mtn

İcra başçısından MTN rəhbərinə şikayət

«Mənim Lütvəli Babayevə verməyə artıq pulum yoxdur»

“Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi” Zərdab rayon şöbəsinin sədri Vüqar Sarıyev redaksiyamıza müraciət göndərib. Müraciət MTN, Baş Prokuror və Prezident Administrasiyasının rəhbərinə ünvanlanıb:
“Yuxarıda adlarını çəkdiyim nazirliklərə Zərdabın icra başçısı Lütvəli Babayevin mənə qarşı törətdiyi cinayət əməlləri barədə göndərdiyim müraciətimə baxılmayıb. Hüquqlarım bərpa edilmək əvəzinə, müraciətlərim baxılması üçün hərəkətlərindən şikayət etdiyim L.Babayevin üstünə göndərilib. Artıq L.Babayev məndən qisas almaq üçün tədbirlər görür. Budurmu sizin nazirliyin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ölkə prezidentinə dəstəyi?!
Mən nə etməliyəm ki, L.Babayevin mənə qarşı törətdiyi  qanunsuz əməllərlə bağlı araşdırma aparasınız? Məgər şəkili sahibkar kimi özümü öldürməliyəm ki, hüquq-mühafizə orqanları mənə inansın?

Lütvəli Babayev

Bir daha sizə bildirirəm ki, 2010-cu ilin avqust ayının axırlarında L.Babayevlə görüşərək ona sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 500 kv.m torpaq sahəsi almaq istədiyimi bildirdim. Biz həmin torpaq sahəsi üçün 5000 manata razılaşdıq. Bir neçə gündən sonra pulu icra başçısına verdim və o, dərhal tikinti və memarlıq şöbəsinin müdiri Şahid Əhmədova torpağın ayrılması və sənədlərin hazırlanması haqda göstəriş verdi.
Bir neçə günə bütün sənədlər, o cümlədən Zərdab RIH başçısı aparatının memarlıq və tikinti şöbəsi müdirinin 500 kv.m torpaq sahəsi ayrılması haqqında rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin rəyi, torpaq şöbəsinin planı, on təşkilatın 500 kv.m torpağın ayrılması üçün tərtib edilmiş aktı hazırlandı və ayrılan torpaq sahəsi mənə göstərildi. L.Babayev və Zərdab icra başçısının şəhər üzrə nümayəndəsi Hafiz Kərimov mənə dedi ki, artıq tikintiyə başlaya bilərsən, sərəncamın bir neçə günə sənə veriləcək.
Torpaq şöbəsinin işçisi və memarlıq, tikinti şöbəsinin müdiri göstərilən massivdən 500 kv.m torpaq sahəsini bölərək mənə təhvil verdi. Mən də həmin sahədə ən azı 1000 manatlıq torpaq və çınqıl işi gördüm. Lakin L.Babayev sərəncamı ləngitdi. Səbəbini soruşanda isə pulu əlavə olaraq 5000 manat artırmağı təkid etdi. Mənim artıq pulum yoxdur ki, icra başçısının istədiyi məbləği düzəldib verim. O isə nə pulumu qaytarır, nə də torpağımı verir.
Zərdabın icra başçısı və nümayəndəsi H.Kərimovun rayonda mən və mənim kimilərin başına açdığı bu oyunlar dövlətimizə, dövlətçiliyimizə, ölkə başçısının siyasətinə, onun korrupsiya və rüşvətxorluğa qarşı elan etdiyi mübarizəyə qəsd və xəyanətdən başqa bir şey deyil.
Zərdab icra başçısı və onun nümayəndəsinin məni aldadaraq 500 kv.m torpaq sahəsi verəcəkləri bəhanəsilə dələduzluq yoluyla məndən 5000 manat pul alması və əlavə olaraq 1000 manat ziyana salmaları barədə məndə danılmaz fakt və sənədlər var. Bununla bağlı mənim dindirilməyimə göstəriş verməyinizi xahiş edirəm. Bu, mənim sizə son müraciətimdir. Bundan sonra hüquqlarımın müdafiəsi üçün mənim ayrı yolum qalmayacaq”.

Sosial şöbə