Fələstin dövlət kimi tanınmaq müraciətini BMT-yə təqdim etdi
ABŞ-ın muxtariyyətin müstəqilliyinə veto qoyacağı bildirilir; kritik səsverməyə cəmi bir gün qalıb
ABŞ və Israilin bütün təzyiqlərinə baxmayaraq, Fələstin muxtariyyətinin lideri Mahmud Abbas tarixi bir addım ataraq, BMT-nin baş katibi Pan Gi Muna dünya tərəfindən dövlət kimi tanınmalarının yolunu aça biləcək məktubu təqdim edib. “Bizdən kiçik ölkələrin belə, müstəqilliyi tanındı. Bu günü 63 ildir gözləyirdik” deyən Abbasın təşəbbüsü BMT-də diqqəti ilin əsas gündəmi sayılan “Ərəb baharı”ndan Fələstinə yönəltdi.
Müraciət məktubunu BMT baş katibinə təqdim etməmişdən əvvəl ABŞ-ın onu dayandırmaq üçün hər şeyi etdiyini açıqlayan Mahmud Abbas Fələstinin müstəqil dövlət olmaq məsələsində güzəştə getməyəcəklərini bəyan edib. ABŞ, Rusiya, BMT və Avropa Birliyindən ibarət olan “Yaxın Şərq dördlüyü”nün xüsusi nümayəndəsi Toni Bleyer Mahmud Abbası atdığı addımdan daşındırmağa çalışmadığını söyləyib. Bleyer Abbasın müraciətinin taktiki cəhətdən uğurlu olduğunu və məsələnin müzakirəsinin yenidən başlanmasının vacibliyini bildirib.
Mahmud Abbasın təqdim etdiyi məktubda BMT Təhlükəsizlik Şurasına həvalə ediləcək tam üzvlük tələbilə yanaşı, bir xatırlatma da yer alıb. Fələstin lideri müraciətini Təhlükəsizlik Şurasının keçmişdəki iki qərarına istinad edib. Abbas Israilin 1967-ci il sərhədlərinə çəkilməsini nəzərdə tutan 242 saylı və Fələstindəki ingilis mandatını Yəhudi və Ərəb olmaq üzrə iki dövlətə ayıran 1947-ci il tarixli 181 saylı qərarları xatırladıb.
BMT Təhlükəsizlik Şurasında keçiriləcək səsvermədə Fələstini dəstəkləyən ölkələr azlıq təşkil edir. Eyni zamanda, Şuranın üzvlərindən biri olan ABŞ-ın veto hüququndan istifadə edəcəyi bildirilir.
Fələstinin müstəqilliyini dəstəkləyən ölkələrin çox olduğu BMT Baş Assambleyası isə Fələstinə “üzv olmayan müşahidəçi” statusunu verərək, simvolik də olsa, onu dövlət kimi tanıya bilər. Son məlumatlara görə, BMT-yə üzv 193 dövlətdən 120-si Fələstini dəstəkləyir.
Fələstinin dövlət kimi tanınmaq yolunda atdığı tarixi addım israilli və fələstinli siyasətçilər tərəfindən yaxından təqib edilir. “Euronews”un xəbərinə görə, fələstinli ekspert Məhəmməd Ştayyeh Israilin üzv olma müddətini nümunə göstərib. Onun sözlərinə görə, dünyadakı bir çox ölkələrin BMT-yə tam hüquqlu üzvlüyü və tanınma məsələləri bir dəfədən çox səsverməyə çıxarılıb: “Israilin məsələsi üç dəfə səsverməyə qoyulub. Iordaniya, Portuqaliya, Yaponiya və digər ölkələr də bir neçə dəfə səsvermədən sonra BMT-yə üzv olublar. ABŞ-ın bizə veto qoyması dünyanın sonu deyil”.
Israil xarici işlər nazirinin köməkçisi Danni Ayalon isə sülhün ancaq müzakirələr masasında təmin ediləcəyini söyləyib.
Xatırladaq ki, Fələstinin dövlət kimi tanınması məsələsi sentyabrın 26-da BMT Təhlükəsizlik Şurasının iclasında səsverməyə çıxarılacaq.



