Xanlığın savaş, sənət və ticarət tarixi
XVIII əsrdə Azərbaycan ərazisində yaranmış Şəki xanlığı 40-cı illərin sonlarına yaxın güclü bir siyasi qüvvəyə çevrilmişdi. Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi. Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30-40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi. 1768-ci ildə bir-biri ilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780-cı ildə Hüseyn xanın ölümündən sonra hakimiyyət Əbdülqədir xana, 1783-ci ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi.
Nadir şah Nuxa şəhərinə məlik təyin etdiyi Məlik Nəcəfdən Nuxa əyanlarının şikayəti əsasında şah Dərviş Məhəmməd xanın nəslindən olan Hacı Çələbini ora vəkil təyin edir. Bir müddət sonra xalq üsyanından istifadə edən Hacı Çələbi başındakı sadiq adamlarla birlikdə Nadir şahın canişini məlik Nəcəfin iqamətgahına hücum çəkərək onu öldürür. Bunu eşidən Nadir şah Şəkiyə hücum edir, Hacı Çələbi xan “Gələrsən-Görərsən” qalasına çəkilir. Nadir şahın qoşunları bir neçə dəfə qalaya hücum etsələr də, onu ələ keçirə bilmirlər. Şahın əvvəlcə Muğana və sonra da Xorasana getməsi və orada öldürülməsindən sonra “Iran sahibsiz qalıb, Hacı Çələbi xan da qoşun götürüb Irana – Təbrizədək gedib və qarət edib, qayıdıb gəlibdir”.
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq idi. Iqtisadiyyatda ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipəkçiliklə məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, Italiya, Türkiyə və Irana ixrac edilirdi. Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu. Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, Iran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdı.
Böyük bir mədəni inkişaf yolunda
Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük əngəl törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfin mənafelərini təmin edən “Dəsrur ül-amal” (“Qanunlar məcmuəsi”) hazırlanmışdı. Iltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi. Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları – dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdi. Nuxa şəhərinin əhalisi isə əsasən ticarətlə məşğul olurdu.
Şəki xanlığı əhalisinin az qala yarısı Nuxa şəhəri və Şəki mahalında yaşamışdı və yerdə qalan hər bir mahalın əhalisinin sayı Şəki mahalının əhalisinin sayı ilə müqayisədə dəfələrlə az idi. Nəzərə alınmalıdır ki, hələ 15-ci əsrdə, Şirvanşahlar dövlətinin vaxtında, həmin 7 mahalın ərazisi Şəki – Şirvan arasında mübahisəli ərazilər idi və nəhayət, Hacı Çələbi xan tərəfindən Ərəş və Qəbələ sultanlıqlarının Şəki xanlığına birləşdirilməsi nəticəsində bu ərazilər Şəki xanlığının oldu.Nuxa şəhəri xanlığın inzibati mərkəzi idi. Nuxa şəhərində feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər – Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırdılar. Şəki şairləri arasında şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsini tərənnüm edən Nəbi önəmli yer tuturdu. Tətbiqi incəsənət və memarlıq yüksək səviyyəyə çatmışdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrdə Azərbaycanın qiymətli memarlıq abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdinin tikdiyi Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətini saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri – Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradıcılığına dair fikir yürütmək mümkündür.
Xanlığın öz pulu vardı
Ismayıl xanın dövründə Şəki xanlığında pul islahatı keçirilmişdi. Lakin 1819-cu ilə aid sənəddən məlum olur ki, dövriyyədə əsasən Məhəmmədhəsən xanın pulları olub.Lakin 1819-cu ilə aid sənəddən görünür ki, Şəki xanlığında maliyyə hesabları gümüş çuluqla yox, mis qəpiklə və bu qəpiklərin 100 misli olan şərti manatla aparılırdı. Məsələn, 320 qəpiyi, 3 manat 20 qəpik kimi yazırdılar. Bundan başqa, xanlığın əhalisi həm də xanın xəzinəsinə çervonla töycü ödəyirdi.1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi. Lakin bir il sonra Qarabağ xanı Ibrahimxəlil xan öz ailəsi, o cümlədən Şəki xanı Səlim xanın bacısı olan həyat yoldaşı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi. 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi.Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra sonra, 1824-cü ildə onun ərazisində, yəni Şəki əyalətində əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Siyahıyaalma zamanı Vartaşen kəndində yaşayan provoslav udinlər, gürcü kimi, orada və başqa kəndlərdə yaşayan qriqoryan məzhəbli udinlər isə erməni kimi qeydə alınıb. O cümlədən, Qutqaşın mahalının Sultan Nuxa kəndinin nə erməni və nə də udin dilini bilməyən, ana dilləri Azərbaycan türkcəsi olan qriqoryan məzhəbli xristian əhalisi də erməni kimi qeydə alınıb. Yəhudilərin yaşadığı yeganə kənd isə yenə Vartaşen kəndi idi. Ləzgilər də siyahıyaalmada “tatar” kimi qeydə alınıb, amma 3-4 kəndin ləzgi kəndi olması və hətta onların neçənci ildə Dağıstandan, yaxud Qubadan həmin yerə kim tərəfindən köçürülməsi də göstərilmişdir. Ermənilər isə 2 kateqoriyaya ayrılırdı: yerli ermənilər və Xoy erməniləri. Məsələn, Cəfərabad kəndində yalnız Xoy ermənilərinin 100 ailəsi məskunlaşmışdı, onlar Cəfərqulu xanla birlikdə Xoydan gəlmişdilər. Nuxa şəhərində isə Xoy ermənilərinin 65 ailəsi yaşayırdı.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir