Hacı Məmmədov ölüm aclığına başlayıb

Banda başçısı niyə Qobustana köçürülməsini tələb edir?

Milli Təhlükəsizlik Nazirliyinin Istintaq Təcridxanasında saxlanılan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Qobustan Qapalı Həbsxanasına köçürülməsi tələbilə ölüm aclığına başlayıb. Bu barədə “Yeni Müsavat” qəzetinə daxil olan xəbərdə deyilir ki, H.Məmmədov aclığa sentyabrın 22-də başlayıb. Bu haqda artıq “Qırmızı Xaç” Komitəsinə də məlumat verildiyi bildirilir.
H.Məmmədov həbsə alınandan (10 mart 2005-ci il) sonra ilk dəfə bu il mayın 16-da Qobustana köçürülməsi tələbi ilə çıxış etmişdi. Anası Almaz Məmmədova bildirmişdi ki, oğlu daha MTN-in Istintaq Təcridxanasında qalmaq istəmir. A.Məmmədova oğlunun bir çox xəstəliklərdən əziyyət çəkdiyini, son 1 ayda oğluna apardıqları yeməklərin qəbul edilmədiyini də söyləmişdi.
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Hacı Məmmədovun ölüm aclığana başlaması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Bu barədə yayılan məlumat kiminsə uydurduğu məlumatdır, yalandır. Vaxtında təcridxananın təlimatına uyğun qaydada gəzintiyə çıxır. Səhhətində heç bir problem yoxdur”.
Maraqlıdır ki, H.Məmmədov məhkəməsindən sonra gözlənilənlərin əksinə olaraq Qobustan qapalı həbsxanasına köçürülmədi. Bu isə cəmiyyətdə birmənalı qarşılanmadı. Qanuna görə, heç bir məhkum öz istəyi ilə istintaq təcridxanasında saxlanıla bilməz. Amma 6 ildir ki, H.Məmmədov heç bir əsas olmadan orada saxlanılır.

Vəkil Adil Ismayılov da H.Məmmədovun MTN-də saxlanılmasının qanunsuz olduğunu deyir: “Illərdir onu orada qanunsuz saxlayırlar. Qanun buna imkan vermir. Onu Qobustana çoxdan göndərməli idilər”.
Aydın məsələdir ki, Hacı Məmmədovun MTN-də saxlanılması onu daim nəzarətdə saxlamaq məqsədi güdür. H.Məmmədov xeyli  sirlər bildiyi üçün onu bir an belə, gözdən qoymaq istəmirlər. Qobustana köçürülməsi bu məlumatların hansısa yollarla sızması deməkdir ki, maraqlı qüvvələr buna imkan verə bilməzlər. Istər H.Məmmədovun, istərsə də bu iş üzrə məlumatlı şəxslərin açıqlamalarından belə məlum olur ki, hazırda Azərbaycanda Hacı Məmmədovun da dəstəsindən qorxulu bir dəstə var. Heç şübhəsiz ki, bu dəstənin himayədarları sirlərinin ifşa olunmasına heç bir halda imkan verməzlər. Hazırkı şəraitdə də bunun ən yaxşı yolu Hacı Məmmədovu qatı nəzarət altında saxlamaqdır.

Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Hacı Məmmədovla bağlı cərəyan edən son olayların onun üçün hələ ki, qaranlıq qaldığını deyir: “Onun MTN-də qalmaq istəməməsi, Qobustana köçürülməyi istəməsi mənim üçün bir qədər şübhəli gəlir. Axırıncı dəfə o görüşdən imtina etmişdi. Həmin vaxt təcridxana rəhbərliyindən Hacı Məmmədovun necə olduğunu xəbər alanda ”normaldır” cavabını vermişdi. Əvvəlki görüşlərdə isə Hacı özü mənə demişdi ki, Qobustana köçürülmək istəmir. Dedi, ora köçürsələr, həyatıma təhlükə olacaq, mənim üçün elə ən təhlükəsiz yer MTN-dir. Amma bunu çoxdan demişdi. Bəlkə də indi vəziyyət, şərait dəyişib”.
Hazırda Gəncədə monitorinq apardığını deyən E.Behbudov Bakıya qayıdan kimi bu məsələni mütləq araşdıracağını bildirib.