı qəbul edilsin, qrup şəklində səfirliklərlə görüşlərə başlanılsın və gələn həftənin dördüncü günü saat 12-də Respublika Prokurorluğunun qarşısında 18 məhbusun müdafiəsi ilə bağlı piket keçirilsin.

Gültəkin