İqtidarın “neytral təhlükəsizlik siyasəti”

Əli Həsənovun dedikləri absurddu

Nurəddin Məmmədli: «Hakimiyyəti qorxudan odur ki, NATO-ya inteqrasiya prosesində diktaturanın zəifləməsi təhlükəsi yarana bilər»

Bir müddət əvvəl Qoşulmayan Hərəkatına qoşulan Azərbaycanın bu hərəkəti birmənalı qarşılanmadı. Dünən isə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir daha bu məsələyə qayıdaraq Azərbaycanın bu gün NATO-ya can atmadığını, eyni zamanda digər hərbi bloklara üzv olmadığını da xatırladıb. O, Azərbaycanın bölgədə neytral təhlükəsizlik siyasəti yürütdüyünü deyib. Lakin ilk növbədə regiondakı durumu nəzərə almaq lazımdır. Iranla Qərb arasında mövcud olan gərginlik, Türkiyə-Israil münasibətləri Azərbaycanı seçim qarşısında qoya bilər. Eyni zamanda Qarabağ münaqişəsi Azərbaycanı neytral qalmağa imkan vermir. Mürəkkəb bir regionda yerləşən Azərbaycanın neytral təhlükəsizlik siyasəti yürütməsi nə dərəcədə mümkündür?
Politoloq Zərdüşt Əlizadə Azərbaycanın özünü neytral elan edib münaqişələrə qoşulmamasını real sayır. Təbii ki, bu, hər bir ölkənin öz hüququdu. Ancaq bunun üçün ilk növbədə dövləti içəridən dəyişmək lazımdır ki, Azərbaycan hörmətə layiq dövlət olsun. Konstitusiyaya hörmətlə yanaşılsın.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə hakimiyyət ideoloqlarının neytrallıqla bağlı söhbətlərinin yalnız bir izahının olduğunu bildirdi. Bu da Qərbə inteqrasiyadan qaçmaqdır: “Qərbin strateji maraqlarını müdafiə edən NATO hərbi blokdan çox, siyasi blokdu. Bu quruma üzv olan ölkələr müəyyən siyasi standartlara cavab verməlidirlər. Azərbaycan hakimiyyətini qorxudan odur ki, NATO-ya, Qərbə inteqrasiya prosesində diktaturanın zəifləməsi təhlükəsi yarana bilər. Ona görə də müxtəlif bəhanələrlə Qərbə inteqrasiyadan qaçırlar”.
N.Məmmədlinin fikrincə, dünyanı ayrı-ayrı güc mərkəzlərinin idarə etdiyi vaxtda hərbi-siyasi cəhətdən bitərəf qalmaq absurd mövqedir.

Fizzə