Hamımız ölkəcanlıyıq – Hamımız naxçıvanlıyıq!

Əliyevçi antimilli, antidemokratik rejim işi gətirib bu yerə çatdırıb; indi bizim hamımızın – bu ölkəni sevənlərin, onu Özgür, Demokratik Ölkə olaraq görmək istəyənlərin – başlıca, ortaq çağırışı bu olmalıdır: Hamımız ölkəcanlıyıq – Hamımız naxçıvanlıyıq! Indi iş bu yerə gəlib çatıb…Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin I-ci bəndinə görə, “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”. Hələ də bəlli deyil: nəyə görə, hansı maraqlarla Heydər Əliyev AR Konstitusiyasına belə bir potensial olaraq çoxbaşlı, çoxgedişli maddə artırıb? Indilikdə bunu Vasif Talıbov üçün yaradılmış ayrıca status saymaq olar, ancaq, bizcə, bu primitiv yanaşma olardı. Görünür, H.Əliyevin istər öz tayfası, istərsə də Dağlıq Qarabağla bağlı başqa, daha geniş, uzaq gedən planları olub. Kim bilir, bəlkə də, bu planların proyektini o, kimlərəsə verib gedib. Bunlar bizə bəlli olmayan gizlinlərdir. Indilikdə bizə bəlli olanı Naxçıvanın ayrıca bir dövlətə – özü də inkvizisiya dövlətinə çevrilməsidir! Yalnız Naxçıvan deyil, bütün Azərbaycan 1993-dən bu yana inkvizisiya qanunları ilə yönətilir. Vasif Talıbov Naxçıvanında bu qanunlar – inkvizisiya qanunları – daha sərt, daha amansız xarakter daşıyır. Ortada olduqca ilginc bir görsəniş var: o sərt, o amansız inkvizisiya qanunları daha çox Naxçıvanı naxçıvanlılardan – köklü naxçıvanlılardan arıtmağa yönəlib. Belə bir planlı-sistemli arıtmanın sonucu olaraq bu gün Naxçıvan ötən yüzilin 70-ci illərinin “Ermənistan”ının gününə salınıb: o çağlar ayağı yer tutanları “Ermənistan”dan Azərbaycana gətirib ucdantutma dövlət qulluğuna doldurmaqla Batı Azərbaycan (“Ermənistan”) özünün köklü yiyələrindən – Türklərdən arınırdı. Belə bir siyasət 1993-dən bu yana Naxçıvanla, Gürcüstanla bağlı yürüdülür…Ortadakı inkvizisiya faktoru Azərbaycanın özünü Naxçıvan kimi olmasa da, xeyli dözülməz duruma gətirib çıxarıb. 1993-dən bu yana Azərbaycanın özündə də özümlü bir “naxçıvanlılaşdırma” prosesləri aparılıb; ölkənin köklü yiyələri ölkədə hüquqsuz duruma salındığından, burada da Naxçıvandakı kimi, ölkədən köçüb getmə prosesləri geniş yayılıb. Bütün bunların hamısı yenə də bəlli inkvizisiya rejiminə görədir. Bəs inkvizisiya nə deməkdir? Inkivizisiya öz düşmənləri ilə vəhşi, amansız metodlarla çarpışma aparmaq üçün katolik kilsəsinin XIII yüzilin başlanğıcında qurduğu MƏHKƏMƏ – POLIS rejimi deməkdir. Çoxyönlü casusluq, gizli şpionaj sistemi olan inkvizisiya daha çox başqa cür düşünənlərə, XALQ HƏRƏKATI adamlarına divan tutmaq üçün yaradılmışdı. Bunlar sizə tanış görsənişlər olmalıdır. Ən çox da naxçıvanlılara!

2008-ci il seçkisi qabağı ABŞ-ın Bakıdakı baş diplomatı Ənn Dersi jurnalistlərə basqılara son qoymağa çağırırkən I.Əliyevin reaksiyası belə olur: “Müxalifətdə də, tərəfdarlarım arasında da mənim rəqibim yoxdur. Buna görə seçkidə problemsiz qalib gələcəm. Belədə niyə mətbuata təzyiq göstərməliyəm?”. I.Əliyev atasının qurduğu inkvizisiya rejiminə görə “rəqibsiz” liderə çevrilib. Bununla belə, o, demokratik jurnalistikadan qorxaraq onu sürəkli basqı altında saxlayır. Onun ən böyük ardıcıllarından olan V.Talıbov Naxçıvanı, demək olar, qapalı zonaya çevirib: qanunsuzluq, hüquqsuzluq, zorakılıq zonasına!Ibrahim Ibrahimlinin öncüllüyandə bir qrup yurddaşımız başda Naxçıvan olmaqla bölgəsəl qurum yaratmaqdadır. Buna dodaq büzənlər var: “Niyə Naxçıvan?”. Darılmağa dəyməz. Naxçıvan Azərbaycanın bir parçası olaraq daha ağır durumla üzləşdiyindən, Naxçıvandan başlamaq gərəkir. Bu gün Azərbaycan bütünlüklə işğal altındadır. “Gözdən, könüldən uzaq” olduğundan Naxçıvan daha ağır durumdadır. Demək, QURTULUŞ HƏRƏKATI Naxçıvandan başlamalıdır! Hamımız ölkəcanlıyıq – Hamımız naxçıvanlıyıq!