Səhiyyə naziri bütün tibb ocaqlarını əlində cəmləməyə çalışır
“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan Diaqnostika mərkəzləri və digər tibb ocaqlarının Səhiyyə Nazirliyinə verilməsi planlaşdırılır. Bildirmişdik ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyri-neft sahəsinə aid olan bu və digər qurumları əldən vermək istəməsə də, bu barədə qərar “yuxarılar”dan gəldiyi üçün problemi çözməkdə acizdir.
Bu məlumatımız təsdiqini tapmaqdadır. Bu günlərdə deputat Musa Quliyev mətbuata açıqlamasında bildirib ki, digər dövlət qurumlarının balansında olan tibb müəssisələri Səhiyyə Nazirliyinə verilməlidir. Bundan sonra deputat Hadı Rəcəbli oxşar təkliflə çıxış edib. Nəzərə alsaq ki, deputatlar bu təklifi səsləndirməklə iri çəkili məmurların maraqlarına toxunurlar, bu halda onların bu cür çıxışlarını özfəaliyyət hesab etmək olmaz. Çünki nə Musa Quliyev, nə də Hadı Rəcəbli “ağrımayan başına dəsmal bağlamaq” istəyər. Təsəvvür edin, bu təklif ARDNŞ, DIN, MTN və Dövlət Gömrük Komitəsi kimi nüfuzlu qurumların maraqlarına birbaşa ziddir. Bu qurumların hər birinin balansında tibb müəssisəsi var. Bu müəssisələr müalicə ocağı olmaqla yanaşı həm də korrupsiya mənbəyidir. Ona görə də adıçəkilən qurumların rəhbərləri heç zaman nəzarətlərində olan tibb müəssisələrini itirmək istəmir. Musa Quliyevlə Hadı Rəcəblinin bunu bildiyi halda belə bir təkliflə çıxış etməsi inandırıcı deyil.
Sadəcə hər iki deputat “yuxarılarda” bu barədə qərar verildiyindən xəbərdardır. Bu baxımdan çəkinmədən belə bir açıqlama veriblər.
Bu məsələ həm də səhiyyə naziri Oqtay Şirəliyevin digər nazirlər üzərində qələbəsini göstərir. Paşayevlərin komandasına daxil olan səhiyyə naziri nəhayət, Azərbaycanda bütün tibb ocaqlarını öz əlində cəmləməyi təmin etməyə çalışır. Və artıq demək olar ki, buna nail olmaqdadır.
Informasiya şöbəsi



