“Xural” reket, Amaşov?

Mətbuat naziri Əflatun Amaşov elə bir qərar çıxarıb ki, ölkədəki bütün biabırçılıqlar onun yanında yalan olub. “Xural” qəzetini götürüb salıb “qara siyahı”ya, reket elan eləyib.

Belə çıxır ki, bu qəzet hakimiyyətin funksiyasından bir hissəsini mənimsəyib. Ölkəni təkcə hakimiyyət soyurdu, indi bu işə “Xural” da qoşulub. Sanki ikihakimiyyətlilik yaranıb. Bu ikihakimiyyətlilikdə də Amaşovun qurumu seçimini YAP hakimiyyətindən yana eləyib. Nə qədər olmaya, onların resursları “Xural”dan və onun baş yazarı Əvəz Zeynallıdan böyükdü. Əlbəttə ki, baş yazar Mehdiyevdən daha yaxın ola bilməz ki MŞ-yə və onun başqanı Amaşova.

Yaxşı, bunu başa düşdük. Ölkəni bir hakimiyyət talamalıdı, Zeynallı onların bazarına girib. Amaşov da gərəkəni yapıb. Istəmir ki, bu biçarə xalq, zavallı ölkə iki hakimiyyətin caynağında can verə. Ona görə, bu iş üçün YAP qədərincə bəsdi.

Iş ondadı ki, şəxsən mən və mənim inandığım bir neçə dost, Əvəz Zeynallının özü də o sırada olmaqla bu qara siyahıya düşmüş qəzetə yazmışıq, yazırıq, ilk fürsətdə mən yenidən yazacağam. Ancaq mən heç bir halda hakimiyyətin talançılıq-reketlik funksiyasını mənimsəmiş bir qəzetdə yazmaram. Yəni, reket olan qəzetdə. Indi Amaşovun müqəddəs borcudu ki, həm bir jurnalist, həm bir vətəndaş olaraq mənim sorğuma cavab versin. Necə deyərlər, mən də özümçün bir Mətbuat Şurasıyam.

Sorğum bu: Yoldaş Əflatun bəy. Lütfən deyin görək, hansı faktlar sizi o qərara gətirib ki, “Xural” qəzeti reketliklə məşğuldu? Əvəz Zeynallı haçan, kimin qarşısını kəsib pul qoparıb? Hansı JEK müdirini, hansı naziri, hansı IH başçısını, vergi məmurunu, polis rəisini? Lütfən bu soruma cavab verin. Yoxsa mən dünyadan bixəbər adam reket qəzetdə yazmaq istəmirəm. Reket baş redaktorla yaxın olmaq istəmirəm. Hesab eləyin ki, boynunuza çox qutsal vəzifə düşüb – bir yazarı gələcək utanc və peşmançılıqdan xilas eləmək. Axı necə də olmasa, əyyami-qədimdə, siz hələ nazir olmayanda, Xaqani-33-də bir otaqda oturanda bir uzaq yas yerinə ictimai nəqliyyatla birgə səfər eləyib, hətta yanaşı da oturmuşuq. Çox şirin söhbət eləmişik. Daha doğrusu, siz eləmisiz. Nə isə. Yəni, deməyim bu ki, ən azı o yol yoldaşlığının xətrinə borcunuzdu ki, sorğumu nəzərə alıb, mənim də gələcəkdə kiminsə yanında üzüqara olmağıma imkan verməyəsiz.

Fəqət! Rəhmətlik dostumuz Hüseyn Cudi demişkən, fəqət sorğuma cavab gəlməzsə, Amaşov “Xural”ın reket olduğunu faktlarla sübut eləməzsə, onda mən hesab eləyəcəyəm ki, o, onun qurumu miskin böhtançıdı və mən də bir jurnalist olaraq heç bir fakta dayanmadan MŞ-ni reket qurum elan eləyəcəyəm. Madam ki, bu elanlar üçün, bu qara siyahılar üçün heç bir fakt, dəlil-sübut, düjün-düjün şahidlər tələb olunmur, onda hər bir jurnalistin istədiyi şəxsi qara siyahıya salmaq, reket elan eləmək, nəinki reket – korrupsioner, rüşvətxor, fahişə, bomj, mavi, lesbiyan, nə bilim Köçəryan, Sərkisyan adlandırmaq haqqı var. Bir mətbuatın ki Şurası özü yaydığı məlumatları, çıxardığı qərarları fakta dayanmadan dövriyyəyə buraxırsa, onda nə haqla o, kimisə reket elan eləyir, kimisə siyahıya salır, kiməsə məktub göndərir və cavab istəyir?

Aydın məsələdi ki, “Xural”ın “ortaq çıxmaq istədiyi” hakimiyyət gözünə dəyən ən kiçik qaraltı ilə belə, vuruşur, ona savaş açır, ondan fil düzəldib cəngə atılır. Başadüşüləndi. Kim bu boyda ölkəni yeyib-talayarkən qarşısında bir əngəl olmasını istər? Ancaq qoy MŞ mənim jurnalist sorğuma cavab versin. Verməsə, sussa, belə qəbul eləyəcəyəm ki, Amaşov mətbuatın yox, onların yanındadı. Ordadı e, ancaq əlimizdə daha bir fakt olsun da…