Bəli, “aləm heyran olur, bizim bu büsata!”. Mən bu sətirləri yazanda bunlar neft sazişlərinin imzalanmasını qeyd edirdilər. Bilmirəm, görəsən, digər neft ölkələrində də belə bayram varmı? Məsələn, Norveç dənizdə neft tapıldığı günü bayram edirmi? Doğrusu, mən bunu bilmirəm. Və yaxud da Küveytdə insanlar qərb şirkətləri ilə saziş bağladıqları günü bayram edirmi? Bəli, mən hökumətimizi başa düşürəm, onların bayramı elə bu gün və bir də MDB-nin yarandığı gündür! Neft onlara iqtisadi, MDB isə siyasi dividendlər gətirir!
O gün yenə də bu haqda düşünürdüm. Nə isə. Əsas odur bu həftənin boyuna böyük yük düşüb. BMT-dən soraqlar gözləyirik, Türkiyə səfirinin bəyanatı maraqlıdır, ona reaksiyanı izləyirik. Qərəz, vəziyyətləri o qədər də asan deyil və mən güman edirəm ki, bundan sonra məhz belə olacaq. Bəli, əgər artıq Türkiyə də “rejimlərin yox, xalqların yanında olacağıq!” deyirsə, deməli, yer bizim hakimiyyətin ayaqları altından qaçır. Vaşinqton, Ankara, Avropa – hə, bunların hamısı təxminən eyni işarəni gözləyir. Bilirsiniz, avtoritar rejimlər qeyri-sağlam siyasi sistemin ərsəyə gətirdiyi “atavizm”lərdir. Bu rejimlər ona görə meydana çıxır ki, siyasi sistem normal deyil, xəstədir. Təbii ki, biz bütün problemləri bu hakimiyyətin sərəncamına vermək niyyətində deyilik. Məsələn, Türkiyənin Israillə bağlı ismarışını götürsək, bunu yüz ölçüb və bir biçmək lazımdır. Ötən yazımda da qeyd etmişdim ki, mən Türkiyə ilə Israil arasında yaranmış indiki vəziyyəti normal saymıram. Bunun səbəbləri Yaxın Şərq münaqişəsi hesab olunur. Amma bir məsələ də var ki, regionda vəziyyət dünən, bu gün yaranmayıb, bu, on illərin problemidir. Mən də bəzi bəyanatları bəyənmirəm. Yəni Fələstinin Kosovo qədər hüququ yoxdur? Bu aspektdən yanaşanda Türkiyə Fələstinin qanuni hüquqlarını tanımaqla düz edir. Amma Azərbaycandan da bundan artıq tələb etməməlidir. Azərbaycanı daha artıq təzyiq vasitələrinə təhrik etmək olmaz. Bizim ölkənin ərəb Liqası və Islam Əməkdaşlıq Təşkilatının dəstəyinə ehtiyacı var. Amma bu dəstəyi əldə etmək üçün Fələstin problemində bu gün ediləndən artıq etməyə elə də ehtiyac yoxdur. Nə isə. Bu sətirləri ona görə yazdıq ki, elə problemlər var ki, onlar bütün ölkənindir, baxmayaraq ki, bu YAP hakimiyyəti bütün ölkəni də özəlləşdirib.
Bir məsələni də deyəcəm. BMT-nin bu iclası Azərbaycan üçün çox önəm kəsb edir, çünki ölkə qeyri-daimi üzvlüyə iddia edir. I.Əliyev bir qayda olaraq beş-on nəfərdən ibarət “yerli ictimaiyyət” qarşısında çıxış edəndə adam güman edir ki, o, fikirlərini çatdırmaq üçün bir tribuna axtarır. Bəs onda BMT-nin iclasına niyə yollanmır? Hətta M.Əhmədinejad belə, ora səfər etdi. Sizə tribuna lazım deyil? Məgər BMT-nin tribunasından da daha ali və mötəbər tribuna varmı? Böyük dövlətlərin hamısının başçıları indilər ora toplaşıb! Hə, ruslar Qarabağ probleminin BMT-də müzakirə edilməsini xoşlamır. Amma bütün hallarda məsələ gündəlikdə var. Deməli, Azərbaycan bu məsələyə o qədər də önəm vermir, ona formal yanaşır. Rusların ovqatına gəldikdə isə, onların missiyası fiaskoya uğrayıb. D.Medvedevin təşəbbüsü hələ ki, heç bir nəticə verməyib və bundan sonra da verməyəcək, çünki bu ölkənin məqsədi Qarabağ problemini həll etmək deyil, Cənubi Qafqazı da öz çevrəsində saxlamaqdır. I.Əliyev də getdikcə Rusiyanı daha çox eşidir. Bəli, o görür ki, nə ABŞ, nə Avropa, nə də Türkiyə şəxsən ona müttəfiq deyil və onun hakimiyyətinə ancaq çarəsizlikdən dözürlər. Hətta Tehran da ona elə də müttəfiq münasibəti bəsləmir. Təkcə dövlət Rusiyadır ki, I.Əliyevin idarə etdiyi siyasi sistemə dözümlə yanaşır. Bu, çəkisizlikdə siyasətə oxşayır, elə bir istinad nöqtəsi yoxdur.
Kiçik sözardı
Bəli, siyasi sistem öz limitinə yaxınlaşır. Adamlar nədənsə hələ də qorxu və təlaş keçirir. Halbuki rejimin pik nöqtəsi artıq keçilib, bundan sonra bu rejim tənəzzülə doğru gedəcək. Indi böyük ölkə başçılarının qınanması prosesi və ictimai qınaq mərhələsi başlayacaq. Ərəb ölkələrindəki hərəkatları müdafiə edən dünya digər avtoritar rejimləri bağışlayacaqmı?


