Polat Ələmdarın Elçibəy cazibəsi…

Türkiyənin ən populyar serialı olan “Kurtlar vadisi”nin baş aktyoru Necati Şaşmaz Azərbaycana 2-3 dəfə gəlib-gedəndən sonra, milli-azadlıq hərəkatımızın öndəri, mərhum prezident Əbülfəz Elçibəy haqqında çəkiləcək istənilən filmdə rol almaq istəyini və qəlbində bu böyük türkə sonsuz sevgisinin olduğunu hər fürsətdə izhar edir.

Azərbaycanda da inanılmaz dərəcədə sevilən bu aktyor, niyə  belə etdi?

Doğrudan da maraqlıdır, axı onu bura dəvət edənlər iqtidarın ən ağır topları Ziya Məmmədov və Kəmaləddin Heydərovun övladları idi.

Hətta mətbuatda məşhur serial qəhrəmanlarının Qarabağ müharibəsi haqda film çəkəcəkləri də gündəmdə idi.Bəs nəyə görə heç nə alınmadı və ünlü aktyor Bakı və Qəbələyə gedəndən sonra iqtidar haqda susmağı üstün tutdu. Ideya və türk kimliyi, böyük pullara qalib gəldi, yoxsa…

Xəyalən olsa da, onlara təklif edilən ssenarini təsəvvür etməyə çalışaq…

Son 17 ildə Qarabağ cəbhəsində çəkiləcək, lentə alınacaq bir süjeti təsəvvür edə bilərsinizmi? Yaxud bir nazir övladının Qarabağ hekayəsi, şəxsi nümunəsi varmı?.. Bakıda dəbdəbəli məclislər, “lazım gələrsə”nin tez-tez işlədilməsi, bunun fonunda arabir güllə səsləri, lap elə təmas xəttinin bir neçə kilometrliyinə qədər gedib çıxmaq (!) və nəsə çəkmək… “Polat Ələmdar” bu yeni obrazla ən azı Azərbaycan tamaşaçısını itirə bilərdi. 1992-93-cü illərdən süjet götürmək “qadağan” olunduğundan bu proyektin hüsrana uğraması çox təbiidir….

Keçək məhşur aktyorun Elçibəy sevgisinə…

Əgər fikir vermisinizsə, məhşur serialın başlanğıc titrlərində, bütün qəhrəmanların və olayların həyatda gerçəyi olmadığı anonsu dönə-dönə təkrarlanır. Yəni, bu qəhrəmanları biz uydurmuşuq və yaxud bir az oxşatmışıq, nəticəni özünüz çıxarın… Serialda Türkiyənin bütün sahələrində monopoliya və ciddi nəzarətin hökm sürüldüyü iddia edilir. Silah, narkotik, neft və neft məhsulları, içki məhsulları, meyvə-tərvəzin, ətin, bir sözlə, hər bir biznes sahəsini ayrı-ayrı baronların (oliqarxlar) idarə etdiyi qabardılır. Onların isə keçmişdə sələmçi, küçə alverçisi, dülgər, sürücü, dənizçi olduğu bəlli olur. Və bu adamlar nüfuz dairələrini genişlətmək üçün heç nədən çəkinmirlər. Qətllər, kiçik “balıq”ları “akula”ların udması, bu ölkə üçün o qədər də xarakterik deyil, bu, Türkiyə üçün bir az şişirdilib, orada təsadüfi adamlar çox azdır. Hətta buna görə serialın yaradıcı heyəti hərdən qınaq obyektinə belə, çevrilir…

Belə bir məqamda “Kurtlar vadisi” başda Necati Şaşmaz olmaqla Azərbaycana təşrif buyururlar. Yəqin ki, onları bura dəvət edənlər hələ uzun zaman Molla Nəsrəddinin məşhur “gətir bağla dilimə” lətifəsini xatırlayacaqlar. Dəbdəbəli qonaqlıqlar, bahalı qəsrlər, saymaqla qurtarmayan sərvət, türk aktyorları üçün sanki serialın davamı idi.

Türkiyədə xəyali hesab edilən, Qaraxanlıları, Laz Ziyaları, Böyük Iskəndərləri canlı olaraq qarşılarında bulan, qardaş ölkə məşhurları həyatda da bunlara “güzəştə” gedə bilməzdilər. Bu oliqarxları, eləcə onları himayə edən rejim haqda nəsə çəkməklə öz karyeralarına xələl gətirə bilməzdilər.

Və gerçək qəhrəmanı tapdılar. O, Əbülfəz Elçibəydir. “Kurtlar vadisi” qanunlarını “pozaraq”, çətin bir siyasi situasiyada yaddaşlardan silinməyəcək demokratik və döyüşkən Azərbaycan qurdu. Bu günün “baronları” isə, onun dövründə öz layiq olduqları yerlərində idi. Kimisi çilingər, kimisi musiqiçi, kimisi sürücü.

Pusu (tələ) quruldu və Elçibəy xalqı qırğına verməmək üçün hakimiyyətdən getdi, amma millətin qəlbində bir qəhrəman kimi qaldı. Bu serialın yapısına, qəhrəmanlarının xarakterinə uyğun gələn ən ideal türk dövlət başçısı obrazı yalnız və yalnız Elçıbəy ola bilər. Bax, əsl cazibə budur.