“Xəzər boru”ya basqına niyə göz yumulur?

Aslan İsmayılov hüquq-mühafizə orqanlarından hesabat istəyir

Sentyabrın 17-də SOCAR-ın hərbi geyimli mühafizə xidməti əməkdaşlarının basqınına məruz qalan “Xəzər boru” zavodundakı insidentlə əlaqədar cavabsız suallar hələ də qalmaqdadır. Zülfüqarlı qardaşlarına məxsus bu zavodun hədəf olmasına səbəb isə müəssisənin keçmiş SSRİ məkanında analoqu olmamasıdır. Artıq qəzetmizdə bu barədə informasiya dərc olunub ki, zavod Azərbaycanda başqa heç bir müəssisənin istehsal etmədiyi iri diametrli borular istehsal edir. İtalya və Türkiyədən gətirilmiş bahalı avadanlıqlarla təchiz olunan zavod hazırda ölkəmizdə böyük ehtiyac duyulan boruları daha ucuz qiymətə təklif edir. Bu zavodun istehsal etdiyi boruları ARDNŞ və “Azərsu” kimi müəssislər xaricdən 2000 dollardan yuxarı qiymətə alıb Azərbaycana gətirir. Halbuki Zülfüqarlı qardaşları eyni keyfiyyətli boruları 800 dollara təklif edir.
Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov insidentin məhz mətbuatda yer alması nəticəsində SOCAR-ın geri çəkildiyini düşünür. 2005-ci ildən Zülfüqarlı qardaşlarının təqib edildiyini deyən A.İsmayılov vurğuladı ki, buna səbəb Zülfüqarlı qardaşlarının bacarıqlı sahibkar olmalarıdır. Sentyabrın 17-də baş verən olayla bağlı prokurorluğa, DİN-ə, SOCAR-a rəsmi müraciət olunduğunu söyləyən A.İsmayılov bildirdi ki, bu sualın cavabı verilməlidir: “Əminəm ki, KİV-in dəstəyi olmasaydı Zülfüqar qardaşları da, mən də əziləcəkdim. Amma kütləvi informasiya vasitələrinin diqqəti buna imkan vermədi. Mən bir vəkil kimi müraciət edib, cavab gözləyirəm ki, qanunsuz olaraq SOCAR-ın əməkdaşları niyə xüsusi mülkiyyətə girmişdilər. SOCAR buna aydınlıq gətirməlidir. DİN və prokurorluq aksiyalar keçirilər zaman dərhal birgə bəyanatlarla çıxış edirlər və həbs cəzası verilir. Burada isə silahlı dəstə gəlib başqasının əmlakını ələ keçirib, işçilərinə qarşı zor tətbiq edib, onları bayıra atıb. Bunun məsuliyyətini kim daşıyıcaq. Buna reaksiya verən olacaq, ya yox? Əminəm ki, silahlı dəstənin zavodun ərazisini tərk etməsi, heç də bir yanlışlığın nəticəsi deyil. Bu, düşünülmüş addımdır. Yaddan çıxandan, məsələ mətbuatın gündəmindən düşəndən sonra bunlar yeni bir həmlə hazırlasınlar”.
Zülfüqarlı qardaşlarına qarşı yönələn addımlarla bağlı çoxlu sayda iddia ərizələrinin, rəsmi orqanlara müraciətlərinin olduğunu deyən A.İsmayılov vurğuladı ki, izah olunmalıdır, necə olur, həbsə salınan şəxs türmədə ola-ola ona məxsus zavodların 80 faizini satır. Həqiqətin ortaya çıxmasında maraqlı olduğunu deyən A.İsmayılov bildirdi ki, 2005-ci ildə DİN-in mütəşəkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi Fərhad Zeynalov başda olmaqla ona müxtəlif şər-böhtan atılıb: “Mən həm Zülfüqarlı qardaşlarının 2005-ci ildən bəri haqlarının pozulmasına, həm də mənə qarşı olan haqsızlığa görə cavabın verilməsini istəyirəm. Mənim vəkillikdən çıxarılmaq məsələmim də sona qədər getməməsi, mətbuatın, ziyalıların baş verənlərə müdaxiləsi oldu”.
Zülfüqarlı qardaşlarının bir çox sahibkarlara xas olmayan mərdlik göstərərək hüquqlarının bərpasına çalışdığını deyən A.İsmayılov əlavə etdi ki, onun “Xəzər boru” zavodu və başqa məsələlərlə bağlı addımları onların razılığı ilədir.
A.İsmayılovun baş verən insidentin araşdırılması üçün DİN-ə, prokurorluğa və SOCAR-a müraciəti ilə bağlı adı çəkilən instansiyaların mövqelərini öyrəndik.
DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə bildirdi ki, “Xəzər boru” zavodunda baş verən olay aidiyyəti orqanlara, prosedura uyğun olaraq, müraciət edilərsə, araşdırıla bilər.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Təranə Vəlizadə ilə əlaqə saxlayıb baş verən insident barədə hansı məlumatlarının olduğunu öyrənməyə çalışdıq. Mətbuat xidmətinin rəhbəri isə informasiyanı dəqiqləşdirdikdən sonra onunla əlaqə saxlamağımızı istədi. Lakin mətbuat xidməti ilə daha sonra əlaqə saxlasaq da T.Vəlizadə ilə danışa bilmədik.
ARDNŞ-in mətbuat xidmətində isə zənglərimizə cavab verən olmadı.

Hikmət

HƏMÇİNİN BAX:

Rövnəq Abdullayevin “Xəzər boru” əməliyyatı

Rövnəq Abdullayevin adı silahlı basqın olayında