Ticarət Mərkəzinin rəhbərliyinin əlavə ödənişləri satıcıları boğaza yığıb
500-dən artıq satıcı dünən növbəti dəfə yer haqlarının bahalaşmasına görə “Sədərək” Ticarət Mərkəzində etiraz aksiyası keçirib. Sonuncu analoji aksiya 18 sentyabrda olmuşdu. Aksiya Ticarət Mərkəzinin avtovağzal adlanan ərazisində baş tutub və səhər saat 8-dən, 10-un yarısına qədər davam edib. Getdikcə artan kütlənin qarşısını almaq üçün rəhbərlik aksiya yerinə yanğınsöndürən maşınları cəlb edib. Maşınlardan adamların üzərinə su vurulacağı xəbərdarlığı edilib. Bu addım atılmasa da texnika etirazçıların üstünə sürülüb. Ticarət Mərkəzinin mühafizəçiləri ayrı-ayrı fəalları “qol-qabırğalarını qırmaqla” hədələyib.
Yaranan qarşıdurmadan sonra Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin Ənvər adlı qardaşı beş nəfərlik nümayəndə heyətini qəbul edib. Danışıqlar zamanı heç bir kompromis əldə olunmayıb. Rəhbərlik şərtlərin dəyişməyəcəyini deyib. Etirazçılara bildirilib ki, aksiyalar təkrarlanacağı təqdirdə onlar daha pis aqibət yaşayacaqlar. Hələ ki, satıcılar nə edəcəklərini bilmirlər. Onlar hər cür təxribata məruz qalacaqlarından ehtiyatlanırlar. Adının çəkilməsini istəməyən sahibkar “Azadlıq”a bildirib ki, bir həftədir yer haqları bir kvadrat metr sahə üçün 2 manat bahalanıb. Bu isə hər mağaza üçün 50-100 manat əlavə ödəniş etmək deməkdir. Bahalaşmanın səbəbi barədə isə həmsöhbətimiz deyir ki, rəhbərlik bunu Vergilər Nazirliyi ilə yaranan problemlə əlaqələndirib. Guya nazirlik ticarət mərkəzinə əlavə ödənc öhdəliyi qoyub.
Natiq