Ağaşirin Tanrıverdioğlu: «Dedi ki, vətən xainisiniz, bu torpaqda sizə yer yoxdur»
Dünən AXCP fəalı Ağaşirin Tanrıverdioğlu mətbut konfransı keçirərək siyasi mənsubiyyətinə görə üzləşdiyi təzyiqlərdən danışıb. O bildirib ki, həmyerlisinin vasitəsilə Yeni Suraxanı qəsəbəsində işə düzəlib.
Qoşunəli və Bəxtiyar adlı şəxslər cəbhəçiyə qəsəbədə fərdi evlərin tikilməsində icraçı olmağı tapşırıblar. Sövdələşmədən sonra A.Tanrıverdioğlu öz birqadası ilə birlikdə evlərin tikintisinə başlayıb. Birinci evi tikib başa çatdırdandan sonra ustalara çatacaq pulun bir hissəsini istəyəndə Bəxtiyar ona 300 manat ödəyib. Ikinci evin tikintisinə başlayanda isə Bəxtiyar bildirib ki, daha ondan pul istəməsinlər. A.Tanrıverdioğlu isə qalıq borc – 320 manat ödənilməyənə qədər işləməyəcəklərini bildirib. Tərəflər arasında münaqişə də elə bundan sonra başlayıb. Pulu ödəməkdən imtina edən Bəxtiyar AXCP fəalına özünə yeni iş yeri tapmağı tövsiyə edərək yeni ustalarla işləyəcəyini bildirib: “Qalan pulu almaq məqsədilə sentyabrın 17-də Bəxtiyara zəng etdim. Yenə dedi ki, pul verməyəcək. Ustalarla bir yerdə ”Bakı” kinoteatrının yaxınlığındakı çayxanaya gedib onunla görüşdüm. Məni görən kimi qışqırmağa başladı ki, sənə demişdim, pul istəmə, verməyəcəyəm. Dedi, mən sonradan bilmişəm ki, sən cəbhəçisən. Bu torpaqda sizə yer yoxdur, siz vətən xainisiniz. Bu torpaq da, sərvət də bizimdir. Dedim, mənə çatacaq 120 manatı istəmirəm, heç olmasa ustaların 200 manatını ödə. Ayağa qalxaraq sinəmə möhkəm yumruq vurdu. Məni çayxananın arxa tərəfinə aparıb döyməyə başladı. Ətrafdakılar məni onun əlindən güclə aldılar. Ustalarla gələnlərdən biri – özünü Rəşad kimi təqdim edən şəxs polis olduğunu bildirərək Bəxtiyara dedi ki, bundan sonra məsələ mənlikdir. O, məni avtomobilə qoyaraq “20 yanvar” dairəsinə, oradan da Sumqayıtın 3-cü polis bölməsinə apardı. Sumqayıta çatanda vəkilim Asif Yusifliyə zəng etsəm də, onunla danışmağıma imkan vermədilər”.
AXCP fəalı polis bölməsində ondan rəsmi izahat almadıqlarını deyir: “Əvəzində Rəşada dedilər ki, siz beş nəfərsiniz, o təkdir. Gedin çayxanada istədiyiniz izahatı alın. Rəşad məndən tələb etdi ki, izahat yazım və ustalara 200 manat borcumun olduğunu etiraf edim. Bildirdim ki, ustalara mən deyil, Bəxtiyar və Qoşunəli borcludur. Rəşad tələb etdi ki, Bəxtiyarın adını çəkməyim, çünki o zəngindir, güclüdür və hakim partiyaya yaxındır. Bütün hallarda yazacağım izahatda həm Bəxtiyarın, həm də Qoşunəlinin adını göstərəcəyimi bildirdim. Uzun mübahisədən sonra dedilər ki, onda izahatda ustalara çatacaq pulu rəhbərlərdən ala bilmədiyini yaz”.
A.Tanrıverdioğlu bu hadisədən sonra Bəxtiyarın onu hədələdiyini deyir: “Bəxtiyar telefonda mənə dedi ki, Suraxanı rayonuna, tikintinin aparıldığı əraziyə gəlsən, səni güllələyəcəm, şəhərdən didərgin salacam. Bu hədələrlə bağlı Baş Prokurorluq, DIN və MTN-ə rəsmən müraciət etmişəm. Müraciətimdə təhlükəsizliyimin təmin edilməsinə təminat istəmişəm”.
A.Tanrıverdi sözügedən qəsəbədə tikilən evlərin standartlara uyğun olmadığını da bildirdi: “Bunu dəfələrlə onlara demişdim. Bəxtiyar da cavab verirdi ki, mən satana qədər uçmasın, sonrasını alan bilər”.
Cəbhəçinin vəkili Asif Yusifli Bəxtiyarın hərəkətlərində cinayət tərkibinin olduğunu deyir. Onun sözlərinə görə, insanları siyasi əqidəsinə görə ayırmaq, təqib etmək həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağandır: “Bəxtiyar vətəndaşla cəbhəçi olduğuna görə bu cür davranıb. Işə obyektiv baxılsa, bir neçə maddə üzrə cinayət işi qaldırıla bilər. Artıq güc strukturlarına müraciət etmişik və bu işin sonuna qədər gedəcəyik”.


