Bakı bazarlarında ət yenə bahalaşdı

Paytaxtın bir neçə yerində qoyun ətinin kilosu 10 manata qalxıb

Bakının bir neçə dükanlarında ətin qiyməti yenidən bahalaşıb. “Azadlıq”a gələn məlumata görə, Binəqədi, Nizami rayonları ərazisində hazırda qoyun ətinin bir kiloqramı 10 manata satılır.
Hətta ətin qiymətinin yenidən bahalaşmasının gözlənilən olduğu bildirilir. Bu, rayonlarda dana və qoyun ətinin qiymətinin artması ilə əlaqələndirilir. Deyilənə görə, Bərdə və Beyləqanın heyvan bazarında diri çəkidə dananın və qoyunun qiyməti bahalaşıb. Belə ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların azlığı, ot-ələfə çəkilən xərcin artması qiymətlərə təsir edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev 24saat.az-a açıqlamasında ətin qiymətinin süni bahalaşdırıldığını söyləyir. Onun sözlərinə görə, son illər ölkədə ət istehsalı 4,2 faiz artıb: “Belə olan halda, ətin qiyməti diri çəkidə danaların və qoyunların azlığı səbəbindən bahalaşa bilməz. Əgər iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıbsa, necə olur ki, yarmarkada ətin qiyməti 5-6 manatdır”.
M.Hacıyev ot-ələfin qiymətinin bahalaşmasının da ətin qiymətini artıra bilməyəcəyini deyir: “Birincisi otun, arpanın qiyməti bahalaşmayıb. Ikincisi, hazırda mal-qara tövlədə bəslənmir. Örüşdə otladığından mal-heyvanın bəslənməsinə fermerlərin elə çox pulu çıxmır. Buradan görünür ki, ətin qiyməti süni artırılır”.

Ramin