Yəmən yenidən alovlandı

Paytaxtda müxaliflərlə təhlükəsizlik qüvvələri toqquşdu; 26 ölü

Yəməndə 8 aydır davam edən etirazlar səngimək bilmir. Rejim əlaeyhdarları Əli Abdulla Salehin dərhal istefa verməsini tələb etsələr də, 32 ildir ölkəyə başçılıq edən prezident vəzifəsindən ayrılmaq fikrində deyil. O, prezident sarayına atılan raket zərbəsindən sonra ağır yaralansa da, səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Mənsir Hadiyə verib.
Paytaxt Sənada Salehin istefası tələbiylə yenidən küçələrə axışan müxaliflərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Əsgərlər etirazçıları atəşə tutub. Bundan hiddətlənən nümayişçilər geri çəkilməyərək təhlükəsizlik qüvvələrinin üzərinə yeriyib. Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 26 nəfərin öldüyü bildirilir. Etirazçılar mərkəzi meydandan prezident sarayına doğru hərəkət etdikləri vaxt hökumət qüvvələrinin hücumuna məruz qalıblar. Snayperlər şəhərin mərkəzində evlərin damlarından  insanlara atəş açıb, şəhərin başqa yerlərində isə əsgərlər və nümayişçilər arasında qarşıdurma yaranıb. Rəsmilərin sözlərinə görə, həlak olanlar arasında bir uşaq və nümayişçilərin tərəfinə keçmiş üç əsgər var.