Haqqın vəkili olmaq

«Nazir olmaqdansa, haqlı olmağı üstün tutardım (Henri Kley)

Belə məşhur bir hekayə var. Biri hər kəsin içində 3-4 nəfəri öldürür, həbs olunur. Məhkəməyə çıxarılan bu adam vəkil tələb etdikdə, hakim soruşur: “Oğlum, silah ortada, şahidlər var, günahını da etiraf etdin. Vəkil nə deyəcək ki?..”. Müttəhim: “Elə məni maraqlandıran da odur, möhtərəm hakim…” – deyə cavab verir…

Bu hekayəni xatırladığım zaman bir də yadıma altı il əvvəl Bakıda baş vermiş dəhşətli qətl hadisəsi düşdü. Məşhur futbolçu Səməd Qurbanovun qızını və nəvəsini qətlə yetirən qatilin müdafiəçisi olaraq məhkəməyə çıxan vəkil axşam evində ürək tutmasından vəfat etmişdi… O vaxtdan bəri ağlımda ilişib qalan bu müəmmanın həqiqi cavabını bəlkə də, dünyasını dəyişən mərhumun özündən başqa kimsə bilmirdi və heç vaxt bilməyəcək… Mərhum vəkil adına insan deyilən məxluqun belə bir qəddarlıq edəcəyinə inanmadığı üçünmü onun müdafiəsinə razılıq vermişdi, yoxsa?..

Bəli, vəkillik elə bir peşədir ki, ona hamının işi düşə bilər. Xüsusi olaraq, indiki zamanda. Xüsusi olaraq, ədalət və qanun prinsiplərinin bütün cizgiləri pozulmuş, hüquqsuzluq cəmiyyətin iliyinə qədər işləmiş bir yerdə. Elə bir yerdə ki, vəkilin öhdəsinə heç bir hüquq adamının öhdəsinə düşməyəcək dərəcədə böyük yük düşür. Belə bir yerdə vəkilin işi artıq bir hüquq prosedurundan ədalət savaşına, haqq mücadiləsi müstəvisinə keçir. Amma bəziləri də haqlı olaraq düşünə bilər ki, bu yerdə vəkillik işinə ehtiyac belə yox. Bütün planlar bəlli yerdə qurulub, bəlli yerdən idarə olunursa, vəkil nə edəcək ki? Bəlkə buna görə uzun illərdir Azərbaycanda kimsə vəkilliklə bağlı xüsusi hadisəyə çevrilən bir işi xatırlamaz. Təbii ki, bu, qətiyyən bizdə yaxşı vəkillərin olmadığı anlamına gəlmir…  

Bunun bir həqiqət olduğunu 2 aprel məhbuslarının işi ilə bağlı məhkəmə proseslərinin gedişi də açıq ortaya qoydu. Məncə, bu məhkəmələri tarix üçün xüsusi hadisəyə çevirən əsas qəhrəmanlar sırasında haqsız ittiham olunan siyasi fəallarla bərabər, onların vəkilləri də yer almış oldular. Elə bu prosesi bizim üçün unudulmaz edən səbəblərdən biri də məhkəmələrdə yeni kəşf olunan cəsarətli vəkillər qrupu idi. Biz bu prosesdə adları hamımıza yaxşı tanış olan Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Əlayıf Həsənov, Mənsum Bayramov, Yalçın Imanov, Osman Kazımov kimi peşəkar hüquq müdafiəçiləri ilə bərabər, Xədicə Şirinova, Ilqar Musayev, Anar Qasımov kimi yeni cəsarətli vəkilləri də tanıdıq. Şübhəsiz, bu ərəfədə məhkəmələri haylı-küylü bir hadisəyə çevirən vəkillərə qarşı başlanan hücumların kökündə də həmin məsələ dayanır. Sivri dilli Elçin Namazov və Xalid Bağırovun prosesdən uzaqlaşdırılması və cəzalandırılması da “odun üstünə benzin tökən” vəkillərə göz dağı vermək idi…

2 aprel məhkəməsi üzrə ilk 6 nəfərin işini gənc bir hakim aparırdı. Əbülfəz Elçibəyin zamanında test üsulu ilə yüksək nəticə göstərib Türkiyədə hüquq təhsili almış Elnur Həsənov. Məhbusların müdafiəçiləri sırasında yer alanlardan biri də onun tələbə yoldaşı vəkil Ilqar Musayev idi. Bu proseslərdə dövlət tərəfindən təyin olunsa belə, ən cəsur vəkillərdən biri olduğunu isbatlayan Ilqar bəy hökm oxunmazdan əvvəl öz tələbə yoldaşına müraciət etdi. Onu tarixin verdiyi bu şansdan yararlanmağa, günahsız insanlara bəraət verməyə çağırdı. Elnur Həsənov bu prosesdəki hakimlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənsə də, sonda o da qoyulmuş çərçivədən kənara çıxa bilmədi, sifarişli hökmün icraçısına çevrildi. Amma hər şeyə rəğmən mən bu proseslərdə baş verənləri bir başlanğıc sayıram. Bu, yaxın gələcəkdə o çərçivələri dağıdan bir nəslin gələcəyinə böyük ümidlər verir, ədalətin keşiyində öz namusu kimi dayanan, heç bir halda şeytana vəkillik etməyi qüruruna sığışdırmayan yeni bir nəslin…