Azərbaycanı istəməyən qüvvələrin işi

Dünya mətbuatı Əliyevçi rejimin olimpiya oyunlarına rüşvət yolu ilə iki idmançı göndərmək istəməsindən yazır. Ən nüfuzlu xarici telekanalların, qəzetlərin əsas xəbər başlıqlarından biri məhz bunların puldan basıb olimpiya oyunlarına lisenziya əldə etmək istəmələri ilə bağlıdır.

Rejim yandaşlarının isə cavabı ənənəvidir: “Bu, Azərbaycanı istəməyən qüvvələrin işidir”.

Bunların bu çürük məntiqi artıq hamını boğaza yığıb. Ətək-ətək pullar töküb alimlər, yazıçılar, politoloqlar, curnalistlər saxlayırlar, amma heç biri həlledici situasiyada bir yaralı barmağa dərman deyil. Heç birinin həlledici situasiyada ağıllı bir əks-arqument, inandırıcı bir təkzib, inkar tapmağa zəkası çatmır. Hamısı yağ içində böyrək kimi bəslənir, Ilham Əliyev bunların “qa” deyəndə çörəyini, “qu” deyəndə suyunu verir, amma indiyədək düşünə-düşünə tapdıqları bircə əks-arqument, bircə təkzib var: “Bu, Azərbaycanı istəməyən qüvvələrin işidir”.

Bu cür axmaq cümləyə görə o boyda alim dəstəsinə, şair-yazıçı, jurnalist, politoloq sürüsünə o qədər maya qoymağa dəyərmi?

Axı “Azərbaycanı istəməyən qüvvələrin işi” nə deməkdir? Heç Azərbaycanı istəməyən qüvvə də bu ölkənin korrupsiya cinayətlərinin üstünü açarmı? Azərbaycanı istəməyən qüvvə niyə Azərbaycanı rüşvətə, talançılığa, insan hüquq və azadlıqlarına qarşı vəhşi münasibətə görə tənqid etsin ki? Azərbaycanı istəməyən qüvvə bu ölkənin korrupsiyadan, məmur harınlığından, hüquqi nihilizmdən azad olmasını niyə istəməlidir ki?

Azərbaycanı istəməyən qüvvələr məntiqlə Azərbaycanda krallığın daha da dibə vurmasında maraqlı olmalı deyillərmi? Ölkədə korrupsiyanın daha da çiçəklənməsində, rüşvətxorluğun daha da qol-qanad açmasında, sümürücülüyün, süründürməçiliyin daha da güclənməsində maraqlı olmalı deyillərmi? Amma Əliyevçi rejim nökərlərinin olmayan ağlınca Azərbaycandakı bir korrupsiya cinayətinin üstünü açmaq Azərbaycanı istəməməkdir. Məntiq hissini itirmiş bu qulbeçələrin fikrincə, vətəndaşı polis idarəsində döyüb öldürmək Azərbaycanı istəyən, buna etiraz etmək, buna görə hakimiyyəti tənqid etmək isə Azərbaycanı istəməyən qüvvələrin işidir. Deməli, Ilham Əliyev xalqın boynunda istədiyi qədər, ömürlük otura, ayaqlarını da aşağı sallaya bilər və bu, Azərbaycanı istəyən qüvvənin işi olar, amma 21-ci əsrdə krallıq qurmaq, monarxiya yaratmaq istədiyinə görə ona güldən ağır söz deyən artıq Azərbaycanı istəməyən qüvvənin işidir.

Deməli, ölkənin bütün sərvətləri bir ailənin əlində cəmləşibsə, bir adamın iradəsi milli iradənin üstündədirsə, ölkənin ordusundan, polisindən, təhlükəsizlik xidmətindən tutmuş məhkəmələrinədək bütün strukturları bir adamın iki dodağının arasından çıxan sözə tabedirsə, tərəqqipərvər bəşəriyyətin min bir zülm, qan, ölüm bahasına əldə etdiyi seçki hüququ təyinatla əvəzlənibsə, bu, Azərbaycanı istəyən qüvvənin işidir, amma Azərbaycandan demokratik, ədalətli seçki, müstəqil məhkəmə, azad söz tələb etmək Azərbaycanı istəməyən qüvvənin işi.

Sizin məntiqinizi sevsinlər, nə deyim başqa?Bu diqqət nə üçündür?

Yazının əvvəlində də dedim, olimpiya oyunlarına rüşvət yolu ilə iki lisenziya məsələsi dünya mediasının manşetlərinə oturub. Bu barədə yazmayan qəzet, danışmayan telekanal yoxdur.

Mən Əliyevlərin bu növbəti beynəlxalq korrupsiya rüsvayçılığının üstünün hansı ehtiyacdan açıldığını bir kənara qoyuram. Lap bunu “Azərbaycanı istəməyən qüvvələrin işi” kimi qələmə verənləri də anlamağa, başa düşməyə çalışıram.Amma dünən rejim təəssübkeşlərindən birinin utanmazca, həyasızca çıxıb “bu məsələni bir belə şişirtməyin mənasını anlamadığını” söyləməsinə laqeyd qalmaq mümkün deyil. Bir halda ki, o və təmsil etdiyi düşərgənin belə bir anlamaq problemi var, o zaman mən anladım: Qərb və Avropa mediasının fakta bu qədər diqqəti, marağı əslində Azərbaycanın bu gün öz tarixində heç vaxt olmadığı qədər diqqət və maraq dairəsində olduğu üçündür. Azərbaycanın demokratiyanın və hüququn bütün dünyaya yayılmasında kilid nöqtələrdən birinə çevrildiyi üçündür.Daha da dəqiq desək, azadlıqlara və ədalətə qovuşma sırasının Azərbaycana çatdığı üçündür.

Gözlər üzərimizdədir, xəbəriniz olsun!