Yarımçıq təhsilli Heydər Əliyevin tamamlanmış planı

Sentyabrın 15-nə kimi övladına məktəbli forması alan valideynlərə yəqin ki, dövlət “qəhrəman ana”, “igid ata” ordenləri verəcək. Axı indi orden və medalların əksəriyyəti növbələrdə saç yolmağı bacaranlara, mitinqlərdə uşağı, qocanı döyənlərə, dükanların şüşəsini qırıb aradan çıxanlara, iki eşşəyin arpasını bölə bilməyənlərə… bağışlanır. Tənbəl, key, maaşları gecikən valideynlərə məktəb direktorları sentyabrın 30-na kimi vaxt verib: yeni modeldə məktəbli forması olmayan şagird dərsə buraxılmayacaq. Ölkəmizdə ilk dərs gününə qədər balacanı Misir Mərdanovun tələb etdiyi qaydada geyindirmək, çantasını məktəb ləvazimatları ilə doldurmaq hər valideynin hünəri deyil axı.

Ümumiyyətlə, təhsil nazirinin hər il tələb etdiyi yeni məktəbli formasını əldə etməyə görə həftələrlə növbəyə dayanmaq, attestat, diplom almaq üçün 10-15 il əzab-əziyyət çəkmək nəyə lazımdır? Onsuz da dünyanı yarımçıq təhsilli adamlar idarə edir, dünyanın ən varlı adamları təhsilini başa vurmayan şəxslərdir. Hətta həmin diplomsuz  milyarderlər haqqında “Mərkəz” informasiya agentliyi “Dünyanın 10 ən zəngin və yarımçıq təhsil almış biznesmenləri” (16.08.11) adlı məqalə də yazmışdı. Agentlik Roman Abramoviçin, Mark Zukerberqin, Stiv Balmerin, Maykl Dellinin, Azim Premdjinin, Seldon Adelsonun, Mukeş Ambaninin, Eyk Batistanın, Lourens Ellisonun və nəhayət Bill  Geytsin təhsillərini yarımçıq qoyub necə milyardlar qazandıqlarından geniş yazsa da, təəssüf ki, yarımçıq təhsilli Heydər Əliyevi məşhur zənginlərin siyahısına salmamışdı. Görünür, “Mərkəz”in əməkdaşları Heydər Əliyevin yarımçıq təhsilli olduğunu bilmirlər. Axı kimin ağlına gələr ki, təhsilinı başa vurmayan adam “ulu öndər” ola bilər? Axı kimin ağlına gələr ki, ali təhsil diplomu olmayan şəxs minlərlə diplomlu, savadlı insanı zəlil günə qoya bilər? Nə yaxşı ki, bu haqda dəyərli jurnalist Mirzə Xəzər araşdırma aparıb.

Yoxsa BIZlər hələ də Heydər Əliyevin beş ali məktəbi qırmızı diplomla bitirdiyini düşünüb oxumaq istəməyən balacaları küncdə saxlayacaqdıq. Hörmətli Mirzə Xəzər “Heydər Əliyevin irsi və Əliyev əfsanəsi: bildiklərimiz və bilmədiklərimiz” məqaləsində yazır: “Pərəstişkarları Heydər Əliyevi böyük şəxsiyyət hesab edirlər. Özləri bilər. Pərəstişkarları üçün Heydər Əliyev ”ümummilli” əfsanədir. Onun tərcümeyi-halı pərəstişkarları üçün xəzinədir. Amma bu xəzinənin qaranlıq məqamları var”. Ustad jurnalist “xəzinənin qaranlıq məqamları”na aydınlıq gətirmək üçün ciddi mənbələri olan dəlil-sübutlardan istifadə edib. Məqalədə, “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyrə müsahibə verən Heydər Əliyevin “cəsur etiraflarından” sitatlar da verilib: “Betti Bleyr – Deməli, ali məktəbi bitirə bilmədiniz? Heydər Əliyev – Yox, bitirə bilmədim. Mən yalnız 3 il təhsil ala bildim. Sonra DTK sistemində, yenə də uğurla işlədim. 26 il DTK-da qaldım… Və 1969-cu ildə məni Azərbaycanın rəhbəri seçdilər”. Ilginc məqalənin sonunda Mirzə Xəzər yazır: “Heydər Əliyev BDU-nu bitiribmi? Heydər Əliyev deyir ki, yox. Heydər Əliyev ali məktəb bitiribmi? Heydər Əliyev deyir ki, yox. BDU-nun Azərbaycan tarixini zəif bilən rektoru Abel Məhərrəmov Heydər Əliyevi təkzib edərək, ”ulu öndər”in BDU-nun əlaçı tələbəsi olduğunu iddia edib… Bəlkə təkzib etmir, sadəcə, o biri bütpərəst yapçılar kimi Heydər Əliyevin etiraflarından bixəbərdir”. Əlbəttə, bixəbərdir! Seçkilərdə Abel Məhərrəmovun xətrinə çalıb-oynayan savadsız müğənniləri imtahansız tələbə, oxumadan məzun edən rektorun biznesinə ziyan verən həqiqətlər nəyinə lazımdır. Iraq olsun, diplom bazarında ucuzlaşma başlasa rektorlar nəyin hesabına deputat seçilər? Maşallah, bizim camaat ev-eşiyini, əynindəki son şalvarını da satıb övladına diplom almaqda dünyada ən birinci yerdədir. Ehh, diplomlu fərsiz, ac camaat! Diplomu “sevməyi” BABAnızdan öyrənin barı…

P.S. Mərhum Heydər Əliyevin ali təhsilini başa vurmadan uzun müddət ölkəyə rəhbərlik etməsinə heç kim təəccüblənməsin: KRALların ali təhsil diplomu olmur…