İrandan ikinci nüvə obyekti mesajı

Əhmədinejad Buşehrdən sonra növbəti nüvə stansiyasının tikintisiylə bağlı Rusiyayla danışıqlar aparıldığını açıqladı

BMT Baş Assambleyasında sərt çıxışı ilə yadda qalan İran prezidenti Mahmud Əhmədinejad Nyu Yorkda ABŞ mətbuatına açıqlamasında rəhbərlik etdiyi ölkənin ikinci nüvə enerji stansiyasının qurulması məqsədiylə Rusiya ilə danışıqlar apardığını söyləyib. Təşkil etdiyi mətbuat konfransında “bu məsələylə bağlı ruslarla danışıqlar davam edir” söyləyən Əhmədinejad müzakirələrin hələ ümumi səviyyədə olduğunu bildirib. 

Əlavə edək ki, Qərbin nüvə silahı əldə etməkdə günahlandırdığı İrana qarşı uranın zənginləşdirilməsi proqramını beynəlxalq ictimaiyyətin müşahidəsinə açmadığı üşün BMT tərəfindən 4 ayrı sanksiya paketi tətbiq olunur. İranın ilk nüvə enerji stansiyası olan Buşehrin tikintisinə 1970-ci illərdə Almaniya başlasa da, layihə 1990-cı illərdə Rusiyaya verilib. Buşehr stansiyasında ilk dəfə bu ayın əvvəlində elektrik istehsalına başlanıb. 

Xatırladaq ki, Əhmədinejad, BMT Baş Assambleyasında çıxışından öncə verdiyi açıqlamasında Qərbin mənbə təmin etməsi qarşılığında İranın aşağı nisbətdə uran zənginləşdirilməsi işlərini dayandıra biləcəyini bildirmişdi:“Əgər bu həftə ərzində bizə 20 faiz zənginləşdirilmiş uran versinlər, biz də bu həftə ərzində 20 faiz uran zənginləşdirməsini dayandıraq”.

İnformasiya şöbəsi