Polisin özbaşınalığı hakimi də dilə gətirdi
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənc fəalların – Elnur Məcidli, Əhəd Məmmədli, Ülvü Quliyev və Rüfət Hacıbəylinin məhkəməsi yenə baş tutmadı. Dördüncü dəfədir Rüfət Hacıbəylinin vəkilsiz qalmasına görə təxirə salınan məhkəmə bu dəfə də sentyabrın 23-nə qədər ertələndi.
Zorən vəkillik
Proses başlayarkən hakim Şahin Abdullayev Rüfətdən özünə yeni vəkil tutub-tutmadığı ilə maraqlandı. R.Hacıbəyli isə dedi ki, o heç bir vəkil tutmayıb və vəkili Elçin Namazovu tələb edir. Bu zaman hakim ona dövlət hesabına Telman Qasımovu vəkil kimi təqdim etdi. Hacıbəyli isə növbəti dəfə öz vəkili Elçin Namazovu tələb etdi və bildirdi ki, o olmayacağı təqdirdə öz-özünü müdafiə edəcək. Hakim dedi ki, onun vəkilinin prosesdə iştirakı mümkün deyil. O, Vəkillər Kollegiyasından çıxarılıb. Bununla bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı var.
Hakimə cavab olaraq R.Hacıbəyli dedi ki, o, yeni vəkildən imtina etmir. Onun da müdafiə hüququndan istifadə edəcək.
Hakim bildirdi ki, yeni vəkilin təyin olunması ilə bağlı məhkəmə təxirə salınır. Hakim qeyd etdi ki, yeni təyin olunmuş vəkilə cinayət işinin materialları ilə tanış olması üçün 3 gün vaxt verilməlidir.
Polis özbaşınalığına etiraz
Proses başa çatanda vəkil Yalçın Imanov məhkəmənin qarşısında hər gün təkrarlanan polis özbaşınalığını hakimin diqqətinə çatdırdı: “Məhkəmənin qarşısında polislər dayanır, onlar abırsızlıq, tərbiyəsizlik edirlər. Təqsirləndirilən şəxslərin qohumlarına, əqidə yoldaşlarına, jurnalistlərə qarşı kobudluq edirlər. Bu gün məhkəməyə məni də buraxmırdılar. Deyirdilər içəridə yer yoxdur, deyirəm ki, vəkiləm, anlamırlar. Əgər polislər məhkəmənin qarşısında dayanacaqlarsa, onlara harada olduqları başa salınsın. Məhkəmədən polislərin hərəkətlərinə aydınlıq gətirilməsini istəyirəm. Polislərə də izah edilsin ki, vəkil kimdir”.
Hakim “yetər artıq” deyir
Hakim məhkəmə nəzarətçilərinə göstəriş verdi ki, prosesə gələnlərlə bağlı çoxlu sayda şikayət olunur. Hakimin sözlərinə görə, jurnalistlərin də məhkəmə iclas zalına buraxılmasında problemlərin yaşanması ilə bağlı şikayətlər var. Hakim məhkəmə nəzarətçilərinə tapşırdı ki, ilk olaraq məhkəmə zalına mətbuat işçilərinin buraxılması təmin edilsin, daha sonra vətəndaşların buraxılmasına da şərait yaradılsın.
Hüquq-mühafizəçilər?..
Gənc fəalların Nəsimi məhkəməsində prosesi başlayandan hər iclas zamanı burda polisin kobudluğu bir insident yaradır. Dünənki prosesdən öncə də məhkəmənin qarşısına cəlb olunan Nəsimi Rayon Polis Idarəsinin xeyli sayda əməkdaşları ilə prosesdə iştirak etməyə gələnlər arasında qarşıdurma yarandı. Polislər məhkəməyə gələn vətəndaşlara, məhbusların qohumlarına, jurnalistlərə, hətta məhkəmə nəzarətçilərinə qarşı kobudluq edirdilər.
Prosesə gələnlər polislərə “Polis haqqında” qanunu xatırladanda və vətəndaşlarla davranışda etikanı gözləməyi tövsiyə edəndə onlar ikrahla və təhqiramiz formada “nə qanun-manun salmısınız, ağıllı çıxmısınız”, “başınızdan yekə danışmayın, buranın yiyəsi bizik” kimi xalis reket davranışı sərgiləyirdilər.
Polis: “Burda mənəm, Bağdadda kor xəlifə”
“Azadlıq” qəzetinin əməkdaşı kimi mən də Nəsimi Rayon Post-Patrul Xidmətinin manqa komandiri Natiq Qaraşovun kobudluğu və təhqiramiz davranışı ilə üzləşdim.
O, heç bir əsas gətirmədən bizi nəinki məhkəmə zalına, heç məhkəmənin həyətinə də buraxmayacağını bildirdi. Polis serjantına başa salmaq istəsək də ki, onun bu hərəkəti qanunsuzâââdur və jurnalistin peşə fəaliyyətini məhdudlaşdırmaqdır, o yenə öz kefindəydi. Natiq Qaraşovun özbaşınalığı o həddə çatdı ki, o, bizim “sizin bu hərəkətlərinizdən Möhübbət Hüseynova, Vilayət Eyvazova şikayət edəcəyik” xəbərdarlığına “mənim bir ağam var, o da qurbanolduğum Ilham Əliyevdir, ondan başqa heç kim mənə heç nə edə bilməz, gedin əlinizdən gələni beş qaba çəkin” cavabını verdi.
Qanunlara və öz birbaşa rəislərinə qarşı nümayişkaranə hörmətsizlik edən polis serjantı ilə bağlı daxili işlər naziri general Ramil Usubova müraciət edəcəyik.
Natiq Güləhmədoğlu



