Çox əndrabadi vəziyyət yaranıb: BMT-də “Xalqımızın Qarabağ kimi dərdi”ndən bunların sevmədikləri, bəyənmədikləri, Qərb diplomatlarına gecə-gündüz qeybətlərini qırdıqları Türkiyənin baş naziri danışır. Ilham Əliyevin başının isə burada nəyə qarışdığını dünən gördük: onun idmançıları 2 aprel məhbuslarının məhkəməsinə gələn müxalifət liderlərini təhqir etməyə, imkan versələr, hətta döyməyə çalışırdılar.
Açığı, bəzən adam situasiyanı izah etməkdə çətinlik çəkir. Sözlər qarşımızda nə qədər idbar, mutant bir sistemin dayandığını ifadə etməkdə acizdir. Gərək vəziyyətin ağırlığını, çirkinliyini öz gözlərinlə görəsən.
Bax elə bunların dünən məhkəmə önündə Isa Qəmbərin, Əli Kərimlinin üzərinə qısqırtdıqları idmançıları götürək. Nə qədər simvolikdir ki, bu hadisədən bir neçə saat sonra xəbər saytlarında ilginc bir xəbər yayıldı. Xəbərə görə, Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, onlar Azərbaycanın adı hallandığı rüşvət qalmaqalını araşdıracaq. Qalmaqal BBC-nin yaydığı məlumatdan sonra yaranıb.
Xəbərdə deyilirdi ki, Beynəlxalq Boks Assosiasiyası bir Azərbaycan biznesmenindən bir-neçə milyon dollar vəsait alıb. Bu pulun müqabilində BBA London Olimpiadasında Azərbaycan boksçularının 2 qızıl medal almasını təmin etməliymiş.
Şəxsən mən xəbərin doğruluğuna qətiyyən şübhə eləmirəm. Guya bunların idmançılarının əsl gücünü bilmirikmi? Onları başqa necə olimpiya oyunlarına göndərmək olar ki? Ilham Əliyevin idmançılarının gücü ancaq xalqa çatır. Xalqın baş-gözünü yarmağa, xalqın kürəyini yerə vurmağa, xalqı nokauta salmağa, xalqı döyməyə, xalqı əzişdirməyə çatır. Buna görə isə heç kimə olimpiya oyunları üçün lisenziya vermirlər.
Bu rejimin ən çox öyündüyü, düşük təbliğat şouları ilə yerli-yersiz camaatın başına xarab elədiyi mövzulardan biri idmandır. Idman hakimiyyətin ən çox pul yatırdığı sahələrin ilk üçlüyünə daxildir. Birinci yeri Heydər Əliyevin muzey və heykəlləri, ikinci yeri muğam, üçüncü yeri isə idman tutur. Nəticə isə göz önündədir. Bu qədər muzey tikdikləri, heykəl qoyduqları adam hələ də xalqın ürəyindən Rəsulzadə sevgisini silməyə nail ola bilməyib. Muğam indiyədək milyonlarla manatın başını yedi, amma axırda Azərbaycanı Avropaya tanıdan “Eurovizion” mahnımızı isveçrəlilər yazdı.
Idmana ayrılan pullarla bağlı isə onsuz da əvvəldən hər şey aydın idi. Yadınızda olar, bunlar bir dəfə bir ətək pul töküb Dinara Gimatova adlı hansısa rus gimnastı olimpiya oyunlarına apardılar, qızcığaz bütün mayanı batırdı, ayağını qırdı, heç səhnəyə çıxmadı. 3 milyon avroya aldıqları fransız atı isə son olimpiya oyunlarında elə ilk həmlədəcə yıxıldı. Indi isə olimpiya oyunlarına rüşvətlə boksçu aparmaq istədikləri üzə çıxır.
Bütün bunlardan çıxan son nəticə isə bilirsinizmi nədir? Tanrı, tarix və təbiət üçlüyü bütün varlığı ilə bu rejimə qarşıdır. Hara daş atırlar, qayıdıb özlərinə dəyir. Nəyə əl atırlar, üzlərinə-gözlərinə bulaşır. Uğursuzluq alınlarına yazılıb. Illərlə tər və pul töküb miflər yaradırlar, amma hamısı bir günün içində məhv olub, dağılıb gedir. Addımbaşı ifşa. Addımbaşı iflas. Rəzil olmadıqları, rüsvay olmadıqları gün yoxdur.
Elə bir gün yoxdur ki, minbir əziyyətlə qurduqları, xalqla və dünyayla üz-göz olaraq yaratdıqları xanədandan bir daş düşməsin. Xalça altından yeni bir biabırçılığın çıxmadığı bir gün yoxdur. Artıq hər şey, amma hər şey əleyhlərinə işləyir. Gördünüz, “Eurovizion”dakı qələbəyə belə doğru-dürüst sevinə bilmədilər. Başqa vaxt bu qələbənin üzərində babat təbliğat şousu qurmaq, hətta 2013 seçkisinin taleyini də bəri başdan həll etmək mümkün idi. Amma bu dəfə murazları gözlərində qaldı. Haqlarında indiyədək eşitmədikləri tənqidləri eşitdilər, oxumadıqları tənqidləri oxudular. “Eurovizion” qələbəsinə nifrət edəcək hala gəldilər. Müsabiqə qaliblərini düz-əməlli ödülləndirməmələri, əvvəlkilərdən fərqli olaraq onlara bir soyuqluq, ögeylik göstərmələri də buna görədir. Onlara belə qələbə lazım deyildi. Onlar üçün bu qələbə bir məğlubiyyət fenomeninə çevrildi.
Ilham Əliyevə və ətrafına bu üzdən acımaq mümkün deyil. Nəyə sevinəcəklərini, nəyə üzüləcəklərini bilmirlər artıq. Hər an daha dəhşətli, biabırçı ifşa ilə üzləşməyin həyəcanını, əndişəsini yaşayırlar. Əminəm ki, düz-əməlli yuxu da yatmırlar.
Çətin məsələdi, çox çətin məsələdi. Tanrı heç kimin başına gətirməsin… Özünü vicdanlı sayan hər kəsə çağırış
Çox demirəm, təkcə son 5 günün xəbər lentlərini araşdırın. Və ordudan hansısa ölüm xəbəri gəlmədiyi bir günü göstərin mənə!Dünən də “ehtiyatsızlıqdan” bir əsgərin öz komandirini güllələdiyi xəbəri gəldi.Artıq özünü vicdanlı sayan, sinəsində daş yox, ürək olduğunu iddia edən, azacıq ağlı çalışan, azacıq təpəri olan hər kəs bu gedişatın hesabını istəməlidir, istəməyə borcludur. Qarabağ kimi dərdimizdən BMT tribunasından başqa bir ölkənin hökumət rəhbəri danışarkən burda idmançılarını müxalifət liderlərini təhqir etməyə, döyməyə göndərən Ali Baş Komandanı sorğulamalıdır, sorğulamağa borcludur.
Bu məmləkətin insanlarına bu qədər zülm etməyə nə haqqı var bunların? Bu məmləkətin analarını heç nədən gözüyaşlı, atalarını belibükülü qoymağa nə haqqı var bunların? Bu məmləkətin çiçəyi burnunda gənclərini soldurmağa nə haqqı var bunların?
Vicdanı olan hər kəs açıq-açıq cavabını istəməlidir bu sualların: Nə qədər davam edəcək belə? Niyə baş verir bu ölümlər? Nə üçün ölür gənclərimiz, kimin üçün ölür? Bir halda ki, bu məmləkətin insanları arı kimi qırılmağa davam edəcəkdi, sizin 17 ildir haqqında bəlağətli danışdığınız, yerə göyə sığışdırmadığınız “Heydər Əliyevin uğurlu atəşkəs sazişi”nin mənası nədir?
Ürək məsələsi – 2
Dünən baş prokurorun müavini, neçə-neçə qanunsuz həbs sanksiyasının müəllifi, neçə-neçə insanın acı taleyinin səbəbkarı Rüstəm Usubovun infarkt keçirməsi barədə yazmışdım. Yazmışdım ki, bu xəbər mənim üçün bir yenilik oldu – sən demə, Rüstəm müəllimin ürəyi də var imiş.
Elə dünən Baş Prokurorluq bu məlumatı təkzib etdi, belə anlaşıldı ki, Rüstəm müəllim top kimi imiş, sadəcə, yüngülcə rahatsızlanıbmış.
Bu təkzibdən sonra mənə də Rüstəm müəllimin ürəyinin olması barədə yazdığım cümləni təkzib etmək düşür.
Hamınıza uzun ömür, cansağlığı arzulayıram.