Əzizağa Süleymanov: «Nə qədər ki, rəhbərlik bir ailənin əlində qalacaq, yeni faciələr qaçılmazdır»
Sentyabrın 13-də prezident Əliyevin Qobustan rayonuna səfəri zamanı Bakı-Şamaxı yolunun 44-cü kilometrində “Mercedes” markalı avtomobil Milli Qvardiyanın bir əsgəri və bir çavuşunu vurub. Onlardan biri həlak olub, digəri yaralanıb. Hər ikisi dövlət başçısının kortecinin təhlükəsizliyini təmin edirdilər. “Milli Qvardiyada xidmət edənlərin belə YNH-də həlak olması mümkünsüzdür, belə bir şey olmamalıdır, belə ki, mövcud təlimatlar buna yol vermir. Onlarla birlikdə Saray kəndinin 62 yaşlı sakinini də maşın vurub. Mülki şəxs Milli Qvardiya əsgərlərinin yanında ola bilərdimi?”
Bunu Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun ofisində mətbuat konfransı keçirən Milli Qvardiyanın əsasını qoyanlardan biri, istefada olan polkovnik Əzizağa Süleymanov bildirib. Onun fikrincə, hadisənin subyektiv və obyektiv səbəbləri var: “Milli Qvardiyanın şəxsi heyəti lazımi şəkildə təlimatlandırılmır. Çünki kənar şəxsin Milli Qvardiyanın qulluqçularının yanında olmaq hüququ yoxdur.
Obyektiv səbəblərə gəlincə, 17 ildir Milli Qvardiyanın komandanı vəzifəsi vakant olaraq qalır. Dövlət Xüsusi Mühafizə Xidməti və Milli Qvardiyada bir çox məsul vəzifələri Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun qohumları tutur. Milli Qvardiyanın qərargah rəisi vəzifəsinə 10 ildir ki, Vaqif Axundovun qohumu, tamamilə mülki şəxs rəhbərlik edir. Peşə hazırlığı Idarəsinə isə keçmiş müstəntiq başçılıq edir. Ümumiyyətlə, hər iki qurum peşə üçün yararsız insanlarla doludur”.
Ə.Süleymanovun sözlərinə görə, 3-4 il əvvəl prezidentin bölgələrə səfəri zamanı Hacıqabul rayonu ərazisində Milli Qvardiyanın bir neçə əsgəri dəmiryol qatarı altında qalmışdı, onlardan bir neçəsi həlak, digərləri isə əlil olmuşdu: “Bu hadisə ictimaiyyətdən gizlədildi və heç kim cəzalandırılmadı. Belə çıxır ki, hər dəfə dövlət başçısının rayonlara səfəri zamanı Milli Qvardiyanın əsgərləri həlak olmalıdır? Mən 1991-ci ildə Milli Qvardiyanı yaradanlardan biri olmuşam. Hazırda bu qurumda baş verənlər məni narahat etməyə bilməz. Nə qədər ki, Milli Qvardiya və Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbərliyi bir ailənin əlində qalacaq, yeni faciələr qaçılmazdır”.