Azərbaycan beynəlxalq birliyin gündəminə gəlir

Ilham Əliyevin Polşa səfəri və ölkəmizə diplomatların səfərlərinin intensivləşməsi bu cür qiymətləndirilir

Fuad Qəhrəmanlı: «Azərbaycanda demokratik dəyişikliklərin həyata keçirilməsi beynəlxalq birliyin diqqət mərkəzindədir»

Dövlət başçısı Ilham Əliyevin “Şərq tərəfdaşlığı” proqramı iştirakçı ölkələrinin dövlət başçılarının görüşünə qatılmasının fonunda Azərbaycana da yüksək çinli diplomatların səfəri intensivləşəcək. Avropa Komissiyasının nümayəndəsinin Bakıya bugünlərdə gerçəkləşən səfərindən bir müddət sonra ABŞ Dövlət Departamentinin təmsilçilərinin, dövlət katibinin müavininin də ölkəmizə gəlişi gözlənilir. Bütün bunların fonunda, əlbəttə, bir müddət sonra reallaşacaq Fransa prezidenti Nikola Sarkozinin səfərini də unutmaq olmaz. Bir sözlə, Azərbaycan və onun problemləri yenidən dünya gündəminə gəlməkdədir.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının fikrincə, Azərbaycana son zamanlar beynəlxalq diqqətin artdığı açıq şəkildə müşahidə olunur. Demokratiya məsələsinin Azərbaycan cəmiyyətinin problemi olmaqdan çıxaraq beynəlxalq müzakirə predmetinə çevrildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, artıq Azərbaycanda insan haqlarının tapdanması beynəlxalq birliyin problemi kimi görsənməkdədir: “Bu kontekstdə “WikiLeaks” saytının Azərbaycan hakimiyyətinin mahiyyətini ifşa edən sənədləri də diqqətdən yayınmamalıdır. Bu onu göstərir ki, artıq Azərbaycanda demokratiyanın taleyi məsələsinə ikili standartlardan yanaşmaq məsələsi arxada qalıb. Prinsipial olaraq Azərbaycanda demokratik dəyişikliklərin həyata keçirilməsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu baxımdan nəzərdə tutulan diplomatik səfərlərin intensivliyinin artması ona işarədir ki, dünyanın aparıcı ölkələri hakimiyyətə mesajlarını verməkdədir”.
F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycana diqqətin artması artıq beynəlxalq təşkilatların hesabatlarındakı çağırışlardan əlavə, beynəlxalq güclərin təzyiqləri formasında da ifadə olunur. F.Qəhrəmanlının fikrincə, bu səfərlərin əsas məqsədi böyük ehtimalla insan haqlarının qorunması və hakimiyyətin beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi olacaq.

Xəyal