Məhəmməd Talıblı: «ÜDM-in artım tempinin aşağı düşməsi analoqu olmayan inkişafdan danışmağı mümkünsüz edir»
Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti “Dünya iqtisadiyyatının icmalı” (World Economic Outlook) adlı hesabatında Azərbaycanla bağlı yenə bədbin proqnozlar verilib. 2011-2012-ci illərə dair proqnozları əks etdirən sənəddə Azərbaycanın cari və gələn ildə iqtisadi inkişaf templəri barədə rəy əks olunub. BVF ekspertləri hesab edirlər ki, Azərbaycan və MDB-nin enerji ixrac edən başqa ölkələrində iqtisadiyyatın mülayim inkişafı nəzərə çarpacaq. Bununla yanaşı qeyd olunur ki, Azərbaycanın neft hasilatında meydana çıxan fasilələr 2011-ci ilin yekununa əsasən özünü istehsalın qəfil azalmasında büruzə verəcək. Bütün bunları nəzərə alaraq ekspertlər hesab edir ki, gələn il ÜDM-in artım tempi 0,2 faiz olacaq. Bundan başqa, gələn il Azərbaycanda qiymət artımı müşahidə ediləcək və inflyasiyanın 10% həddini aşacağı gözlənilir.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının sözlərinə görə, ÜDM-in artım tempi əvvəlki illərdə olduğu kimi yüksək səviyyədə qala bilməz. ÜDM-in artım tempinin aşağı düşməsi analoqu olmayan inkişaf haqqında danışmağı mümkünsüz edir deyən M.Talıblı vurğuladı ki, ÜDM-in indiyə qədər yüksək olmasına səbəb neft faktoru idi: “Azərbaycanın ÜDM-i daha çox neft hasilatının və qiymətinin yüksək olması ilə bağlı idi. Artıq neft hasilatı əvvəlki səviyyədə saxlanılır. Hazırda dünya bazarında neftin qiymətinin kəskin dəyişməsi də müşahidə olunmur. Ona görə də ÜDM-in pik artım tempi arxada qalıb. Gərək Azərbaycan əvvəlki illərdə bunu nəzərə alaydı və qeyri-neft sektorunun inkişafına diqqət ayıraydı. Qeyri-neft sektorunun inkişafı Azərbaycanda ÜDM-in artım tempini irəliyə çıxara bilərdi”.
M.Talıblının sözlərinə görə, Azərbaycanda hazırda yaranmış vəziyyət bir daha sübut etdi ki, neft gəlirlərinə arxayın olmaqla yürüdülən siyasət sonda bu cür acı nəticələri verir. Gələn il Azərbaycanda qiymət artımının müşahidə ediləcəyinə və inflyasiyanın 10% həddini keçəcəyinə gəlincə, M.Talıblı bildirdi ki, inflyasiyanın bu səviyyədə qalması yürüdülən siyasətin yanlış olduğunu sübut edir. Proqnozlaşdırılan tendensiyaların əhalinin güzaranına mənfi təsir göstərəcəyini deyən M.Talıblı vurğuladı ki, Azərbaycanın dövlət büdcəsinin hər il artırılması inflyasiya yaradan faktordur.
Xəyal



