Eynulla Fətullayev: «Amma səfir düz deyir, onu hakimiyyətdəki hansısa qruplaşma öldürüb»
“WikiLeaks”in yaydığı son sənədlərdə ABŞ-ın keçmiş səfiri Enn Dersinin general Rail Rzayevin qətlinin versiyalarından söz açılır. Səfir bildirib ki, versiyalardan biri Rzayevin qətlində Rusiyanın əlinin olmasıdır. Belə ki, Rusiya generalın qətliylə Azərbaycanda ictimai sabitliyi pozmaqda maraqlı ola bilər. Qətllə bağlı ikinci ehtimal R.Rzayevin şəxsi biznes maraqlarına görə öldürülməsidir.
Rail Rzayevin qətliylə bağlı daha geniş yayılan iddiaya istinad edən Enn Dersi həmin ehtimalın daha inandırıcı olduğunu yazıb. Səfir bildirib ki, generalın hakimiyyətdaxili qruplaşmalardan birinin və ya yüksək vəzifə daşıyan şəxsin göstərişi ilə öldürülməsi versiyası digər iddialarla müqayisədə daha inandırıcıdır. “Onun qətlə yetirilməsi prosesi və zərərçəkmişin hərəkət qrafikinin dəqiq seçilməsi qətli sifariş verən və ya verənlərin hökumət daxilində yüksək səviyyəli mənbələrə sahib olduğuna işarədir. Bəzi iddialarda isə Rzayevin qətlinin arxasında ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dayandığı söylənilir. Onun hökumət daxilindəki reputasiyası, eləcə də cəmiyyətdə formalaşan imici generalın qətlində Heydərovun adının daha çox hallanmasına yol açıb” – deyə səfir bildirib.
Hüquq müdafiəçisi, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev hesab edir ki, səfir üçüncü versiyasında tamamən haqlıdır: “Görünür, səfirdə əlavə informasiyalar da olub. Mənə də elə gəlir ki, bu qətl hakimiyyətdaxili mübarizənin və münasibətlərin təzahürüdür. Ona görə üçüncü versiya daha inandırıcı görünür. Inanmıram ki, Rusiya və ya hansısa böyük bir dövlət Azərbaycanda, guya, sabitliyi pozamaq üçün Rail Rzayevi qətlə yetirsin. Axı Rail Rzayev elə bir siyasi fiqur deyil ki, onun qətli Azərbaycanda sabitliyin pozulmasına gətirib çıxarsın. Ona da inanmıram ki, bu qətlə Hərbi Hava Qüvvələri daxilində cərəyan edən hadisələr səbəb olub. Çünki biz 17 ildir mövcud hakimiyyətin idarəetmə formasına bələdik. Azərbaycanda iki nazir və iki böyük klanın başçısı həbsxanaya atıldı. Onları qətlə yetirmədilər, həbsə atdılar. Ona görə səfirin üçüncü versiyası ən haqlı versiyadır”.
Qətldə Kəmaləddin Heydərovun adının hallandırılmasına gəlincə, E.Fətullayev bunu istisna edir: “Mən buna qətiyyən inanmıram. Dəfələrlə demişəm ki, Kəmaləddin Heydərovun Azərbaycan hakimiyyətində oynadığı rol həddən artıq şişirdilir. Mən düşünmürəm ki, o, öz çəkisinə və siyasi nüfuzuna görə ilk yeddiliyə düşə biləcək şəxsdir. Kəmaləddin Heydərov mətbuatın yaratdığı mifoloji bir surətdir. Görünür, bu surət ona görə yaradılır ki, arxasında olan daha ciddi insanlar onun kölgəsində qalsınlar. Hesab etmirəm ki, Kəmaləddin Heydərov bu qədər qüdrətə və gücə sahibdir. Bu, onun görəcəyi iş deyil. Amma səfir haqlı olaraq deyir ki, Rail Rzayevi hakimiyyətdəki hansısa qruplaşma öldürüb”.