Əksinqilabçıların deyil, inqilabın əksinə olanların dediyi bəzi arqumetlərlə həmişə razı olmuşam. Lakin məsələni bu arqumentlərlə həll eləyib bitirmək mümkün deyil. Çünki hər bir arqumentə qarşı yüzlərlə arqument gətirmək imkanı həmişə var.
Adətən, inqilabın əksinə olanların şah arqumenti QAN-dı. Zahirən ən dəhşətli görünən bu tutaraq, əslində arqumentlər içində ən zəifi, ən dayanıqsızıdı. Bu dayanıqsız səbəbə qarşı çox da baş sındırmadan “n” qədər kontur-arqument qoymaq olur. Qan həmişə var – inqilab oldu-olmadı. Hər gün qəzalarda yüzlərlə adam həyatını qeyb edir, neçə-neçə adam məhz elə inqilabı zəruri edən səbəblər ucbatından intihar eləyir. Bu intihardan isə kimsəyə bir qətrə xeyir dəymir – nə ictimai, nə ailə-məişət zəminində. Yenə elə həmin inqilabı zəruri edən şəraitin içində neçə-neçə adam dövlət-hakimiyyət terrorunun qurbanı olur, küçələr, alaqapılar, gizli dövlət zirzəmiləri suçsuz insanların qanına boyanır. Və s. Bunların qarşısını isə görünür, inqilabsız almaq mümkün deyil, çünki əli qana bulaşanlar, bu qanları batırmaq üçün yeni-yeni qanlara, fiziki-mənəvi işgəncələrə əl atmalı olur və sonucda qana susamış bir əjdaha ilə qarşı-qarşıya durmalı, onunla eyni məkanı və zamanı bölüşərək yaşamalı oluruq. Nə proqressiv inkişaf, nə islahatlar bu susuzluğun qarşısını kəsmək gücündədi, çünki qatildən proqressiv inkişaf gözləmək korazehinlikdən başqa bir şeyin simptomu ola bilməz. Demək, hər gün bircə insanın qanının axıdılması uzun illər davam eləyəndə (məsələn, inqilab baharına bürünmüş ərəb ölkələrində bu uzun sürənin yarım əsr civarında olduğu hamıya bəllidi), o zaman QAN nisbəti heç də inqilablardakı qandan aşağı miqdarda və təzyiqdə olmur.
Əslində isə, daha tutarlı arqument bu: Inqilab “Xalqı daha çox zorakılığa, amansız olmağa öyrədir: bu qayda ilə yeni vəziyyət cəmiyyət üçün köhnə vəziyyətdən daha az əlverişli olur”. Bu fikri “Ovod”da Cemma Ovoda deyir. Ama bunun da qarşısında dura biləcək fikirlər var. Əgər xalqın zorakılığa öyrəşməsindən söhbət gedirsə, onda gərək istənilən müharibə, savaş yasaq edilə. Hətta tarixi istilahla desək, ədalətli müharibələr, köləliyə, işğalçılara qarşı savaşlar belə, insanda eyni nəticələri yaradır – zorakılığa vərdiş və ya aşırı meyl, qan-qada, aclıq-səfalət, psixikanın pozulması, dinc cəmiyyətə adaptasiyada hədsiz çətinliklər və s. Deyə bilərlər ki, malı-mala qatmayaq. Yaxşı. Deyək ki, 1988-də Azərbaycan xalqı rus-sovet əsarətinə qarşı bir inqilab başladı – yeri gəlmişkən, bu, eyni anda hakimiyyətə qarşı yönəldiyindən inqilab, metropoliyaya qarşı aparıldığından isə azadlıq müharibəsiydi. Bu, ölkənin işğaldan, istismardan azad olması üçündü. Indi, hətta hakimiyyət özü belə, həmin müharibə-mübarizəni tərifləyib göylərə qaldırır. Demək, artıq o QAN özünə bəraət alıb. Boşuna axmadığı rəsmən təsdiqlənib və təqdir edilir. Bəli, o savaş ölkənin azad olması üçün idi və oldu da. Yaxşı, ortaya maraqlı sual çıxır: məgər hansısa ölkə o ölkənin insanları olmadan ölkə sayıla bilərmi? Və ya coğrafi məkanın azadlığı insanın azadlığından üstün ola bilərmi? Axı yekunda hər şey insan üçün deyilmi? Elə isə, indi də həmin ölkənin insanları, onların hüquqları, mənəviyyatı, sosial-siyasi kimlikləri, var-yatırı işğal olunub. Bəli, bir zamanlar bu ölkənin özü işğal olunmuşdusa, indi onun insanı işğal olunub, indi onun insanının varlığı müstəmləkəyə çevrilib. Yoxsa torpaq üçün qana dəyər, o torpağın yiyəsi olan insan üçün yox? Bəlkə o torpaqda bitəcək badımcan da insandan qiymətlidi?..
Nə yaxşı ki, burnuna qan iyi dəymiş, zorakılığa öyrəşmiş insanın gələcək cəmiyyətinin əvvəlkindən betər olmaması üçün yolu da elə insan özü fikirləşib. O yolun bir adı var: DEMOKRATIYA. O zaman qan da olmayacaq, zorakılıq vərdişləri də.
Voyniçin adını çəkdiyim romanının sonunda Ovodun Cemmaya yazdığı məktubda belə bir parça var: “Əzizim, mən bilirəm ki, onlar xalqın ən zəruri mənafeyini kobudcasına tapdalamaqla, yenidən gizli işgəncələrə, edamlara əl atmaqla ancaq bizim xeyrimizə hərəkət edir, özləri üçünsə pis günlər hazırlayırlar”.