“Əsrin kontraktı” bizə nə verdi?

Məhəmməd Talıblı

Hər il sentyabrın 20-də ölkədə “Əsrin kontraktı” adı altında böyük tədbirlər keçirilir, bu haqda saatlarla verilişlər göstərilir. Təbii ki, bu sazişin önəmi və iqtisadiyyata verdiyi tövhələr danılmazdır. Bu haqda mübahisələr yersiz və qərəzlidir. Bu barədə bir az sonra… Amma düşünürəm ki, bu sevincin coğrafiyasının genişlənməsi və onun “ümummilli” sevincə çevrilməsi üçün sadə bir həqiqəti nəzərə almaq lazımdır. Belə ki, Azərbaycanın ucqar bir kəndində qazsız və soyuq divarlar arasında oturub bu “fişəng” bayramını TV-də seyr edən, Fatmanisə xala və ya Məmmədhüseyn əminin evində gərək qaz yansın, ucuzlu neft ala bilsin və süfrəsində neft gəlirlərinin təzahür etdiyini görə bilsin ki, həmin bayrama sevinə də bilsin. Əks halda, xarici ölkə xəbərlərini və onların rifahı haqqında göstərilən sujetlərdəkindən bunun heç bir fərqi olmayacaq. Baxmayaraq ki, soyuq günlərdə nağıl qəlbə yaxın olur, amma bu məqamda o ağla batan olmayacaq. Demək, birinci “Əsrin kontraktı”nın üstünlükləri haqqında danışmadan, onun vətəndaşlarımızın həyatlarında oynadığı rola diqqət etməliyik. Əks təqdirdə, onun faydaları haqqında abstrakt mühazirələrə kimsəni inandırmaq mümkün olmayacaq.

“Əsrin kontraktı”nın qısa tarixçəsi

Bu kontraktı hər yerdə və hər zaman H.Əliyev hakimiyyətinin uğuru kimi qiymətləndirirlər. Amma görünür ki, bu haqda bəzi həqiqətlərə yenidən işıq salmaq lazımdır. Müstəqillik aktının 18 oktyarbda imzalanmasından sonra, həmin ilin yanvarında “Azəri” neft yatağı üzrə tender elan olunur. Bu tenderdə bp, “Statoyl”, “Amoco” isə “Unocal” şirkətlərlə birgə tenderdə iştirak edirlər. Həmin tenderdən “Amoco” (onda hələ BP ilə Amoco birləşməmişdi) şirkəti qalib çıxır. 1992-ci il sentyabr ayının 7-də bp və “Statoyl” şirkətlərinin birgə iştirakı ilə “Çıraq” və “Şahdəniz” perspektiv yataqlarında, oktyabrın 1-də isə Penzoyl və Ramco şirkətlərinin birgə iştirakı ilə isə “Günəşli” yatağında işlərə dair kontrakt imzalanır. Hətta onu da xatırladaq ki, Azərbaycana ilk bonus məhz 3 yataq üzrə bp/”Statoyl” arasında 1992-ci ilin sentyabr ayında bağlanmış sazişə görə ödənilmişdir. Sadəcə həmin geniş tərkibli iştirakçı şirkətlərlə bağlanacaq “Əsrin kontraktı”nın texniki-iqtisadi əsaslandırması üçün zaman fürsətinin üst-üstə düşməməsi həmin neft kontraktının vaxtında imzalanmasına imkan verməmişdir. Məlum olduğu kimi, sonradan 4 iyunda baş verən dəyişiklik həmin kontraktın bağlanmasına imkan vermədi. Demək istəyirəm ki, əldə olunmuş razılaşmalara baxmayaraq, onun imzalanması sonrakı dövrə təsadüf etdi.
Hər iki kontraktın əlverişlilik şərtləri haqqında növbəti yazımızda daha ətraflı yazacağıq.

Nələri qazandıq?

Bu kontrakt ölkə iqtisadiyyatının simasını dəyişməkdə böyük rol oynadı. Məhz bu kontraktdan sonra ölkə iqtisadiyyatına külli miqdarda xarici investisiyalar axmağa başladı. Ciddi tərəfdaş və iqtisadi potensiala malik ölkə kimi tanınmağa başladıq. Xəzinəsi boş və ənənəvi olaraq kəsirlə üzləşən dövlət büdcəsinə müxtəlif bonuslar və kontraktda nəzərdə tutulan gəlirlər daxil olmağa başladı. Həmin illərdə hətta kredit almağı çətin olan bir dövlət üçün bu kontrakt olduqca böyük imkan və fürsət oldu. Beynəlxalq maliyyə qurumlarının vaxtı ilə çətinliklə verdiyi kreditlər kontrakt imzalanandan sonra daha asanlıqla əldə olunmağa başlandı.

Nələri itirdik?

Fikrimcə, kontraktla bağlı bütün müddəlar Azərbaycan dilində nəinki geniş auditoriyaya çatdırılmayıb, hətta onunla ekspertlərin tanış olmaq imkanları olmayıb. Parlamentdə ratifikasiya olunan digər sazişlər də ingilis dilində olduğundan onlarla bağlı detallı təhlillər aparılmayıb və ictimai müzakirəyə təqdim olunmayıb. O ki qaldı kontraktın özündə hansı müddəaların salınmamasına – “Əsrin kontraktı”nda belə çoxsaylı boşluqlar var. Onlardan bir neçəsini qeyd etmək lazımdır. Neft kontraktlarındakı böyük nöqsanlardan biri də ondan ibarətdir ki, yerli firmalara veriləcək sifarişlərin nisbəti həmin kontraktda göstərilməyib. Müqayisə üçün bildirim ki, qonşu Qazaxıstanın analoji kontraktlarında bu rəqəm 50% təşkil edir. Buna görədir ki, bizdə yerli resurslardan istifadədə həmin şirkətlər xeyli üstünlüyə və muxtariyyata malikdirlər. Azərbaycanın Əmək Məcəlləsində işçi hərbi xidmətə getdiyi təqdirdə onun iş yerinin açıq saxlanılması, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən öz iş yerinə bərpa olunması göstərilib. Azərbaycanda xarici neft şirkətləri Əmək Məcəlləsinin bu tələbinə əməl etmir. Işçi məhkəməyə müraciət edəndə şirkətin nümayəndəsi Hasilatın Pay Bölgüsünə dair müqaviləsinə istinad edərək, həmin sənəddə elə bir maddənin olmadığını göstərir. Bundan sonra həmin vətənə borcunu qaytaran şəxs işsiz qalır.
Daha sonra “Əsrin kontraktı”nda həmin transmilli neft şirkətlərində Həmkarlar Təşkilatı yaratmaq nəzərdə tutulmayıb. Məhz buna görədir ki, Azərbaycanda fəaliyyət göstərən 50-dən çox şirkətin içərisində cəmi 4-də həmkarlar təşkilatı fəaliyyət göstərir. Bayrağımızın cırıldığı şirkətlərdə Həmkarlar Təşkilatında birləşməyən şəxslər necə özünü müdafiə tədbirləri həyata keçirə bilərlər? Məlumdur ki, əksər şirkətlərdə eyni işə görə görülən işə görə əcnəbi işçi yerli vətəndaşlarımızdan bir neçə faiz yox, bir neçə dəfə yüksək əmək haqqı alırlar. Bu əmək diskriminasiyasına qarşı məsələlərin qaldırılmasına yenə də Həmkarlar Təşkilatı lazımdır. Amma uzun illərdir ki, həmin şirkətlər çoxdandır bu məsələdə maraqlı görünmürlər.

Nələri qazana bilərdik?

Gəlirlərin daha rasional istifadə edilməsi üçün müəyyən imkanlar var idi. Onlardan vaxtında istifadə olunmaması nəticə etibarı ilə daha çətin vəziyyətlər yaratmaqdadır. Ilk növbədə bu kontrakt Qarabağ probleminin həlli istiqamətində əhəmiyyətli bir açar rolunu oynaya bilərdi ki, bu olmadı. Neft gəlirlərindən səmərəli istifadə orta təbəqə yarada bilərdi və yoxsulluğu əhəmiyyətli dərəcədə aşağı salmağa kömək edə bilərdi. Amma bunun edilməməsi sonucda milyonlarla paytaxt əhalisinin xaricə, əyalətlərin isə Bakıya miqrasiya prosesinə təkan verdi. 
Ölkədə ictimai maraqlar naminə vahid platforma yaradıla bilərdi, amma biz bunu görə bilmədik. Nəinki bu neçə illər ərzində “sosial sülh” yarandı, əksinə cəmiyyət daxilində qarşıdurma meylləri daha da gücləndi. Indi artıq cəmiyyətdə əksər ictimai qüvvələri vahid ideya ətrafında birləşdirən dəyər qalmayıb. Cəmiyyətdə qısasçılıq və nifrət digər humanist dəyərləri üstələyib. 
Bu imkan demokratik ənənələrin və münasibətlərin inkişafını stimullaşdıra bilmədi. Müstəqil media qurumları ya susdurulub, yaxud satın alınıb. Vətəndaş cəmiyyəti institutları xarici donorlardan asılı vəziyyətə salınıb. Milli donorluq institutu formalaşmayıb. “Beyin mərkəzləri” milli maraqlar naminə funksional vəziyyətə gətirilməyib.
Əldə olunan vəsait hakim rejimi müdafiə edən hüquq-mühafizə orqanlarının həmin resurslardan istifadə hesabına digər qüvvələri əzmək vasitəsinə çevrilib. Məhkəmə hakimiyyəti sifarişli hökmlər çıxarır, parlament seçkiləri saxtakarlıqla keçirilir və cəmiyyət üzərində qorxu sindromu yaradılıb.
Beynəlxalq birliklər qarşısında demokratik öhdəlikləri yerinə yetirib demokratik dünyanın bir parçasına çevrilmək əvəzinə, həmin qurumlarda lobbiçiliyi kontrakt “damcıları” vasitəsilə təsir etmək yolu tutulub.
Neft gəlirlərindən cəmiyyətin böyük gözləntiləri var idi.
Bu mərhələdə sosial gözləntilər özünü doğrultmadı və cəmiyyət dərin bir sosial məyusluq uçurumuna yuvarlandı.
Resursların artması elitanın təkmilləşməsinə təkan vermədi. Əksinə, bu proses daha aristokrat elitanı məhv etdi, daha kosmopolit bir nəsli ortaya çıxardı ki, onlar da hər şeyin yaxşı olması haqqında cəmiyyətə davamlı yalanlar söyləyir, ictimai məsuliyyətlərin anlamadan hamını “xor oxumağa” dəvət edir. Daha vacib faktor bu kontarkın hakimiyyətin siyasi xarakterinə etdiyi özünəvurğunluq sindromu yaratdı.
Demokratik dəyişiklik sürəcində neft faktoru tənzimləyici yox, əzici üstünlüyü şərtləndirən amil olaraq çıxış etdi.
Ona görə, hesab etmək olar ki, kontraktdan gözləntilər özünün doğrultmadı.