Həftələr keçir. Bir-birindən maraqlı və vacib tarixi təqvimlər də elə günlər kimi ötüb keçir, yaddaşda elə bir iz saxlamır. Bəli, bir qədər realist olmaq və real düşünmək lazımdır.
Orta statistik azərbaycanlı üçün təqvimdə ən vacib gün maaş aldığı gündür. Həmin maaş ki, onun yalnız alındığı gün yaddaşda qalır… Nə isə. Sözüm bunda deyil. Biz avtoritar rejimlərə böyük təpkilərin və hədələrin müşahidə edildiyi, mətbuatda ifşaedici materialların artdığı bir dövrdə yaşayırıq. Bunu da gərək nəzərdən qaçırmayaq. Lakin cəmiyyətimiz hələ ki, bu informasiyaları almaqda davam edir, əks təsir hiss olunmur. Ola bilsin, cəmiyyət daha çox bilir, çünki biz o qədər də böyük ölkədə yaşamırıq və bu ölkənin bir başından o biri başına məsafə bir neçə yüz kilometr təşkil edir. O hansı informasiya olmalıdır ki, cəmiyyəti möhkəmcə silkələsin və bir hərəkət yaratsın? Mən hələ bu suala cavab verə bilmirəm. Bir məsələ də var ki, informasiya da sanki elitarlaşıb.
Bəli, indi çox giley etmək olar və bu gileylərin hamısının müəyyən qədər əsası var. Amma ağlamaq da bir şey deyil. Bir qədər nikbin olmaq lazımdır. Bunun üçün əsas varmı? Var. Ən azı ona görə ki, biz bütün maneələrə baxmayaraq, açıq cəmiyyətin bəzi üstün və sərfəli cəhətlərindən istifadə edirik.
Bu yaxınlarda kiçik bir söhbətdə iştirak edirdim. Bir nəfər qayıtdı ki, sosial şəbəkədən də yaxşı şey var? Bəli, bunun özü də keyfiyyət sıçrayışıdır. Düzdür, elektron mühitin o qədər də aludəçisi deyiləm, amma reallıqlara göz yuma da bilmərəm – əgər insanlar bu mühiti təqdir edir və ondan faydalana bilirsə, biz nə deyə bilərik?
Əksər partiyalar niyə qərargahsız qaldı?
Amma mən bir qədər klassika tərəfdarıyam, canlı ünsiyyəti sevirəm. Hə, bu hakimiyyət partiyaları ünsiyyətdən məhrum edib, rayonlara çıxmaq və necə deyərlər, hava dəyişmək mümkün deyil. Insanlardan uzaq düşmüşük, yerli şöbələr haqda elə də məlumatımız yoxdur. Hazırda partiya fəaliyyəti ilə məşğul olmasam da, öz keçmiş həmkarlarımın nələr çəkdiyini anlayıram. Amma bir etirafı da burada səsləndirmək istəyirəm. Bir neçə il bundan əvvəl partiyaya baş çəkirdim, bu, hansı partiyadır, bunun elə əhəmiyyəti yoxdur, yazını oxuyan olsa, başa düşəcək hansı partiyadan söhbət gedir. Bəli, mən həmin partiyada bir meyli hiss etdim – hə, partiya funksionerləri istəmirdi ki, insanlar qərargaha gəlsin və qərargahda bir canlanma olsun. Bir siyasi yalqızlıq vardı, çox istəyirdin ki, o partiyanın insanları ilə problemlər haqda fikirlərini bölüşəsən, amma buna imkan vermirdilər, insanlar, partiyanın baş məmurları sənin yanından o yana-bu yana keçir, özlərini elə aparırdılar ki, sanki heç səni tanımırlar. Bunu duyan vaxtdan partiyadan ayağımı kəsdim, əgər onlar mənsiz özlərini daha yaxşı hiss edirsə, mən dünəndən onlarsız özümü lap yaxşı hiss edirəm! Bəli, o günlər də arxada qaldı.
Bunu niyə yada saldım? Indi həmin funksionerlər giley-güzar edirlər ki, insanlar gəlmirlər, getmirlər, siyasətlə maraqlanmır və hər şeyə biganə münasibət göstərirlər. Amma indi həmin adamlardan soruşmaq istəyirəm: bəylər, məgər siz bunu istəmirdinizmi? Özünüzü cəmiyyətdən ayrıca, bir “kontor” kimi təsəvvür edirdiniz. Cəmiyyət də sizi elə “kontor” kimi qəbul etdi və indilər soruşanda ki, niyə etiraz etmirsiniz, niyə belə biganələşmisiniz, qayıdırlar ki, bizim heç macalımız yoxdur, müxalifət var, qoy, onlar etiraz etsin! Beləcə, biz hamımız virtual məkana hopmuşuq. Buradaca mən bir tezisi də bölüşmək istəyirəm: o partiyaların qərargahlarını əllərindən almadılar ki, onların funksionerləri elə məhz canlı ünsiyyətdən qaçırdılar! Digər partiyaların hamısını qərargahsız qoydular, çünki bu partiyalar qərargahdan daha effektiv istifadə edirdi, tez-tez toplaşırdılar, sıralarını artırmağa, başqa fikirləri, təklifləri də dinləməyə cəhd edirdilər. Bəli, belə partiyaların hamısı qərargahsız qaldı…
Yox, bunları heç də giley, şikayət kimi qəbul etməyin. Sadəcə, biz uzun müddət idi ki, elə bu nöqtəyə doğru gəlirdik. Artıq çatmışıq…


