Iqlimşünaslar bu payızın və qışın sərt keçəcəyini deyir. Siyasi ab-hava da belə olacaq. Söhbət ondan getmir ki, müxalifət nəsə edəcək, yox. Sadəcə, o proseslər ki, onların baş verəcəyi hələ bir neçə il əvvəl söylənirdi, indilər özünü büruzə verir. Avtoritar rejimə çevrilmiş piramida deyirdik. Bəli, indi bu piramida ləngər vurur. Artıq bir neçə yazıda yazmışam ki, rejimin də pik vaxtı keçib, daha heç vaxt o, indikindən sərt ola bilməyəcək. Amma niyə insanlar buna inanmır? Bax, bunu bilmirəm. Görünür, qorxu və təlaş hissini dərhal dəf etmək olmur, bunun üçün də vaxt tələb olunur, bu, sizə adi, asan görünməsin. Hər şeyin bir ətaləti var.
Vaxtilə bunu Le-Şatlye və Braun çox gözəl ifadə ediblər. Amma sözüm bunda deyil. Uzaqdan müxalifətin də işini seyr edirəm. Çox təqdirəlayiqdir ki, boş dayanmırlar, hadisələri izləyir, qəti və dəqiq nəticə çıxarmaq istəyirlər. Amma bir məsələni deyəcəm. Bu yaxın vaxtlarda bir söhbətdə “güclü lider” ifadəsini işlətdim, amma bu, mənə elə gəlir ki, düzgün başa düşülmədi. Mən xarakteri nəzərdə tuturdum. Təbii ki, 20 il yorulmadan müxalifətçilik edən insanlara xarakter haqdaca danışmaq o qədər də uğurlu məşğuliyyət deyil. Amma mən səbri xarakterdən fərqli bir konteksdə götürürəm. Bəli, biz çox səbrli insanlarıq. Amma 20 ildən də artıq həbsdə yatan və bir an sınmayan N.Mandela olub. Elə özümüzdən də misal gətirmək olar. Bəzən deyirlər ki, niyə siz bu qədər Məhəmməd Əmin Rəsulzadəni şişirdir, amma digərlərinin rolunu azaldırsınız? Əvvəla, heç kim heç kimin rolunu və əməyini azaltmır. Sadəcə, Rəsulzadə bir an belə dayanmayıb, harada olubsa, mübarizəsini davam etdirib. Bu da xarakter məsələsidir – güclü inam və yenə də inam!
Özü də elə bir inam ki, başqalarını da hərəkətə gətirmək, bir dalğaya çevrilmək iqtidarında olsun və digər insanlara da sirayət etsin! Mən indiki situasiyanı hamar hesab etmirəm. Bəlkə də vaxt keçəcək, elə dövran da dəyişəcək, siyasətçilərdən daha az keyfiyyət tələb olunacaq. Amma indi bunu iddia etmək çətindir, çünki indiki dövr normal dövr deyil, o, bəzən, bir çox hallarda, qeyri-standart keyfiyyətlər və qərarlar tələb edir. Demokratik rejim siyasətçidən ilk növbədə uğurlu seçki kampaniyası aparmağı tələb və diqtə edir, natiqlik məharəti, bir az da aktyorluq, savad – prinsipcə, bunlar kifayət edir. Amma qeyri-demokratik rejimlərdəsə siyasi situasiya tamam fərqli olur. Önə xarizma, qətiyyət, əzm kimi keyfiyyətlər keçir və hər an bir şəxsi nümunə olmaq zərurəti yaranır. Indi mən siyasi səhnəni çözmək, bəzi nəticələr çıxarmaq istəmirəm. Amma bir detalı qeyd etmək istəyirəm ki, indi bir tərəddüd, inamsızlıq var liderlərdə, sanki hamı məşhur “X günü”nə sağ və salamat çatmaq, o vaxt önə çıxmaq və öndə olmaq istəyir. Prinsipcə, bu, insanın instinktiv duyğusudur, onu rədd etmək mümkün deyil. Amma siyasi proseslər not yazısı deyil ki, ora baxıb öz vaxtını müəyyən edəsən, şəraiti və vaxtı da yaratmaq lazımdır, onlar öz-özünə yetişmir.
BMT-nin məclisi maraqlıdır, yoxsa olimpiada?
Bu sətirləri yazanda I.Əliyevin Nyu-Yorka gedəcəyi haqda heç bir məlumat yox idi. Bəlkə gedəcək? Hər halda, belə niyyəti olsaydı, çoxdan açıqlanardı və biz də xəbər tutardıq. BMT-də indi çox ciddi məsələlər müzakirə olunur. Böyük siyasətlə maraqlanan insanlar buna biganə qala bilməz. Onların ikisi Azərbaycanla bağlıdır, xüsusən qeyri-daimi üzvlüklə bağlı məsələ maraqlı görünür. Amma nə etmək olar? I.Əliyev idman yarışlarını, olimpiadaları seyr etməyi, izləməyi sevir, BMT-nin məclisi onun üçün maraqsızdır! Mən onun da siyasi qürubunu, finalını görürəm. Getdikcə belə təsəvvür yaranır ki, ölkə başqa adamlar tərəfindən idarə olunur. I.Əliyevi isə məktəblərin, bağçaların açılışına göndərirlər.
Kiçik sözardı
Bəli, daha bir kiçik siyasi yazı bitdi. Amma siyasət bitməyib və heç vaxt da bitməyəcək. Bizim istəyimiz siyasəti bitirmək deyil, onu dəyişməkdir, bəli, yalnız siyasəti dəyişməkdir. Elə dəyişmək ki, siyasətin üzü insanlara tərəf dönsün, insanlara anlaşıqlı və aydın olsun.


