Müxalifət liderləri hakimə və hakimiyyətə meydan oxudu (FOTOLAR)

Əli Kərimli və İsa Qəmbər vicdan məhbuslarının dərhal azad olunmasını tələb etdilər

37-ci il repressiyasında üzəduranın oğlu bu məhkəmədə də «iş» verib…

Ictimai Palatanın (IP) 2 aprel mitinqilə əlaqədar həbs olunan Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının işi üzrə məhkəmə prosesi dünən Səbail rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyilə davam etdirildi. Dünənki məhkəmə iclasında müdafiə tərəfinin şahidləri dindirildi.

“Mən Isa Qəmbər, məsuliyyətə cəlb olunmağa hazıram!”

Məhkəmə iclasında ilk ifadə verən isə Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər  oldu. O, əvvəlcə Ictimai Palatanın yaranma zərurətini açıqladı. Dedi ki, buna səbəb parlament seçkilərinin total şəkildə saxtalaşdırılması olub. Ictimai Palatanın təsis protokolunun, qəbul etdiyi sənədlərin yerli və beynəlxalq qanunvericiliyə uyğun olduğunu vurğulayan başqan IP-nin “2 aprel”lə bağlı qərarında heç bir hüquqazidd məqam olmadığını söylədi. Isa Qəmbər qərarın IP sessiyasında səsvermə yolu ilə qəbul olunduğunu qeyd edərək, aksiyanın məsuliyyətinin 4 nəfərin (təqsirləndirilən şəxslər nəzərdə tutulur) üzərinə qoyulmasını absurd adlandırdı:
– Əgər istintaq bu aksiyanın məsuliyyətini fərdlərin üzərinə qoymaqda maraqlıdırsa, buyursunlar, mən Isa Qəmbər, bu məsələdə cavabdeh olmağa hazıram.

“Biz tam dinc aksiyanın tərəfdarı olmuşuq”

2 aprel aksiyası barədə danışarkən I.Qəmbər dedi ki, həmin gün nəinki təqsirləndirilən şəxslər, ümumiyyətlə, IP-in çağırışına cavab verib küçələrə çıxan insanların heç biri zorakılıq etməyib, cinayət törətməyib. Başqan bildirdi ki, onlarda olan yüzlərlə fotoların heç birində, “2 aprel” işi üzrə istintaq materiallarında IP tərəfdarlarının polisə və əhalinin obyektlərinə zərər yetirmələrini sübut edən fakt yoxdur. I.Qəmbərin sözlərinə görə, belə faktların olmaması təbiidir. Çünki IP-in ilk gündən məqsəd-məramı dinc, zorakılıqdan uzaq aksiya olub, tərəfdarlar bütün toplantılarda, KIV vasitəsilə bu yöndə maarifləndirilib:
– Ictimai Palatanın 2 apreldən əvvəl mətbuatda dərc olunan mitinq qətnaməsində, eləcə də burada oturan dostlarımızın hər birinin çıxışında aksiyanın tamamilə dinc olacağı dəfələrlə vurğulanıb.

Hakimiyyət də saxtadır, cinayət işi də…

2 aprel mitinqində bəzi obyektlərə vurulan ziyanı isə başqan hakimiyyətin öz əməli kimi qiymətləndirdi. O dedi ki, aksiyadan əvvəl müxtəlif şəraitdə əzilən avtomobilləri 2 apreldə əzilmiş kimi qələmə verməklə hakimiyyət həm müxalifətə qarşı qarayaxma edir, həm də təmir adı altında öz korrupsioner maraqlarını reallaşdırır. Müstəqil medianın aksiya zamanı təxribat törədən şəxsləri ifşa etməsinə diqqət çəkən Isa Qəmbər bildirdi ki, istintaq qəsdən bu şəxslərin müəyyən edilməsi istiqamətində hərəkətsizlik nümayiş etdirib. Isa Qəmbər hakimiyyətin özü və kadrları kimi, istintaqın üzəduranlarını, şahidlərini də “saxtakar” adlandıranda hakim ona siyasi çıxışlar etməmək barədə xəbərdarlıq etdi.
Lakin I.Qəmbər bu xəbərdarlığı yersiz saydı:
– Siz uydurma ittihamlarla mənim dostlarımı ittiham edəcəksiniz və mən susacağam? Bu, məntiqsizlik olardı…

Ilham Əliyevi bağışlamayacağam!

Sonda başqan cinayət işinin siyasi sifariş əsasında hazırlanan uydurma olduğunu bir daha vurğulayaraq, biabırçı məhkəmə şousuna son qoymağa və ləngimədən vicdan məhbuslarını azad etməyə çağırış etdi:
– Bu biabırçı iş Azərbaycan tarixinə qara ləkə kimi yazılıb. O ləkəni isə heç kim, heç vaxt silə bilməyəcək.
2 aprel aksiyası ilə bağlı dövlət ittihamçısı Ceyhun Kazımovun əksər suallarını məntiqsız, gülməli kimi dəyərləndirən I.Qəmbər sonda məhkəməyə xəbərdarlıq da etdi:
– Qarşıdan Azərbaycanın müstəqilliyinin ildönümü və Müsavat partiyasının yüz illiyi gəlir. Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və azadlığı üçün çarpışan bu insanlar evlərində olmayacaqsa, biləsiniz, buna görə nə sizi, nə də Ilham Əliyevi bağışlamayacağam!

“2 aprel”in səbəbini saxta seçkidə axtarmaq lazımdır

Ifadə verən növbəti şahid isə Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli oldu. AXCP sədri də IP-in yaranma şərtlərindən və bu qurumun məqsədlərindən danışdı. O bildirdi ki, IP-in yaranması şərtlərinin, bu gün keçirilən bu məhkəmə prosesinin də kökündə bir məqam dayanır: 2010-cu il parlament seçkilərinin total şəkildə saxtalaşdırılması. Saxtakarlığa etiraz olaraq siyasi partiyaların, ictimai xadimlərin, QHT-lərin iştirakıyla IP-ni təsis etdiklərini xatırladan Ə.Kərimli əsas tələblərinin növbədənkənar parlament seçkilərinin keçirilməsi, köklü islahatlara başlanılması, korrupsiya ilə real mübarizə, Qarabağ probleminin həlli və s. olduğunu məhkəmənin nəzərinə çatdırdı. Ə.Kərimlinin sözlərinə görə, sadalanan məsələləri IP dəfələrlə hakimiyyət qarşısında tələblər, təkliflər formasında qaldırsa da, qarşı tərəf buna əhəmiyyət verməyib. Belə olan halda, IP öz tələblərini kütləvi aksiyalar vasitəsilə səsləndirmək barədə martda qərar verib.
AXCP sədri bildirdi ki, onlar bütün çıxış və qərarlarında keçiriləcək aksiyanın dinc, qeyri-zorakı olduğunu vurğulasalar da, hakimiyyət əks dəst-xətt seçib və aksiyanı müxalifətin əleyhinə repressiya kimi planlaşdırıb:
– Biz bəyan etmişdik ki, hətta polis zorakılığı olsa belə, ona adekvat reaksiya verilməyəcək. Aksiyada bizim bu bəyanatımıza əməl olundu. Lakin hakimiyyət öncədən dinc və konstitusion tələblərə uyğun keçiriləcək aksiyanı sabitliyə qarşı əməl kimi təbliğ edərək, ölkədə süni ajiotaj və qarşıdurma yaratmağa başladı.

2 apreldə baş vermiş cinayətlər

2 aprel aksiyasını müxtəlif internet resursları, foto və videolar, eləcə də birbaşa aksiya iştirakçıları vasitəsilə tam araşdırdığını deyən Ə.Kərimli həmin gün tərəfdarlarının heç bir qanun pozuntusuna yol vermədiyini əminliklə bəyan etdi:
– Amma müşahidələrimlə 2 apreldə bir sıra qanun pozuntuları aşkarlamışam. Istəyirəm ki, şahid kimi onları məhkəmənin nəzərinə çatdırım.
Ə.Kərimli 5 ciddi cinayət faktını sadaladı. Bunlar polisin öz səlahiyyət həddini aşaraq dinc və müqavimət göstərməyən insanlara qarşı zorakılığı, saxlanılan şəxslərə qarşı işgəncələr, qapalı məkana – aksiyaçılarla dolu avtobusa polisin qaz sıxması, vətəndaşların ticarət obyektlərinə ziyan vuran təxribatçıların istintaqdan yayınması və s. idi.

Ibrət çağırışı

Avropa Insan Haqları Məhkəməsinin bugünlərdə açıqladığı statistikanı məhkəmənin nəzərinə çatdıran Ə.Kərimli bildirdi ki, bu göstəricilərə görə, Azərbaycandan göndərilən şikayətlərin 90 faizi əsaslı olduğundan təmin edilir. Əli Kərimli hakimə tövsiyə etdi ki, bu rəqəmin daha da böyüməməsi üçün ədalətli qərar verilməli və təqsirləndirilən şəxslər azadlığa buraxılmalıdır.
Bundan sonra AXCP sədri vicdan məhbuslarının hər biri haqqında xarakteristika verərək, onları cəmiyyətin ən parlaq şəxsiyyətləri, azadlıq və demokratiya uğrunda fədakar mübarizə insanları adlandırdı. Partiya sədri bu şəxslərin heç vaxt ictimai təhlükəli əməl törətmədiyini və törətməyəcyinə inamını ifadə etdi:
– Bu insanlar heç bir cinayət törətməyiblər. Onlar elə şəxsiyyətlərdəndir ki, bəraətə ehtiyacları yoxdur. Tarix bu insanların bəraətini yox, mükafatını verəcək.

AXCP sədri 2 aprelin bir sirrini açır

Istintaqın absurd cəhətlərini tənqid edən AXCP sədri dedi ki, Cinayət Məcəlləsində “Azadlıq!”, “Istefa!” şüarlarına görə məsuliyyət nəzərdə tutulubsa, özü başda olmaqla, Ictimai Palatanın Koordinasiya Şurasının bütün üzvləri bu məsuliyyəti üzərlərinə götürməyə hazırdılar.
Prokurorun “Sizə aksiyanı keçirməməklə bağlı xəbərdar etmişdilərmi?” sualının cavabında AXCP lideri maraqlı bir faktı açıqladı. O bildirdi ki, aprelin 1-də onu qəbul edən Bakı şəhər Baş Polis Idarəsinin rəisi və şəhər prokuroru xəbərdarlığı təqdim ediblər. Lakin o, bu xəbərdarlığı qanunsuz hesab etdiyindən nə onunla tanış olub, nə də imzalayıb.
Unutmayın…
“2 aprel”çilərin barəsindəki cinayət işini sifariş, keçirilən məhkəməni də siyasi proses adlandıran Əli Kərimli sonda dövlət ittihamçısına da öz sözünü dedi:
– Unutmayın ki, siz bu iclasda prokurorsunuz, zamanın prokuroru isə ayrıdır.

Polis vəhşiliyinə şahidlik

Şahid qismində dindirilən Ictimai Palatanın üzvləri Tofiq Yaqublu və Mustafa Hacıbəyli təqsirləndirilən şəxslərdən Arif Hacılı və Tural Abbaslı saxlanılarkən gördüklərini danışdılar. Hər iki şahid bildirdi ki, əslində, 2 aprel günü saat 11-dən polis vətəndaşların istirahətini və nəqliyyatın normal fəaliyyətini pozub. Şahidlər dedi ki, polis aksiyanın qarşısını almaq üçün ancaq zordan istifadə edib; aksiyaçılara dağılışmaqla bağlı heç bir xəbərdarlıq etmədən, onlara qarşı zorakılıq işlədilib və həbslər həyata keçirilib.
Şahidlər bildirdi ki, Arif Hacılı və Tural Abbaslı mitinq keçirilən yerin əks istiqamətində hərəkət edərkən (onlar belə trayektoriya seçməyi polislə qarşıdurmadan qaçmaq kimi izah etdilər) mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu zaman hər iki şəxsə qarşı vəhşicəsinə zorakılıq edilib. Hakim “vəhşicəsinə zorakılıq nədir?” deyə T.Yaqubluya sual verəndə o bildirdi ki, insana qarşı istənilən zor vəhşilikdir, zorakılığın heç bir mədəni formasını tanımır.
Ictimai Palatanın katibi Gülağa Aslanlı isə qurumun strukturları və qəbul edilən qərarlarla bağlı ifadə verdi. O, ifadəsində “2 aprel”ə görə təqsirləndirilən şəxslərin hər hansı təşkilati komitədə birləşmədiyini, bu insanların göstərişilə hər hansı qanunsuz əməlin planlaşdırılması və ya bu yöndə çıxışlara şahid olmadığını dedi.

Polisin himayəsilə təxribat

Məhkəmə zalından kənarda baş verən bir insident prosesin gedişatını pozdu. Insidenti isə Isa Qəmbər məhkəmə zalını tərk etdikdən sonra dəhlizdə müsahibə verdiyi zaman idmançı görkəmli şəxslər yaradırdı. Onlar əvvəlcə bir-birilə nalayiq ifadələr işlətməklə söhbətləşdilər. I.Qəmbər ərazini tərk edəndən sonra isə onlar daha da aqressivləşərək zala daxil olmaq istəyənlərə qarşı nalayiq ifadələr səsləndirdilər.

Təxribatçılar. Onlardan birni (yuxarıdan birinci şəkildə) 8 polis bölməsinin rəisi Yaşar Həsənov (sağda) “müşaiyət” edir

Zala daxil olmaq istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Məmmədəliyev isə polis zorakılığıyla üzləşdi. Məhkəmənin qarşısındakı idmançılar jurnalistlər və prosesi izləmək üçün gəlmiş insanlarla kobud rəftar edirdilər. Bütün bunlar polislərin gözü qarşısında baş verirdi. Məhkəmə binasının qarşısında olan polislərin rəisinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmədi. Bundan sonra jurnalistlər məcburiyyət qarşısında üzləşdikləri rəftarla bağlı Daxili Işlər Nazirliyinin mətbuat xidmətinə xəbər verdilər.
Müşahidəçilər bildirirlər ki, idmançıların məhkəmə qarşısında səfərbər olunması müxalifət liderlərinin məhkəməyə gəlişilə bağlıdır. Məqsəd onların ağzıyla liderləri təhqir etmək olub.
Vəkillər bu hadisəni şahidlərə təzyiq kimi qiymətləndirdiklərini hakimin diqqətinə çatdırdılar. Hakim isə öz növbəsində məhkəmənin təhlükəsizliyini təmin edən zabiti çağıraraq, çöldə sakitlik yaratmaq barədə tapşırıq verdi.

Şüşəsındıran barədə…

IP üzvlərinin ifadəsindən sonra 2 apreldə şüşəsındıranın videosunu çəkən müsavatçı fəal Elçin Cərullayevin lentə aldığı kadrlar nümayiş etdirildi. Sonra onun ifadəsi dinlənildi. Videoda idmançı görkəmli bir şəxsin qaçdığı, Elçinin isə ondan “şüşəni niyə qırdın?” deyə soruşduğu əks olmuşdu.
Şahid çəkdiyi kadrı ətraflı izah etdi. Dedi ki, həmin gün bir neçə şəxs mağazaların şüşələrini qırıb. Onların bu hərəkəti aksiya iştirakçılarında hiddət və qınaq yaratdıqda onlar qaçmağa başlayıb. Polis həmin şəxslərin birini tutsa da, sonra buraxıb.

Məhəmməd Məcidlinin həbsi

Sonda Vüsal Bayramov adlı şahid ifadə verdi. O, Məhəmməd Məcidli saxlanılarkən üzləşdiyi polis zorakılığından danışdı. Qeyd etdi ki, polislər Məhəmməd Məcidliyə heç aksiyada iştirak etməyə, şüar qışqırmağa imkan vermədən onu həbs edib. Şahid onu da təsdiqlədi ki, polis Məcidlinin salındığı avtobusa qaz sıxıb.

Hamını şoka salan fakt

Şahidin ifadəsindən sonra Məhəmməd Məcidli onun barəsində xasiyyətnamə verən Cəbrayıl Rayon Icra Hakimiyyəti başçısının Böyük Mərcanlı kənd ərazi vahidi üzrə nümayəndəsi Fəxrəddin Abbasqulu oğlu Niftəliyevin məhkəmədən yayınmasının səbəbləri barədə fikirlərini açıqladı. Məlum oldu ki, hazırda həbsdə olan vicdan məhbuslarından yalnız onun barəsində şəxsiyyətini səciyyələndirən mənfi xasiyyətnamə verilib. M.Məcidli bunun səbəbini F.Niftəliyevin nəsil ənənəsilə əlaqələndirdi. O, akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabına istinad edərək, nəşrin 237-ci səhifəsində Fəxrəddinin atası, 37-ci ildə babası da daxil olmaqla 3 nəfər Böyük Mərcanlı kənd sakininin üzünə durmaqla onların güllələnməsinə baiskar olduğunu açıqladı (bu barədə qəzetimizin sabahkı sayında daha ətraflı məlumat verəcəyik).
M.Məcidlinin ifadəsindən sonra hakim məhkəmə istintaqının başa çatdığını elan etdi. Proses sentyabrın 26-da prokurorun çıxışı ilə davam etdiriləcək.

Müxalifət fəalları və tərəfdarlarının yürüşü


***

Məhkəmənin sonunda məhkəmənin qarşısında “Azadlıq!”, “Istefa!” şüarlarıyla aksiya keçirildi. Vicdan məhbusları bu şüarlar altında məhbus maşınına mindirilərək ərazidən uzaqlaşdırıldı.

Natiq Güləhmədoğlu