Sən demə, biz feodalizmdə də yox, birbaşa quldarlıq quruluşunda yaşayırmışıq. Ama deyirdilər ki, Azərbaycan ərazisində quldarlıq quruluşu olmayıb, ibtidai icmadan hoppanıb hazırca feodalizmə keçmişik. Aydın olur ki, bu tarixi bilgilər yalanmış, ölkəmizin ərazisində quldarlıq olubmuş, özü də nəinki olubmuş, hətta feodalizmə keçid də baş verməyibmiş. Elə orada qalıbmışıq ki, qalıbmışıq. Indi düşünəndə, dünya düzəninə çatmaq üçün hələ qarşımızda nə qədər uzun bir yol var, adamı vahimə basır. Görəsən, eralarca sürmüş quldarlıqdan dərhal kapitalizmə adlamaq mümkünmü? Yoxsa düşünəndə adamın bağrı çatlayır.
Bu, heç də şişirtmə-zad deyil. Quldarlıq quruluşunun buynuzu-filanı olmur ki! Quldar var, qul-kölə var, istehsal münasibətləri də həmən-həmən.
Bir dövlətin ki, polisi, yəni demokratik cəmiyyətlərdə asayişi, insanların azadlığını qorumalı olan şəxs özünü kölə hesab eləyir və bunu fəxrlə deyirsə, hətta bağıraraq dilinə gətirirsə, hətta bunu öz üstün cəhətlərindən başlıcası kimi gözümüzə soxursa, daha tarix kitablarına, yalançı basıb-bağlamalara inanmağın nə mənası. Adam öz dililə qul olduğunu deyir – onun bir ağası varmış!
Bu tarixi cümləni Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənc fəallar – Elnur Məcidli, Əhəd Məmmədli, Ülvü Quliyev və Rüfət Hacıbəylinin məhkəməsinin qarşısında ədəbsizlik eləyən Nəsimi Rayon Post-Patrul Xidmətinin manqa komandiri Natiq Qaraşov deyib. Natiqin adaşı olan jurnalist yazır: “Natiq Qaraşovun özbaşınalığı o həddə çatdı ki, ”sizin bu hərəkətlərinizdən Möhübbət Hüseynova, Vilayət Eyvazova şikayət edəcəyik” xəbərdarlığımıza o, “mənim bir ağam var, o da qurbanı olduğum Ilham Əliyevdir, ondan başqa heç kim mənə heç nə edə bilməz, gedin əlinizdən gələni beş qaba çəkin”,- cavabını verdi”. Demək Ilham Əliyev prezident deyil də, ağaymış, quldarmış. Ordu-ordu belə qulları varmış. Ancaq onunçün sevinməyə dəyməz – o hansı rəhmətlikdi, deyir ki, qulun əxlaqı olmaz?!. Sabah ilk məqamda ağasını satan birinci elə o qul olacaq.
Bu yaxınlarda bir polis polkovniki ilə rəsmiyyətdən uzaq söhbətimiz oldu. Səmimi söhbət idi. “Axı biz polislərdən nə istəyirsiz?” – məndən soruşdu. Mən: “Yox, siz polislər bizdən, bu xalqdan nə istəyirsiz?” – suala sualla cavab verdim. “Biz dövlətçiliyi qoruyuruq,- dedi.- Bu gün dövlətçilik Əliyevdi, sabah başqası olacaq, onu da qoruyacağıq”… Görəsən Azərbaycan dövlətinin canı bu “dövlətçilik”dən nə vaxt qurtulacaq? Polis qardaşımın sözündən belə çıxır ki, sabah Əli Kərimov, Isa Qəmbər, ya başqası gəlsə, onda da polis onlara, yəni həmin “dövlətçiliyə” görə ədəbsizlik eləyəcək, üstümüzə şığıyacaq və deyəcək: “Mənim bir ağam var, Filankəs…”. Mənə elə gəlir ki, biz o dövlətçilik üçün savaşmırıq, o dövlətçiliklə savaşırıq. Polis də ümid eləməsin ki, onun boynuna əbədi köləlik missiyası qoyulub. Biz həm də o polisi o əbədi köləlikdən azad eləmək üçün savaşırıq. Heç kim nə polisin, nə istənilən vətəndaşın ağası ola bilər. Polis istəməsə də, biz onu, hətta zorla köləlikdən xilas eləməliyik.
Kimisə özünün ağası sayan polis, təbii ki, özünü də kiminsə ağası hesab eləyəcək. Uzağa getmək lazım deyil. Elə “Azadlıq” qəzetinin dünənki sayında iki polisin iki ayrı-ayrı yerdə iki ağalığından söhbət gedir. Qəzetin loxəbər reportyoru Ramin Dekonun iki yazısı gedib, hər ikisi də polisin vəhşiliyindən bəhs eləyir. Hər ikisində qan və qansızlıq su yerinə axır. Üstəgəl onun böyük adaşı Ramin Nağıyevin qəzetə təqdim elədiyi prezidentə ünvanlanmış tükürpərdən məktub!!!
Nə isə, onların bir ağası var, bildik kimdi, istədiyini də eləyə bilər. Bəs bu vəhşiliklərin başında hansı ağa durur? Onun da adını bir bilsək…