Bir günlük polisin mitinq sərgüzəştləri
Ictimai Palatanın bu il aprelin 2-də keçirdiyi mitinqlə əlaqədar həbs olunan gənc fəalların – Ülvi Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin mühakiməsi Nəsimi Rayon Məhkəməsində dünən davam etdirildi.
Dövlət vəkilindən imtina
Məhkəmə iclasının əvvəlində hakim Şahin Abdullayev məlumat verdi ki, Rüfət Hacıbəylinin dövlət hesabına təyin edilmiş vəkili Telman Qasımova cinayət işinin materiallarıyla tanış olmaq üçün vaxt verilmişdi. Odur ki, hakim vəkildən materiallarla tanış olub-olmadığını soruşdu. Telman Qasımovun cavabı müsbət oldu. Bununla belə, Rüfət Hacıbəyli dövlət tərəfindən təyin edilmiş bu vəkildən imtina etdi və bu barədə yazılı müraciətini məhkəməyə təqdim etdi. Gənc fəal bildirdi ki, əvvəlki vəkili Elçin Namazov prosesdə iştirak etməsə, özü hüquqlarını müdafiə edəcək.
Xatırladaq ki, məhz bu məhkəmə prosesindəki kəskin çıxışlarıyla əlaqədar Şahin Abdullayevin təqdimatıyla Elçin Namazovun vəkillik fəaliyyətinə bir illik xitam verilib. Bu səbəbdən də o, Əhəd Məmmədlinin müdafiəsindən uzaqlaşdırılıb və gənc fəala dövlət hesabına yeni vəkil təyin olunub.
Amma hakim Əhəd Məmmədlinin yeni vəkildən imtina ilə bağlı müraciətini qəbul etmədi.
Pis vəziyyətdə qalan şahid polis
Daha sonra məhkəmə iclasında şahid qismində Nəsimi Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Sevindik Dadaşov ifadə verdi. O bildirdi ki, aksiya ilə bağlı təlimatı polis idarəsində alıblar, bundan sonra təyin olunmuş ərazilərə yollanıblar. Onun sözlərinə görə, təxminən saat 11 radələrində təxminən 60 nəfər qışqıra-qışqıra onların dayandığı əraziyə doğru gəliblər. Həmin şəxslər “Azadlıq!”, “Istefa!” şüarları səsləndiriblər. Polis deyir ki, onlardan biri daha çox fəallıq göstərirdi:
– Biz Nəsiminin heykəlinin yanında dayanmışdıq. Həmin fəallıq göstərən şəxsin əlində nə isə vardı. Onu aptekin şüşəsinə vurdu. Bizim yanımızda olan Namus Atakişiyev həmin şəxsin arxasınca qaçmağımızı istədi. Biz qaçsaq da, onu tuta bilmədik. Qayıdanda aptekin şüşəsinin sındığını gördük.
Şahid polis daha sonra prokuror Aydın Əliyevin suallarını cavablandırdı:
– Aksiya iştirakçılarının əllərində dəmir parçası, daş vardı?
– Yox idi.
Polis şahid daha sonra Ülvü Quliyevin vəkili Osman Kazımovun sullarını cavablandırdı:
– Aksiya zamanı tutulan adamlara özünüzü təqdim edirdiniz?
– Bəli.
– Necə təqdim edirdiz?
– Polis olduğumuzu deyirdik və onları sakitləşdirməyə çalışırdıq.
– Vəsiqə təqdim edirdiniz?
– Yox.
– Saxladığınız şəxslərlə bağlı raport yazmısınız?
– Mən yazmamışam.
– Niyə yazmamısan?
– Bu, mənim vəzifəm deyil.
– Bəs kimin vəzifəsidir?
– Namus Atakişiyev yazmalıydı.
Şahid polis gənc fəal Elnur Məcidlinin vəkili Xalid Bağırovun da suallarını cavablandırdı:
– Ifadənizdə dediniz ki, 50-60 nəfər gəlirdilər. Onlardan bir nəfər fəal idi. Həmin şəxsi tanıyırsınız?
– Tanıyıram.
– Göstərə bilərsiniz?
– Böyrünüzdə oturub.
– Aksiya iştirakçıları arasında fəallıq göstərən şəxs nə edirdi?
– Sahil bağı tərəfdən səki ilə gəlirdi. Nəsiminin heykəlinin yanına çatanda Nizami küçəsinə doğru hərəkət etdi. Onun əlində nəsə vardı, aptekə tərəf atdı. Arxasınca qaçsaq da, tuta bilmədik.
– Həmin ərazidən nə vaxta qaçdı?
– Deyə bilmərəm.
– Təxminən izah edin?
– 2-3 saniyə olar.
– Həmin vaxt ərzində maşınların hərəkətinə maneə yaratdı?
– Bəli, tıxac yarandı.
– Bununla bağlı istintaqa nə vaxt məlumat vermisiniz?
– Xatırlamıram.
– Sizinlə tanınma həyata keçirilib?
– Əvvəlcə mənə şəkil təqdim edildi. Hətta videoda da baxdım. Belə olan halda, üzləşmə zamanı tanımaq daha asan oldu. Şəkildə baxandan sonra tanınma həyata keçirildi. 5-6 nəfərin arasından mitinq zamanı fəallıq göstərəni tanıdım.
– Siz ilk dəfə idi ki, tanınmada iştirak edirdiniz?
– Bəli.
– Videogörüntülərə nə qədər müddətə baxdınız?
– Yarım saata.
– Axıra kimi baxdınız?
– Bu müddətdə lazım olan yerlərə baxdıq.
– Neçə epizod idi?
– Iki epizod idi.
– Tanınma saat 17.20-də başlayıb 23.25-də başa çatıb. Bu da 6 saat edir. Necə olur ki, siz yarım saat deyirsiz?
– Bir gün də çəkə bilər.
– Bu şahidin ifadəsində ziddiyyət var. Çünki 6 saatlıq tanınma keçirilibsə, yarım saat ərzində videogörüntülərə baxa bilməzdi. Digər tərəfdən, iki yox, bir epizod olub. Sizin istintaqdan xəbəriniz olmayıb. Baxış keçirilib, sadəcə, siz imzalamısınız.
– Bu, sizin fikrinizdir.
– Həmin vaxt Elnur Məcidlinin əlamətləri necə idi?
– Əyinində qara “kurtka”, cins şalvar vardı.
– Onu necə tanıdınız?
– Sifət cizgilərindən.
– Istintaq zamanı o, eyni formada olmayıb. Onda necə bildiniz ki, bu şəxsdir?
– Boyun nahiyəsindən tanıdım.
– Aksiya zamanı aptek fəaliyyət göstərirdi?
– Bəli.
– Şəkillərdən də görünür ki, aptekin şüşəsinə yazılıb ki, tezliklə açılacaq…
– Ustalar işləyirdi.
Şahidin ifadəsi bitdikdən sonra X.Bağırov hakimin diqqətinə çatdırdı ki, həmin vaxt aptek fəaliyyət göstərməyib və aptekin fəaliyyətinə mane olmaq mümkün deyildi.
Bundan başqa, vəkil şahidin istintaqa verdiyi ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırdı. O bildirdi ki, şahidə Elnur Məcidlinin fotoşəkilləri əvvəlcədən göstərilməklə tanınma həyata keçirilib. Bu isə həmin sübutun kobud qanun pozuntularıyla əldə olunması deməkdir. Bu səbəbdən vəkil 13 aprel tarixində keçirilən tanınma protokolunun sübutlar siyahısından çıxarılmasını istədi.
Amma hakim bildirdi ki, həmin sübuta məhkəmə yekun qərarında qiymət verəcək.
Polisin “götürmə” qrupu
Bundan sonra Müqabil Məmmədov adlı başqa bir polis də ifadə verdi. O bildirdi ki, Nicat Seyidov, Elmir Tağıyev, Rahim Həsənəliyevlə birlikdə xidmətdə olublar. Onun sözlərinə görə, aksiya zamanı sonradan tanıdığı Ülvü Quliyevi aktivlik göstərdiyi üçün saxlayıblar. Sualları cavablandıran şahid bildirdi ki, Ü.Quliyev Nicat Seyidovun əlindən çıxmağa çalışarkən dirsəyi ona dəyib.
Ülvünün vəkili Osman Kazımov şahidə suallar verdi:
– Aksiya zaman saxlanılan şəxslərə özünüzü təqdim edirdiniz?
– Bəli.
– Necə təqdim edirdiz?
– Deyirdik ki, sakit olun.
– Vəsiqə göstərirdiniz?
– Xeyr.
– Niyə göstərmirdiniz?
– Əynimizdə polis paltarı vardı, polis maşınında olmağımız buna sübutdur.
– Bu, sübut deyil. Hacı Məmmədovun çeçenlərdən olan dəstəsinin üzvləri Bakıda silahlı cinayətləri polis maşınlarıyla törədiblər. Çeçenlər DIN-in polis mayoru formasında gəziblər. Onlarla hökmlər var ki, polis formasında qətl hadisələri törədilib. Niyə görə saxlanılan şəxslərə vəsiqənizi göstərməmisiniz?
Şahid vəkilin sualına cavab verə bilmədi. Daha sonra digər polis əməkdaşları Elmir Tağıyev, Rahim Həsənəliyev və Israil Tağıyev ifadə verdilər. Israil Tağıyev bildirdi ki, Nəsimi rayon Polis Idarəsinin rəisi Məmməd Mikayılovun təlimatından sonra aksiya günü xidməti ərazilərə çıxıblar. Polis əməkdaşları onu da bildirdilər ki, aksiya günü bir neçə qrupda olublar. Onların sözlərinə görə, “götürmə” və digər qruplar olub. Vəkillərin suallarına cavab olaraq şahidlər dedilər ki, “götürmə” qrupu aksiya zamanı fəallıq göstərən şəxsləri izləyib tuturdu, onların bundan başqa vəzifələri olmayıb.
Bölük komandiri suallardan yayındı
Daha sonra məhkəmədə Nəsimi RPI-nin Post-Patrul Xidmətinin bölük komandiri Əkbər Hacıyev ifadə verdi. O, Bakı şəhər Baş Polis Idarəsinin rəhbər şəxslərinin təlimatıyla ərazi üzrə aksiyanın qarşısının alınmasında iştirak etdiyini bildirdi. Vəkillər bundan əvvəl ifadə verən polis əməkdaşlarının aksiya zamanı bir neçə qruplarda fəaliyyət göstərmələri, hətta “götürmə” qrupunun da olmasıyla bağlı ifadələri əsasında bölük komandirinə suallar verdilər. Lakin o, sualları cavablandırmaqdan yayındı.
Çevik Polis Alayının əməkdaşları Xalid Mehdiyev, Nicat Ibrahimli, Ilqar Məmmədov da ifadə verdilər. Onlar ifadələrində qeyd etdilər ki, aksiyanın keçirildiyi ərazidə yollarda tixac olmayıb. Polislərin sözlərinə görə, Bülbül prospekti və digər küçələrdəki yollarda maşınla sərbəst hərəkət ediblər.
Bundan başqa, məhkəmədə ifadə verən polis əməkdaşı Xətai Mehdizadə bildirdi ki, aprelin 1-də Çevik Polis Alayına qəbul edilib. Onun sözlərinə görə, bir gün əvvəl polisə qəbul edilsə də, ertəsi gün aksiyanın dağıdılmasında iştiraka cəlb edilib. Onun sözlərinə görə, aksiya zamanı yollarda tıxac yaranmayıb. Şahid hadisə ilə bağlı suallara cavab verə bilmədi.
Məhkəmə iclası sentyabrın 27-də davam etdiriləcək.
Aytən