“Sevimli satqınlar”ın üzə duracağı gün mütləq olacaq

Təhsil naziri Misir Mərdanovun vəzifədən gedəcəyi aktuallaşandan sonra taleyində xüsusi rol oynadığı lap yaxın kadrlarının xəyanəti ilə üzləşdiyini duyub da qətiyyən təəccüb etmədim. Əlbəttə, xəyanətlə, dönüklüklə qarşılaşacaq; əlbəttə, dünən önündə diz çökənlərin saymazlığını görəcək; əlbəttə, yaltaqların, yalaqların tənəli sözlərini eşidəcək. Hələ hakimiyyətə “lazım olsa”, Mərdanovun öz kadrları onu rüşvətxorluqda da ittiham edəcək, donos yazacaq, olanı-olmazı üstünə qoyub at kimi üzünə duracaq, əleyhinə kompromatlar yağdıracaqlar. Bu harasıdır ki?!

Bəs, 40 ilin kişisi, Azərbaycanın hər üzünü görən adam bilmirdimi ki, yaltaqlarla işləyəndə sonu belə olur? Bu məmləkətin qürurlu, mənlikli, ləyaqətli kadrlarını qapı dalına atıb, qarşısında diz çökən, yaltaqlanan insanlarla işləməyi kim ondan xahiş etmişdi? Bilmirdimi ki, ona başqalarından donoslar gətirən, karyera naminə hər şeyindən keçənlər büdrədiyi an onu da satmağa hazır olacaqlar?

Satqınlarla işləməyin aqibəti hər zaman belə olur. Bu nə dəhşət ki, dəfələrlə görüb-götürmələrinə, başlarına gəlmələrinə baxmayaraq, yenə də məhz yalaqlarla işləyirlər; bilə-bilə ki, büdrədiyi an daha bir badalaq vurmağa hazır olanı yanında saxlayır, yenə də xəyanətkardan əl götürmürlər.

Vaxt vardı ki, Heydər Əliyev Politbürodan çıxarılanda, bir xoruza yük ediləndə də adam edib, adam arasına çıxardığı və ölkənin taleyini tapşırdığı kişilər “Heydər Əliyev siyasi meyitdir” kimi açıqlamalarını Moskva qəzetlərinə verirdilər. Axırı nə oldu? Heydər Əliyev növbəti dəfə hakimiyyətə qayıdandan sonra ilk olaraq məhz həmin şəxslərlə işləməyə başladı. Indi bu şəxslərin “ümummilli lider” deyib, barəsində cild-cild kitablar yazdığı adamı vaxtilə təhqir etmələri kimsənin yadına düşmür.O yaltaqlıq ona görə Azərbaycanı başına götürüb ki, Ilham Əliyev – Heydər Əliyevin oğlu – hakimiyyət başındadır, kraldır, qılıncının dalı da, qabağı da kəsir. Bircə büdrəsin, kürsüsü azacıq laxlasın, əsl həngamə onda başlayacaq, qiyamət qopacaq; onda bu yalaq və yaltaqlar ordusunun əlindən “ümummilli”ni heç bizlər də ala bilməyəcəyik…

Biabırçılığa bax ki, Ilham Əliyevin nazirləri daldada, gizlində güdüyə durublar, “perspektiv” karyeralarını sığortalamaq üçün diplomatlarla görüşəndə “əl yeri” qoyurlar, sabah öz komandalarının əleyhinə çıxacaqlarına indidən zəmin hazırlayırlar – şükür, “Vikiliks”in sayəsində bunu müşahidə etmək imkanımız yaranıb. Ilham Əliyev bilmirmi ki, yığdığı komandası onu hər an satmağa hazırdır? Atasının tənəzzülündə yaşadıqlarını unudubmu? “Vikiliks”i oxumurmu? Kəşfiyyat məlumatları almırmı?

Inanmıram. Sadəcə, başqa çıxış yolu yoxdur. Çünki Heydər Əliyevin yaratdığı, formalaşdırdığı və inkişaf etdirdiyi idarəetmənin mahiyyətində durur bu yaltaqlıq; çünki bu satqınlarla idarə olunur dövlət; çünki sistem bir-birini satanların, bir-birini ələ verənlərin, bir-birinə balta çalanların çiyinləri üstündə bərqərar olub; çünki gözləri kölgəli, suçlu və etdikləri cinayətin girovuna çevrilənlərlə işləməyə məhkumdurlar.

Hansı ləyaqətli insan bu cür rüşvətin, korrupsiyanın içində çalışa bilər? Hansı şərəfli insan gözgörəsi təhqir edilə-edilə “liderinə” daxili sevgisini qoruya bilər? Hansı əqidəli adam bu eybəcərliklərdə iştirakçı olmağa qatlanar?Heç kim – yalnız satqınlar, yaltaqlar, yalaqlar, gözükölgəlilər. Bəs, bu şərəfsizlərin bir gün şərəfsizcəsinə üzünə duracağını niyə bilməməlisən?

Dünən Fərhad Əliyev, Əli Insanov, Akif Muradverdiyev bunu müşahidə etdi, bu gün Misir Mərdanov… Dünən fərhadəliyevlər xəyanətin acısını yaşadılar, ən yaxın kadrlarının üzlərinə durmalarının şahidi oldular, yanıb-yaxıldılar və ömürlərini bir heçə sərf etdiklərini, bir pisliklərdə çalışdıqlarını gördülər, bu gün misirmərdanovlar…

Bu komandanın hər bir üzvünün belə tale yaşayacağı, “sevimli satqınlarının” üzlərinə duracağı günü görəcəkləri şübhəsizdir.Hələ, qürurlanırlar da, “komandamız var” deyirlər də…