Rafiq Əliyevdən ara qarışdıran açıqlamalar

Sabiq komitə sədri hicabın İslamın əsas atributu olmadığını iddia etdi; Hacı İlqar İbrahimoğludan ona sərt təpki gəldi

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “Media forum” saytına müsahibəsində sensassion açıqlamalar verib. Təhsil müəssisələrində hicab probleminə münasibət bildirən keçmiş komitə sədri hicabın dinin əsas atributu olmadığını bildirib. R.Əliyevin ikinci belə açıqlaması Imam Mehdi ilə bağlı olub. “Şiələrin inamına görə, ”Quran”da Imam Mehdi barədə surə və ayələrdə işarələr var” sualına cavab olaraq R.Əliyev “Mən, ümumiyyətlə, peyğəmbərlərin və imamların zühuruna və yer üzündə ədaləti bərpa edəcəyinə ümid bəsləmirəm. Bu, çətin problemdir. Insan yaratdığı problemləri özü vaxtında həll etsə, daha real olar” deyə cavab verib.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı Ilqar Ibrahimoğlu R.Əliyevin açıqlamasından təəccüblənmədiyini bildirir: “Azərbaycanda iki Rafiq Əliyev var. Biri ölkəmizin böyük ziyalısı, dünya səviyyəsində Azərbaycanı təmsil edən Rafiq Əliyev. Bir çox məsələlərə gerçək ziyalı yanaşması var və biz onunla qürur duyuruq. Bir də keçmiş komitə sədri Rafiq Əliyev var. Çox böyük təəssüflə xatırlayırıq ki, Dini Komitəyə rəhbər gələndən sonra ölkədə Islam diniylə bağlı qeyri-peşəkar yanaşmanı başlatdı. O vaxt hicabla da bağlı yanlış mövqe sərgiləmək cəhdləri var idi. Din azadlığı, dini proseslərlə bağlı şəxsi mülahizələrini əsas tutaraq davranırdı. Indi yenidən oxşar mövqe səsləndirir. Mən təəccüblənmirəm. Rafiq Əliyevin mahiyyət etibarilə formalaşması sovet dönəminə təsadüf edir. Onun Islam dininə yanaşması da sovetin eynəyindən baxmaqla formalaşıb. Təbii ki, sovet dövrü bitəndən sonra transformasiya prosesi getdi. Sovet təbliğatını aparan insanlar islamşünaslara, dinşünaslara çevrilməyə başladılar. Bəzən bu uğurlu olurdu, ortada yaxşı nümunələr var. Bəzən isə qətiyyən uğurlu olmurdu”.
R.Əliyevin hicabla bağlı fikirlərinə gəlincə, I.Ibrahimoğlu deyir ki, bu barədə ayrı-ayrı şəxslərin yox, Islam dininin və Azərbaycan Konstitusiyasının vahid fikri nəzərə alınmalıdır: “Hicab Quranın mahiyyətindən irəli gələn məsələdir. Bizim Konstitusiyaya görə də qorunmalı olan dəyərdir. Ona görə də kimlərinsə şəxsi mülahizələrlə çıxış etməsini dramatikləşdirmək istəməzdim. Bu, Rafiq Əliyevin ənənəvi yanlış mülahizələrinin davamıdır”.
Keçmiş komitə sədrinin ikinci açıqlamasına da münasibət bildirən I.Ibrahimoğlu bu fikirlə də razılaşmadığını deyir: “Inancımıza görə insan iradəvi həyatını qurmalı və yaşamalıdır. Bu çalışmaların, mübarizənin, insanların kamilləşməsinin fonunda da Imam Mehdinin gəlişinin müstəvisi formalaşır. Azərbaycan xalqının mental olaraq Imam Mehdinin gəlişinə inamı olub. Eyni zamanda cümhuriyyət baniləri də bu inanca sahib olublar. Hörmətli Məhəmməd Əmin Rəsulzadənin ”Əsrimizin Səyavuşu” əsərində səslənən “Mehdiyə inanırıq” bəyanatı da bunun bir təsdiqidir. Mehdi Sahib-əz-zamanın gəlişinə inanmaq problemləri o dövrə saxlamaq anlamına gəlmir. Əksinə, o dövrün gəlişinin intizarında olaraq üzərinə düşəni etmək, içindəki potensialı daha da artırmaqdır”.