Ticarət Mərkəzi rəhbərliyi dükan sahiblərinin etiraz aksiyasına görə qiyməti 1 manat da artırdı
Onlar satıcılara «hər aksiyaya görə qiymətin qaldırılacağı» xəbərdarlığını ediblər
500-dən artıq satıcı sentyabrın 22-də “Sədərək” Ticarət Mərkəzində növbəti dəfə yer haqlarının bahalaşmasına görə etiraz aksiyası keçirib. Qeyd edək ki, bu cür aksiya sentyabrın 18-də olmuşdu. Aksiya zamanı maşınlardan adamların üzərinə su vurulacağı xəbərdarlığı edilib. Bu addım atılmasa da, texnika etirazçıların üstünə sürülüb. Ticarət Mərkəzinin mühafizəçiləri etirazçıları hədələyib.
Qarşıdurmadan sonra “Sədərək”in rəhbəri Yusif Qədimbəylinin Ənvər adlı qardaşı beş nəfərlik nümayəndə heyətini qəbul edib. Danışıqlar zamanı heç bir kompromis əldə olunmayıb. Rəhbərlik şərtlərin dəyişməyəcəyini deyib. Etirazçılara bildirilib ki, aksiyalar təkrarlanacağı təqdirdə onlar daha pis aqibət yaşayacaqlar. Bir həftədir yer haqları bir kvadrat metr sahə üçün 2 manat bahalaşıb. Bazarda dükanlar 40-60 kvadrat metrdir. Bu isə qiymətlərin 80-120 manat arasında qalxması deməkdir.
Dünən məlumat aldıq ki, bazar rəhbərliyi qiymətləri daha bir manat qaldırıb. Bundan sonra dükan işlədənlər hər kvadrat metrə görə 3 manat da əlavə ödəyəcək. “Azadlıq”a danışan dükan sahiblərindən biri deyir ki, yer haqlarının 1 manat da qalxmasının səbəbi aksiya olub: “Bizə xəbərdarlıq oldu. Əgər bir də aksiya keçirsək, qiymət daha bir manat qalxacaq”.
Sahibkar “Sədərək”də vəziyyətin dözülməz olduğunu deyir. Satıcılar yaxın günlərdə hansı addımları atacaqlarını müzakirə edəcəklər.
Ramin DEKO


