Məhkəmədə prokuror pərt duruma düşdü; danışmağa söz tapmadı
Zərərçəkən kimi tanınan iki şəxs vicdan məhbuslarına qarşı iddiasından imtina etdi
Səbayel Rayon Məhkəməsində Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP- nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin və Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının işi üzrə məhkəmə prosesi ötən gün də davam etdi. Xatırladaq ki, adıçəkilən şəxsləri 2 aprel aksiyasının təşkilatçılığında təqsirləndirirlər.
Daş ayağına dəyib, amma başı zədələnib…
Saat 10:30-a təyin olunan proses 11:45-də başladı. Iclasda zərərçəkən kimi tanınan Yasamal Rayon Polis Idarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Qəhrəman Əhmədovun ifadəsi dinlənildi. O, aprelin 2-də qanunsuz aksiyanın qarşısını almaq üçün Daxili Işlər Nazirliyi tərəfindən tədbirə cəlb edildiyini dedi: “Nazirlik tərəfdən kütlə gəlirdi. Onlar qanunsuz şüarlar səsləndirirdilər. Onda mən ayağımdan xəsarət aldım. Ayağıma bərk bir şey dəydi”.

Məhkəmə binasının önü, 19 sentyabr 2011
Sərbəst ifadəsindən sonra dövlət ittihamçısı Ceyhun Kazımov zərərçəkənə bir neçə sual verdi:
– Sizi kim vurdu?
– Görmədim.
– Mitinq iştirakçılarından kimisə tanıdınız?
– Arif Hacılını, Tural Abbaslını.
Bundan sonra şahidə Arif Hacılı suallar verdi:
– Mən hansı küçədə idim?
– “SUM”un yanında.
– Nə edirdim?
– Tural Abbaslını gördüm.
– Deyirsiniz ki, məni görmüsüz?
– Gördüm.
– Nə edirdim.
– Nə bilim?
– Sizi kim vurdu?
– Bilmirəm.

Məhkəmə binasının önü, 19 sentyabr 2011
– Cinayət işinin içində videomateriallar var. Mitinq zamanı xəsarət almısınızsa, gedib o videolara baxardız, sizi kimin vurduğunu aydınlaşdırardız. Bunu etmisiz?
– Maraqlanmamışam.
– Niyə?
– Maraqlanmamışam da.
– Əgər maraqlanmayacaqdınızsa, niyə gedib ərizə verirdiniz?
– Mənə lazım deyil.
– Axı siz ictimai fəal adam kimi ərizə yazmısınızsa, deməli, sizi vuran şəxsin kimliyini bilib onun cəzalandırılmasına nail olmaq istəmisiniz. Amma indi deyirsiniz ki, bu mənə lazım deyil. Niyə lazım deyil?
– Cavab vermirəm.
Hakim:
– Suallara cavab vermək sizin vəzifənizdir. Suala cavab verin.
– Maraqlanmamışam.
Fuad Qəhrəmanlı:
– Niyə sizi vuran şəxsin şəxsiyyətini müəyyənləşdirməyə çalışmadınız?
– Sənə nə lazımdır?
– Sualıma cavab verməyiniz.

Məhkəmə binasının önü, 19 sentyabr 2011
Hakim:
– Suala cavab verin!
– Verdim dəəə… Maraqlanmadım dəəə…
F.Qəhrəmanlı:
– Niyə görə maraqlanmadız?
– Müalicəyə getdim.
– Müalicədən sonra niyə maraqlanmadız?
– Ciddi xəsarət almamışam, ona görə.
Tural Abbaslı:
– Qanunsuz aksiya nədir?
– Icazə verilməyən aksiya qanunsuz aksiyadır.
– Sərbəst toplaşmaq haqda qanundan xəbəriniz var?
– Var.
– Orada icazədən söhbət gedir?
– …
– Bilirsən ki, “Polis haqqında” qanuna görə sən rəisinin qanunsuz əmrlərini icra etməməlisən?
– Aksiya qanunsuz idi, əmr qanuni.
– Rəisin əmri qanunsuz idi.
– Qanuni idi. Sən də camaata deyirdin ki, polisə əhəmiyyət verməyin, qanunsuz şüarlar deyirdin.
– Aksiya zamanı əynində nə vardı?
– Xüsusi geyim forması.
– Bəs həmin forma əyninizdə ola-ola sizə necə xəsarət yetirilə bilərdi?
– Topuğuma küt alət dəydi.
– Nə alət idi?
– Bilmirəm.
– Deyirsiniz ki, qanunsuz şüarlar söyləyirdim. Nə şüarlar deyirdim?
– “Azadlıq”, “Rədd olsun diktatura!”, “Istefa!” qışqırırdın.
Bu yerdə T.Abbaslı zərərçəkənin yalan danışmasını məhkəmənin diqqətinə çatdırdı:
– Burada şahid deyir ki, ona topuğundan küt alətlə xəsarət yetirilib. Amma işin içindəki məhkəmə tibb ekspertinin rəyində elə onun öz sözlərindən yazılıb ki, xəsarət kürəyinə yetirilib. Ekspert də rəy verib ki, Q.Əhmədov kürəyindən xəsarət alıb. Deməli, şahid yalan danışır.
“Polis qanunu”nun qeyb olması
Vəkil Nemət Əliyevin “ekspertizadan harada keçmisiz” sualına Q.Əhmədov “DIN-in hospitalında” cavabını verdi. Məlum oldu ki, onun ekspertizadan keçməsinə rəhbərliyi göstəriş verib. Suallara həddindən artıq aqressiv cavab verən Q.Əhmədov əlini tez-tez kəmərinə bərkidilmiş gözyaşardıcı qaz balonunun üzərinə qoyurdu. Bunu görən vəkillər aqressiv polis nəfərinin məhkəmə zalında qaz balonundan istifadə edə biləcəyindən ehtiyat etdiklərini dedilər və qaz balonunun ondan alınmasını məhkəmədən xahiş etdilər. Hakim nəzarətçilərə qaz balonunun polis nəfərindən alınmasını tapşırsa da, aqressiv polis nəfəri qaz balonunu vermək istəmirdi. Hakimin təkidindən sonra qaz balonu ondan alındı.
Tural Abbaslı:
– Qanuni şüar hansıdır?
– Nə bilim?
– Qanunsuz şüar hansıdır?
– Qanunsuz aksiyada səslənən şüarlar qanunsuzdur.
– Polis kimi nəyi əsas tutub fəaliyyət göstərirsiniz?
– Dövlətin dövlətçiliyini.
– “Polis haqqında” qanun hara getdi?
– …
Daha 2 iddiaçı vətəndaş mövqeyi göstərir
Q.Əhmədovun dindirilməsi sona çatandan sonra zala mülki iddiaçı Rauf Hümbətov dəvət olundu. “DNS kompüter” firmasının nümayəndəsi olan R.Hümbətov mitinq günü firmasının şüşəsinin sındırıldığını və ona 250 manat ziyan dəydiyini söylədi. A.Hacılının suallarına cavab olaraq dedi ki, məhkəmə qarşısına çıxarılan şəxslərdən heç birinin firmasının şüşəsini sındırdığını görməyib:
– Mənim sizlərin heç birinizə qarşı iddiam yoxdur. Mağazanın şüşələrini siz sındırmamısız. Mən mülki iddiamdan imtina edirəm.
Mülki iddiaçının bu sözləri alqışla qarşılandı. Hakim katibə tapşırdı ki, R.Hümbətovun mülki iddiadan imtina etməsi barədə ondan ərizə alsın.
Saxta ekspertiza rəyləri
Işdə adı mülki iddiaçı kimi keçən “Efes” firmasının nümayəndəsi Elmin Əhmədov da R.Hümbətovun ifadəsinə oxşar ifadə verdi. Bildirdi ki, məhkəmə qarşısına çıxarılanlardan heç biri təmsil etdiyi firmanın şüşələrini sındırmayıblar. O da, mülki iddiasından imtina etdi.
Bundan sonra vəkil N.Əliyev işdə adı zərərçəkəntək keçən 26 polis nəfərinin ekspertizadan keçirilməsi ilə bağlı ziddiyyətlərin olduğunu hakimin diqqətinə çatdırdı. Bildirdi ki, ekspert rəylərində polislərin Ekspertiza Mərkəzində tibbi ekspertizadan keçirilmələri göstərilsə də, onlardan yalnız 5 nəfəri məhkəmədə Ekspertiza Mərkəzində tibbi ekspertizadan keçdiyini söyləyib:
– 21 polis gəlib hərəsi bir söz deyib. Biri dedi ki, Səbayel Polis Idarəsində, o biri Bakı Şəhər Baş Polis Idarəsində, bir başqası DIN-in hospitalında ekspertizadan keçdiyini söylədi. “Ekspertiza haqqında” qanunda isə yazılıb ki, ekspertiza yalnız Ekspertiza Mərkəzində keçirilməlidir. Ona görə də xahiş edirik ki, həmin rəylər iş materiallarından xaric olunsun.
Arif Hacılı da vəsatəti dəstəkləyərək 21 polis əməkdaşının ifadələrinin iş materiallarından xaric olunmasını istədi. F.Qəhrəmanlı və T.Abbaslı da vəsatəti dəstəklədilər. Hakim heç bir izah vermədən vəsatəti rədd etdi.
Yalançının yaddaşsızlığı
Bundan sonra dövlət ittihamçısı A.Hacılının fevralın 20-də Ictimai Palatada çıxışına baxış keçirilməsini təklif etdi. Lakin prosesə şahid qismində çağırılmış Rauf Bağıyevin zala daxil olması dövlət ittihamçısının təklifinin müzakirəsinin qarşısını aldı. Hazırda Yol Patrul Xidmətində çalışan R.Bağıyev sərbət ifadəsində dedi ki, mitinq günü xidmətdə olduğu Sabunçu Rayon Polis Idarəsinin 13-cü polis bölməsindən digər polis nəfərləri kimi qanunsuz aksiya keçiriləcək əraziyə ezam olunub. O, getdikləri avtobusun yanında növbə çəkib:
– Həmin vaxt Fuad adlı şəxsi polislər tutub gətirdilər, dedilər ki, o, fəallıq edir. Onu Fəvvarələr meydanında tutmuşdular. Amma tutulmasını mən görməmişdim.
F.Qəhrəmanlının suallarına cavab verən şahidin sözlərindən məlum oldu ki, o, AXCP sədrinin müavinini tanımır. Şahidin dindirilməsi sona çatandan sonra vəkil N.Əliyev vəsatətlə çıxış etdi. O, şahidin başqalarının sözlərinə istinad edərək ifadə verməsinin qanunla yolverilməz olduğunu söylədi və Rauf Bağıyevin ifadələrinin iş materiallarından xaric olunmasını məhkəmədən xahiş etdi. Hakim F.Nəsibov heç bir izah vermədən bu vəsatəti də rədd etdi.
Istintaqın video sübutları puça çıxdı
Məhkəmənin sonrakı gedişində 2 aprel mitinqindən çəkilmiş videolar nümayiş etdirildi. Həmin videolarda polisə qarşı hər hansı bir zorakılıq, avtobusların tıxacda qalması və hər hansı bir qanunsuzluq müşahidə olunmadı. A.Hacılı bu məqamların məhkəmə protokolunda əks edilməsini hakimdən xahiş etdi. Bununla yanaşı dövlət ittihamçısından tələb olundu ki, həmin videoların məhkəmədə nümayiş etdirilməsinin səbəblərini əsaslandırsın. Dövlət ittihamçısı isə videoların nümayişi ilə bağlı heç bir fikir söyləyə bilmədi. F.Qəhrəmanlı video materiallarda öz saxlanılma səhnəsinin düşməməsini istintaqın qərəzi kimi dəyərləndirdi. O bildirdi ki, bütün sosial şəbəkələrdə onun aksiya zamanı yox, jurnalistlərə müsahibə verərkən tutulduğu video formasında əks olunub, lakin istintaq onların heç birindən istifadə etməyib. Bu isə qərəzi ifadə edir. F.Qəhrəmanlı isə təklif etdi ki, ittiham tərəfinin işə əlavə etdiyi və məhkəmədə nümayiş olunan videomateriallarda onların hər hansı cinayətini göstərən fakt olmadığından, müdafiə tərəfinin sübutu kimi işə əlavə edilsin.
Tural Abbaslı da vdeomaterialların təhrif olunmasına etiraz etdi. O dedi ki, videolardan qaçanlar göstərilsə də, qovanlar gizlədilib. Bu isə polisin zorakılığını gizlətmək üçün düşünülən addımdır. T.Abbaslı tələb etdi ki, istintaq zamanı dəlil kimi göstərilən 4 saatlıq çəkilişin hamısı məhkəmədə göstərilsin.
Məhəmməd Məcidli də videomaterialların təhrif olmasını bildirdi. O, saxlanılan zaman polis vəhşiliyi ilə üzləşdiyini və həmin səhnənin çəkilişə alındığını dedi. Videomaterialda aksiya iştirakçılarının dinc formada şüar səsləndirdiyini, heç bir yerə xəsarət yetirmədiyinə diqqət çəkən M.Məcidli dedi ki, 2 apreldə cinayəti polis başda olmaqla hakimiyyət törədib. Video materialda polisin qocalara, qadınlar və əlil insanlara qarşı kobud davranışını hüquqi problemdən çox, əxlaqi problem adlandıran AXCP yetkilisi dedi ki, bu səhnələr hakimiyyətin mənəvi böhran yaşadığını göstərir.
Hakim təklifi müzakirə etmədən prosesin sentyabrın 21-i, 10:30-a kimi təxirə salındığını elan etdi.
Natiq Güləhmədoğlu



