Onlarla qürur duyuruq!

Illərdir bu hakimiyyət bizə millət vəkilimizin olmasına icazə vermir. Öz adamlarını xalqa onun vəkili kimi sırıyır bu hakimiyyət. Biz bu situasiyanı dəyişmək üçün çalışır, çabalayırıq. Inanırıq, inanmaq istəyirik ki, artıq bizdə də bir gün bizə sırınan yox, bizim seçdiyimiz bir millət vəkili olacaq. Amma görəcək günlərimiz qabaqda imiş: artıq hakimiyyət bizim nəinki millət vəkilimizin, ümumiyyətlə, vəkilimizin olmasını istəmir! Bunların öz vətəndaşlarına nifrətinin nə qədər ucsuz-bucaqsız olduğunu göstərir bu. Mən bilmirəm bəşər tarixində daha hansı iqtidar öz insanlarını vəkilsiz, qorumasız, müdafiəsiz qoyacaq qədər qəddar və amansız olub.

Üstəlik, mən heç onu da bilmirəm ki, bu xalq bunlara nə edib ki, ona bu qədər nifrət var içlərində. Bu xalq bunlara nə edib ki, onu hər tərəfdən çarəsiz, əlacsız buraxmaq üçün əllərindən gələn və gəlməyən hər şeyi ediblər? 18 ildir məmləkətin daşını daş üstə qoymadılar. Bütün sərvətlərinə dədə malı kimi yiyələndilər. Xalq dinmədi.
Hüququ sildilər ölkədən – xalq yenə dinmədi. Bütün azadlıqların başına daş saldılar – xalq yenə sus-pus. Bir adamın iradəsini milli iradənin üzərinə çıxardılar, saxtalaşdırmadıqları seçki qalmadı – xalq yenə görməzdən gəldi.

Başqa nə istəyirlər? Bu qədər yaxşılığı bunlara hansı xalq edərdi ki, biz elədik. Indi qarınlarının ağrısı nədir? Onların bunca nifrətini qazanacaq nə günah iş görüb bu xalq? Bu xalq nə edib ki, indi, hətta onun adi vəkilinin olmasını da istəmirlər?

***

O vəkillər son ümidlərindən biridir bu ölkənin.
Əldə-ovucda qalan beş-üç vicdanlı qəzetçi qədər! Nəsli tükənməkdə olan üç-beş gerçək hüquq müdafiəçisi qədər onlar da bu millətin və vətənin son ümidləridir.
Azərbaycanın gerçəkdən də bir hüquq ölkəsi olacağına inamı sönməyə qoymayan… Ədalət uğruna, özgürlük uğruna apardığımız bu qutsal savaşın gec-tez xoşbəxt sonluqla bitəcəyinə ümidləri ölməyə qoymayan şərəfli insanlarıdır.
Indi sıra onlara çatıb, sıradan çıxarılmaq növbəsi onlara çatıb. Onlara:
Elçin Namazova…
Anar Qasımova…
Xalid Bağırova…
Osman Kazımova…
Azərbaycanda vəkilliyin namusunu və ləyaqətini qoruyan bu insanlardan indi sadəcə, bir şey tələb edilir: vəkilliyi satmaq! Vəkilliyi satıb millət vəkili olmaq tələb edilir onlardan, təyinatlı millət vəkili.
Onlardan xalqın deyil, bu çirkin rejimin vəkili olmaq tələb edilir.
Gücsüzün deyil, güclünün…
Haqlının deyil, haqsızın…
Adilin deyil, zalımın…
Xeyirin deyil, Şərin vəkili olmaq tələb edilir onlardan!
Və onlar dirəşirlər, bütün basqılara, namərdcəsinə edilən hücumlara rəğmən dirəşirlər. Azərbaycanda vəkilliyin namusu və ləyaqəti uğruna döyüşürlər.
Yenə də bizim, addımbaşı haqları ayaq altında tapdanan, azadlıqları əlindən alınan, ədalətsizliyə qurban verilən bizlərin vəkili, qoruyucusu, müdafiəçisi olmaq naminə savaş aparırlar. Onları bu meydanda tək qoymağa heç birimizin, amma heç birimizin haqqı yoxdur.
Bu gün onların bizə ehtiyacı var. Bu gün biz onların vəkili olmalıyıq ki, sabah, birigün şəri, böhtanı, sərhəd tanımayan bu rejim qarşısında vəkilsiz qalmayaq. Qorumasız, müdafiəsiz qalmayaq.

***

Bu gün onlar özləri belə, bəlkə də fərqində deyillər tarix yazdıqlarının. Adlarını bu ölkənin tarixinə qızıl hərflərlə həkk etdiklərini bəlkə də özləri belə, bilmirlər.
Amma günlərin bir gözəl günü adları çəkildikdə hər kəsin içi qürurla dolacaq. Qəlbi fərəhlə döyünəcək. Gözləri işıqlanacaq.
Elə bir gün gələcək ki, ən çətin anlarda xalqı həyatları və karyeraları bahasına qorumasız, müdafiəsiz qoymaq istəməyən bu ləyaqətli insanların adlarını tarix kitablarından oxuyacaq cocuqlarımız.
Və bizə qibtə edəcəklər. Bu cür cəsarətli və namuslu adamlarla eyni yolun yolçuları, eyni davanın döyüşçüləri olduğumuz üçün!
Alman mədəniyyətinin mədəniyyətsizliyə çevrilməsi
“Azadlıq” radiosunun saytında Göygölə gedən bloqçu Sakitoğlunun səfər yazısını oxudum. Düzdür, bütün Azərbaycan üçün adi haldır orada yazılanlar.
Amma hər halda sizə də oxumağı məsləhət görürəm. Almanların tikdiyi bir şəhərin düşdüyü aqibətə baxın. Görün o boyda mədəniyyəti olan xalqın Azərbaycandakı yadigarının başına hansı mədəniyyətsizlikləri açıblar bunlar.
Beləliklə, həmin yazı: “Göygöl yazılan yeri keçən kimi Heydər Əliyevin böyük bir şəkili bizə əl sallayır. Nəhayət, gəlib çatırıq şəhərə. Heydər Əliyev prospektində düşürük. Göygöl şəhəri kiçik şəhər və təmiz şəhərdir. Havası da çox gözəldir. Burada qabağında Heydər Əliyevin böyük heykəli olan Icra Hakimiyyətinin binasını çıxmaq şərti ilə hündürmərtəbəli bina yoxdur. Şəhərin mərkəzindəki evlər köhnə alman evləridir. Göygöl şəhərini 1819-cu ildə Qafqaza köçən almanlar salıb. Koloniya Helenendorf adlanırmış. Bir az gəzdikdən sonra mərkəzdəki Heydər Əliyev parkına gəlirik. Üzbəüzdə Heydər Əliyev Universiteti və Heydər Əliyev Mərkəzi yerləşir. Parkda Heydər Əliyevin büstünün arxasındakı çayxanada oturub çay içir, domino oynayırıq. Göygölün suyu yaxşı olduğu üçün çay da çox dadlı olur. Çayxanada təxminən bir saat oturub qalxırıq, bir dostumuz gəlməlidir. Vaxt öldürmək üçün Heydər Əliyev Mərkəzinə giririk. Içəridə ancaq fotoşəkillərdir. Başda da Heydər Əliyevin qızılı rəngdə büstü qoyulub, yuxarı tərəfdə isə aforizmi yazılıb: ”Azadlıq və Istiqlaliyyət hər bir xalqın milli sərvətidir…”.
Şərhə ehtiyac qaldımı?