“Qürbət cənnətə dönsə, yaddan çıxmaz Qarabağ…”

Tarixi Qarabağ xanlığı

Azərbaycan xalqının tarixində önəmli rol oynamış Qarabağ xanlığı 1748-1805-ci illərdə Kür və Araz çayları arasındakı sahədə mövcud olan feodal xanlığı idi. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir. Iran və Rusiya arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Rusiya imperiyasının, daha sonra Sovet Azərbaycanının tərkibində olmuşdur. Qarabağ xanlığı Səfəvilər imperiyasının süqutundan sonra hakimiyyətə gələn Nadir şahın öldürülməsi nəticəsində XVIII ortalarında yaranmış xanlıqlardan biridir. Qarabağ xanlığının əsasının Pənahəli bəy (1748-1763) 1748-ci ildə qoymuş və özünü xan elan etmişdir. Xanlıq Araz və Kür çayları arasındakı ərazidə yerləşirdi. Qarabağ xanlığı Irəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi.

Pənahəli xan xanlığın əsasını qoyandan sonra müdafiə işlərini gücləndirmək üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını tikdirdi. III qala Şuşa qalası oldu. Şuşa əlçatmaz dağlarda yerləşirdi. Lakin monqolların yürüşlərindən (XIII əsr) sonra dağılmış və Pənahəli xan tərəfindən bərpa edilmişdir. Tədricən Şuşa qalası Qarabağ xanlığının iqtisadi, siyasi paytaxtına çevrilimişdir.

Pənahəli xanın yeritdiyi düzgün siyasət nəticəsində qonşu xanlıqlar və xanlığın tərkibində olan məliklər ona yaxınlaşmışlar. Buna görə də, Urmiyalı Fətəli xan Araşlı-Avşar, Məhəmmədhəsən xan Qovanlı-Qacar Qarabağ xanlığına hücum etmişdilər. Xanlığı yalnız Fətəli xan tabe etdirə bilsə də, Kərim xan Zəndin Fətəli xana müharibə elan etməsi Qarabağ xanlığının asılılıqdan qurtarmasına səbəb oldu.

Lakin Kərim xan Zənd də Fətəli xanı məğlub edib, Urmiyanı tutduqdan sonra Qarabağ xanlığını tabe etdirib onun idarəsini Pənahəli xanın oğlu Ibrahimə tapşırmış, Pənahəli xanı isə Şiraz qonaqlığına aparmışdır. Bununla da, Qarabağ xanlığına böyük zərbə vurulmuşdur. Hakimiyyəti ələ almaq istəyən Ibrahim atasının xan təyin etdiyi qardaşı Mehrəli bəylə mübarizəyə başlayır. Mübarizədə Ibrahim qalib gəlir. 1780-ci illərdə məliklər yenidən mübarizəyə başlayırlar. Lakin Ibrahim xan onların hamısını Şuşaya toplayıb Qarabağ xanlıqlarına xəyanətlərinə görə həbs etdirir.

XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycan xanlıqlarını işğalından sonra Rusiya Azərbaycan xanlıqlarını “qorumaq” üçün Irana müharibə elan etdi. Rus ordusu Qarabağ xanlığını 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsi ilə öz əsarəti altına keçirdi. Beləliklə, 1748-ci ildə yaranmış Qarabağ xanlığı 1805-ci ildə süqut etdi. Rusiya ilə Iran arasında müharibənin I mərhələsi 1813-cü il oktyabrın 12-də Gülüstan sülhü ilə başa çatdı. Müqaviləyə görə Irəvan və Naxçıvan xanlıqları müstəsna olmaqla Şimali xanlıqlar Rusiyanın əsarətinə verildi.

Irandan Qarabağa erməni köçü…

Rusiya-Iran müharibəsinin II hissəsinin qurtarmasını bildirən Türkmənçay sülh müqaviləsi 1828-ci il 10 fevralda imzalanmışdır. Bu müqavilənin XV bəndinə əsasən əhalinin Irandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Nəticədə, Iranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürüldü. Ilk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, Irəvana, Göyçəyə və Şamaxıya yerləşdirildi. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.

Q.D.Lazarev, I.F.Paskeviç və s. rus generalları erməniləri daha çox Irəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil, Osmanlı imperiyası, Gürcü xanlıqları, Iranla isə Naxçıvan vasitəsi ilə qonşu olan Irəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün çox gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başladı. Köçürmə siyasəti üçün erməni mənşəli Bebudovun başçılığı ilə xüsusi komitə təşkil edildi. 1828-ci ilin fevralından mayına qədər 948 erməni ailəsi Irəvana köçürülmüşdür. Sonralar isə Naxçıvan və Irəvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradıldı.Səlnamələrdəki məlumatdan elə qənaətə gəlmək olar ki, Qarabağ xanlığı inzibati cəhətdən 22 mahala bölünürdü. Mahallar isə bir neçə kənddən ibarət idi. Mahalları naiblər idarə edirdilər. Hər bir naibə darğalar, yüzbüşılar, kəndxudalar və s. başqa vəzifəli şəxslər tabe idilər. Darğa vəzifəsi şəhərdə də vardı. Onlar şəhərdə bir növ polis vəzifəsini icra edirdilər, kəndlrdə isə onlar əsasən vergi yığırdılar. Yüzbaşılar və kəndxudalar eyni zamanda kənd ağsaqqalı sayılırdılar.

Başqa xanlıqlarda olduğu kimi Qarabağ xanlığında da mülki və cinayət işlərinə əsasən şəriət qanunları, adət və ənənələri əsasında baxılırdı. Qarabağ xanlığının mövcudluğu ərzində iqtisadi inkişaf sahəsində əvvəlki dövrlərə nisbətən xeyli irəliləyiş hiss olunurdu. Bu irəliləyişin ən mühüm amili əkinçilik mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Səlnamələrdə deyilir ki, xanlıq ərazisindəki bütün torpaqlar xanın özü, ağalar, bəylər, rəiyyət və vəqflər üzrə bölünmüşdü.

A.Milman yazılarında Qarabağ xanlığında 21 mahalın olduğunu göstərir. Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. Mahallar nahiyələrə, nahiyələr isə kəndlərə və yaxud obalara bölünürdü.Mahallara xan tərəfindən təyin olunmuş naiblər başçılıq edirdilər. Bir neçə mahalı məlik idarə edirdi. Məliklər hakimiyyətə irsən yiyələnsələr də, qeyri-məhdud səlahiyyətə sahib idilər. Xanlar lazım gəldikdə məlikləri əvəzləyə bilirdilər. Naiblər iri feodallardan, köklü hərbi-köçəri əmirlərdən təyin olunurdular.

Bəzi mahalların (Cavanşir, Cavanşir-Dizaq, Dizaq-Cəbrayıllı, Otuziki, Kəbirli, Dəmirçi-Həsənli, Kolanı, Qaraçorlu, Püsyan) əhalisini köçəri el-obalar təşkil etdiyindən, bu məntəqələrə minbaşılar başçılıq edirdilər.

Qarabağın torpaq sahələri dağın ətəklərindən Arazın Xudafərin körpüsündən Cavad kəndinə qədər olan yerlərin hamısı Araz çayı suları ilə sulanırdı. Qarabağ ərazisində 800-3000 metr hündürlükdə ərazilər geniş yayılmışdı. Buna görə də, heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən idi. 
Bərəkətli torpaqlar və sənət mərkəzi

Qarabağ ərazisinin üçdə iki hissəsi ovalıqlardan ibarətdir ki, lap qədimdən onlar Mil və Qarabağ düzənlikləri adlanır. Buna görə də çayların suları bəs etmədiyindən, çoxlu arxaların çəkilməsi təcrübəsi tətbiq edilmişdir. Mirzə Camal Qarabağın qədim Beyləqan şəhərinin ətrafındakı abadlığı və təsərrüfatın Pənah Əli xan tərəfindən yenidən canlandırılmasından bəhs edir: “O, Kür çayından geniş Beyləqan çölünə böyük arx çəkdirib, ətrafında Köndələnşaydan Qarqarçaya qədər kəndlər saldırıb camaatı yerləşdirdi və güzaranlarını müəyyən etdi… Qədim zamalarda o böyük arxın adı Barlas idi, indi isə Govurarx adı ilə məşhurdur…”. Pənah xan və Ibrahim xan arxların bərpasına böyük əhəmiyyət verirdi.

Qarabağlıların oturaq həyat tərzi keçirmələrini Mirzə Camal əsərinin başqa bir yerində belə izah edir: “Torpağın və suyun yaratdığı həyat şəraitində hər arxın ətrafında 5-6 min ailənin yaşamasına imkan verir”.

Qarabağ xanlığını araşdıranlar Pənah xanın Şuşada hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəldib pul kəsməsindən bəhs edirlər. Mirzə Yusif yazır ki, Şuşada Pənah xan tərəfindən sikkəxana tikildi. “Pənahi” adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurulurdu. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfdən isə “La ilahə illəllah Muhammədun rəsulullah” sözləri yazılmışdır. “Pənahi”nin altısı bir manat, səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xanın buraxdığı pul Qarabağın Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdır. Xanlığın 6 manat 50 qəpik pulu 1 manat Rusiya pulu dəyərində idi.

Mirzə Adıgözəl bəy və digərləri yazırdı ki, Şuşada həmişə barıt istehsal edən zavod işləyib. Xəncər, qılınc hazırlayan sənətkarlar, misgərlər, daşdan müxtəlif istehsal vasitələri- dəyirman daşları, kirkirələr, daş qazanlar və başqa əşyaları hazırlayn ustalar da Şuşada yerləşirdilər. Xanlıqda 500-ə yaxın işləyən dəyirmanın ayrı-ayrı hissələri daşdan və taxtadan hazırlanırdı.Qarabağ xanlığında sənətkarlıq xeyli inkişaf etmişdi. Sənətkarlar əsasən Şuşa qalasında fəaliyyət göstərirdilər. Kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması, xammalın ilkin təmizlənməsi kəndlərdə də məşğuliyyət növlərindən idi. Məlumdur ki, uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı. Sənətkarlığın inkişafı, əhalinin peşələr üzrə “ixtisaslaşması”, başqa amillər pul dövriyyəsinin genişlənməsinə, bazarlara məhsul çıxarmağa şərait yaratmışdı. Xanlığın demək olar ki, hər bir ailəsində xırda toxucu dəzgah var idi. Onlar özləri saplardan hazırladıqları yun və ipək əşyalar toxumağı bacarırdılar. Məhz buna görə də təsadüfi deyildir ki, xanlıqda ən inkişaf etmiş sənaye sahəsi toxuculuq olmuşdur. Xanlıqlar dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı. Bu xalçaların bəzi nümunələri indiyə kimi dünyanın məşhur muzeylərində saxlanır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir