Enn Dersi ilə heç görüşməmişəm, belə söhbətlərim də olmayıb
WikiLeaks saytı Azərbaycanla bağlı gizli sənədləri dərc etməkdə davam edir. Sənədlərdə adı çəkilən adamlar orada əks olunan məlumatlarla bağlı təkzib versə də, ABŞ tərəfinin buna reaksiyası fərqli olub. WikiLeaks sənədləri yaymağa başladığı ilk dövrdə ABŞ dövlət katibi Hillari Klinton məxfi məlumatların açılmasından təəssüf hissi keçirdiyini desə də, orda əks olunan məlumatları təkzib etməyib. Bu yaxınlarda isə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu məsələ ilə bağlı şərh verməsə də, orda qeyd edilənləri təkzib etməyib və bildirib ki, buna görə diplomatlar maaş alır. “Azadlıq” qəzetinin ötən sayında 2008-ci ildə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin Vaşinqtona göndərdiyi teleqramda səfirlik əməkdaşlarının keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə ilə İran məsələsiylə bağlı apardığı müzakirənin detalları yazılıb. Səfir bildirib ki, Vəfa Quluzadə diplomatlarla görüşdə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinin İranla sıx biznes əlaqələrinin olduğunu söyləyib. Keçmiş dövlət müşaviri səfirlik əməkdaşlarına bildirib ki, baş nazir Artur Rəsizadə, onun müavini Abid Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfov İran hakimiyyəti və iş dünyası ilə əməkdaşlıq edir. Quluzadə İranın hətta onu da ələ almağa cəhd göstərdiyini bildirib. Bəs sənəddə əks olunanlara orada adı çəkilən keçmiş dövlət müşaviri Vəfa Quluzadənin münasibəti necədir?Sənəddə göstərilənlərin heç birinin həqiqətə uyğun olmadığını deyən V.Quluzadə heç vaxt Enn Dersi ilə görüşmədiyini də vurğuladı. Yazılanları uydurma adlandıran V.Quluzadə adı çəkilən şəxsləri İranla əlaqəda günahlandırmaq üçün heç bir əsasının olmadığını dedi: “Bunları kimsə uydurub və Wikileaks-in adından yayıb. İranın məni ələ almağa cəhd etməsilə bağlı deyilənlər də yalandır. Enn Dersi ilə heç görüşməmişəm, heç vaxt belə söhbətlərim də olmayıb”.V.Quluzadə ABŞ-ın Azərbaycandakı səfirlərindən yalnız Ross Uilson və Stenli Eskudero ilə görüşlərinin olduğunu bildirdi. Keçmiş dövlət müşaviri həmçinin diplomatik praktikada uydurmaların olduğunu da qeyd etdi. O, SSRİ-nin Misirdəki səfirliyinin vaxtilə Moskvaya yalan məlumat göndərməsinin Moskvanın Qahirəyə qəzəbli məktubla cavab verməsiylə nəticələndiyi dedi. Bu da diplomatların bəzən olmayan məlumatları yazmasından xəbər verir: “Səfirliklərin göndərdiyi məlumatlarda belə hallar da olur. Mərkəz tələb edir ki, məsələn, Azərbaycandakı vəziyyət haqqında məlumat göndərin, az göndərirsiniz. Onlar da çox göndərmək üçün bir qismini uydurur”.
Fizzə


