“Islamın firuzəsi” – Göy məscid

Qaraqoyunlular dövrünün yadigarı

Təbriz şəhərində yerləşən məşhur tarixi Göy məscid Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikilinin hazırda xarabalıqları qalır. Inşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət, hasara alınmış məscidin həyətində hovuz olub. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438-1467), Uzun Həsən (1453-1478) və Sultan Yaqub (1478-1490) bu zaman Azərbaycanın paytaxt şəhərində şəhərsalma tədbirləri həyata keçirirdilər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi, Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlirdi.

Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi Cahanşah “Həqiqi” təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazan Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar onun incə zövqündən xəbər verir. Bu abidələrin çoxunun adı türk alim-səyyahı Övliya Çələbinin (XVII əsr) kitabından bəllidir. O, Təbrizin ən yaxşı tikililərini sadalayaraq onlardan bir neçəsinin də adını çəkir – “Cahan şah imarəti”, “Cahan şah hamamı”, “Cahan şah karvansarası”, “Cahan şah binası” – və qeyd edir ki, “Təbrizdə ən böyük mədrəsə Cahan şah mədrəsəsidir”.

Cahan şah dövrünün ən görkəmli abidə tikintisi 1467-ci ildə tamamlanmış Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər tikililər daxil olmuşdur. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşmişdir. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə yalnız kompleksin baş tikilisi – memarlıq tarixinə Göy məscid adı ilə daxil olmuş əzəmətli cümə məscidi qalmışdır.

Quran yazıları ilə örtülmüş və məscidin giriş baştağının dərin tağçasını dövrələyən “P” formalı çərçivə içərisindəki yazı Müzəffəriyyə kompleksinin tikilmə tarixini (hicri 870-1465) göstərməklə “Əqəl-əl-ibad (aciz qul) Neymətullah bin Məhəmməd əl-Bəvvab” sözləri ilə bitir. Bir qrup araşdırmaçı bu yazıya əsaslanaraq güman edir ki, Göy məscidin inşaatçısı – memar Neymətullah Bəvvabdır. Lakin burada məsələni dolaşdıran odur ki, usta orta əsr abidələrinin inşaat epiqrafikalarının bir çoxunda olduğu kimi öz inşaat adını göstərməmişdir. Burada isə bəzi orta əsr müəllifləri konkret halda Neymətullah Bəvvabın şəxsiyyətini və kimliyini işıqlandırır. Lakin onların hamısı təbrizli Neymətullah Bəvvabı yalnız dövrün mahir xəttatı kimi təqdim edirlər. Məlumatlara görə, bu sənətkar təkcə Müzəffəriyyə kompleksinin deyil, həm də Cahanşah Həqiqinin inşa etdirdiyi iri dövlət müəssisələrinin dekorativ yazılarını icra etmişdir. XVI əsr müəllifi Qazi Əhməd öz risaləsində açıqca bildirmişdir ki, Müzəffəriyyə tikilisinin yazılarının “hamısı onun (Neymətullah Bəvvabın) xəttindəndir”.

Memarlıq abidəsinin gerçək müəllifi kimdir?

Göy məscidin müəllifinin şəxsiyyəti haqqında başqa, daha öncəki bir versiya da sənədli və elmi cəhətdən əsaslandırılmışdır. XX əsrin əvvəllərində alman alimi E.Dits Məşhəddəki Şah məscidini Təbrizin Göy məscidi ilə müqayisə edərək yazır: “Böyük inamla demək olar ki, bu iki abidə bir memara – Şah məscidinin kitabəsində adı olan Əhməd Təbriziyə məxsusdur”. O, dövrün bir çox alimi kimi, E.Dits də yanlış olaraq Göy məscidin Şah məscidindən tez inşa edildiyini güman edir və belə bir fərziyyə irəli sürürdü ki, Əhməd Təbrizi gözəl Təbriz məscidini tikdikdən sonra məşhur memar olmuş və Məşhədə çağırılmışdır.Lakin Cəfər Qiyasi qeyd edir ki, “aydın göründüyü kimi, Göy məscidin yanında Şah məscidi təkcə ölçücə deyil, həm də memarlıq bədii keyfiyyətlərinə görə çox aşağıdır.

Tarixi gerçəklik olduğu kimi verildikdə belə (Göy məscid Şah məscidindən 14 il sonra ucaldılmışdır), bu abidələrin bədii ifadəliliyi arasındakı kəskin fərqi Əhməd Təbrizinin 14 illik yaradıcılıq təcrübəsi və ustalığı ilə izah etmək çətindir. Göy məscidin Şah məscidinə nisbətən memarlıq-bədii səciyyəsi çox yüksəkdir. Bu abidələrin memarlıq-planlaşma həlli arasında olan oxşarlıq onların bir memarın yaradıcılıq səpkisinə deyil, bir memarlıq məktəbinin arealına aid olması ilə bağlıdır.Özünün “Rouzat əl-cinan və cənnət əl cinan” (Cənnət bağları və cənnətlər cənnəti) əsərində Hafiz Hüseyn bildirir ki, Cahan şahın sevimli arvadı Xatunxan Bəyim saraya xüsusi çağırılmış hörmətli adamlar içərisində Müzəffəriyyə kompleksinin əsasını qoymaq üçün Küçəçi kəndindən Şeyxlər nəslindən olan Xacə Məhəmməd ibn Xacə Osmanı seçdi. XVI əsr müəllifi bildirir ki, “buna görə bu binanın əsasını o (Xacə Əli) qoydu. Deyirlər ki, onun planlaşdırmasına görə bu binanın çox yüksək bədii forması var”. Sonra, Təbriz yaxınlığındakı Lala kəndindən söz düşəndə Hafiz Hüseyn daha aydın yazır: “Xacə Əli tikinti ixtisasından tam xəbərdar olduğuna görə, o bu yerlərin binalarının çoxunu tikmiş və planlarını tərtib etmişdir”. Bu sətirlər artıq şübhə yeri qoymur ki, bu iki keyfiyyətin bir şəxsdə birləşməsinə görə Xatunxan Bəyim onu iri Müzəffəriyyə kompleksinin tikintisinə başçılıq etmək üçün seçmişdir.

XX əsrin 70-ci illərində Göy məscidin “təmizlənməsi” və “bərpası” zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılmışdır. Onun üstündə qabarıq hərflərlə nəsx xətti ilə yazılmışdır: “Be sərkareye Izzətdin Qapuçi ibn Məlik”. Beləliklə, Göy məscidin inşasına başçılıq edən mütəxəssislər müəyyənləşdirilmişdir: baş memar – Xacə Əli Küçəçi, monumentalist xəttat – Mövlanə Nemətullah Bəvvab və baş iş icraçısı – Izzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində, təsiri Azərbaycanın hüdudlarından kənara çıxan nadir memarlıq əsəri yaratmışlar.

Yaşıl cami ilə Göy məscidin bənzərlikləri

XX əsrin əvvəllərində türk alimi C.Ə.Ərsevən qeyd edir ki, “Təbrizdə sünni məscidinin (Göy məscidin) planı Bursadakı Yaşıl camini (1413?1421) çox xatırladır”. Bu fikri sonralar bir çox alimlər də bölüşmüşlər. Cəfər Qiyasi isə qeyd edir ki, “istənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq-bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar”.

Bursadakı Yaşıl cami ilk osmanlı məscidlərinin ən yetkin örnəyi olub daha çox zaviyyə kimi tanınır və planı “T” formalıdır. Görkəmli türk araşdırmaçısı E.H.Ayverdinin “qanadlı cami” adlandırdığı bu tip məscidlər Bursada XIV-XV yüzilliklərdə formalaşmışdır. Yan qanadları olan ilk məsciddə – Orxan camisində (1339) türk memarları birinci dəfə sadə fəndlərlə çoxsütunlu məscidin dağınıq planını yığcam planlaşma ilə əvəz etdilər. Onun düzbucaqlı ibadət salonu aralarında tağ olan və günbəzlə örtülü iki kvadrat hissədən ibarətdir. Vestibül və yan otaqlar salonun şimal hissəsi ətrafında simmetrik yerləşmişdir. Planın belə sadə qurulması özünü müəyyən iqtisadi və konstriktiv cəhətdən doğrultmuş, az vəsaitlə sütunlara bölünməyən xeyli böyük ibadət salonu əldə etməyə imkan vermişdir. Daha monumental formalarla həll edilmiş Yaşıl camidə də bu ideya gözlənilmişdir. Qanadlı Bursa məscidlərinin ibadət salonları əslində tağla birləşmiş planda kvadrat biçimli iki səlcuq məscididir. Təbriz zonasında isə belə uzunsov salonlar adətən tağ tavanla örtülürdü.

Göy məscidin baş fasadının simmetrik quruluşu var. Fransız araşdırmaçısı P.Kostanın XIX əsrdə məscidin ancaq baş fasadının sxemini verməsini də bəzi tədqiqatçılar bununla izah edirlər. Baştağın arxasında – simmetriya oxunda mərkəzi salonun nəhəng qübbəsi ucalır.

Mühəndis-konstruktiv cəhətdən Göy məscid Təbriz memarlıq məktəbinin ən böyük nailiyyətlərindəndir. Zəlzələ və baxımsızlıq üzündən Göy məscidin örtükləri uçmuşdur. Buna görə də indiki görkəmi onun həcm-məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Həm interyer, həm də fasad bəzəyinin rəng koloritində göy rəng üstün olduğundan abidə Göy məscid adını almışdır. Göy məscidin bütün gövdəsini örtən kaşı üzlüyünün heyrətləndirici maviliyi və parlaqlığı isə başqa bir adın – “Islamın firuzəsi” epitetinin də yaranmasına səbəb olmuşdur.
Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik, əlvanlıq və gözəllik zirvəsidir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir