Bir sayt bir dünyanın işini görə bilərmiş. Görür. Indilikdə o saytın adı belədir: Vikiliks. Vikiliks saytı çağdaş dünyadakı diktatura rejimlərinin içini açmaqda, içalatını çölə tökməkdədir. Bu rejimlərdən biri də Azərbaycandakı rejimdir – KQB generalı Heydər Əliyevin qurduğu, gedəndə oğluna ötürüb getdiyi diktatura rejimi! Diktatura fəlsəfəsi
Əliyevçi diktatura üzündən çoxsaylı problemlər içində itib-batmışıq. Sosial-ekonomik, siyasi-psixoloji problemlər: qısası budur. Ancaq, bir toplumun, bir millətin, bir ölkənin, bir dövlətin nələrlə üzləşdiyini bilmək üçün bu qısaca göstəricilər də yetərlidir. Doğal resurslar baxımından Azərbaycan dünyanın ən zəngin, ən üstün ölkələrindən biridir. Ancaq əliyevçi diktatura rejimi üzündən Azərbaycan dünyanın ən QARAGÜNLÜ ölkələrindəndir. 779,5 kv. km-lik, 80 milyonluq qardaş Türkiyədə 80 min kv. km-lik, 9 milyonluq Azərbaycandakı doğal resursların mində biri də yoxdur. Göstərilən bu faktlara uyğun olaraq, Azərbaycan indi Türkiyədən hər baxımdan qatbaqat üstün ölkə-dövlət olmalı, Azərbaycanda yaşayış Türkiyədəkindən min qat üstün olmalı idi.
Di gəl, görün nə baş verir? Adamlar Azərbaycandan (başlıca olaraq Vasif Talıbov Naxçıvanından) Türkiyəyə çörəkpulu qazanmağa axışır. Qarnı uşaqlı Azərbaycan qadını dolanışıq üçün Türkiyəyə gedib özünü satmalı olur. Siz o sayaq qadınları “fahişə”, “pozğun”, “poşa”, “şortu” adlandıra bilərsiz, olsun. Onda sizdən soruşuram: bir belə doğal resursla Azərbaycan qadınlarını dolanışıq ucbatından çöllərə salan, qul bazarlarına sürükləyən, ölkə-ölkə gəzdirən rejimin adı nədir, bu rejim nə rejimidir? Rayonların birində çoxdan tanıdığım, iş qurmaq bacarığı, üstəlik, əliaçıqlığı ilə seçilib-sayılan biri var. Uzun illər Rusiyada yaşayıb. Sonra Azərbaycana qayıdıb. Rusiyadakı dostlarının yardımı ilə çox böyük çətinliklə – “gömrük” adlı bir sallaqxanadan, banditizm burulğanından keçməklə, rayonda zavod qurub. Dörd-beş il olar. Dediyinə görə, zavodda 2 minədək adama ÇÖRƏK verə bilər. Işsizliyin qorxunc ölət-epidemiya kimi yayıldığı bir rayon üçün bu bilirsinizmi nə deməkdir? Bunu demək, dilə gətirmək artıqdır. Indilikdə deyiləsi, dilə gətiriləsi başqa bir faktdır: özünün bildirdiyinə görə, son dörd-beş ildə adam Nazirlər Kabinetindən tutmuş, Prezident Administrasiyasınadək döymədiyi, açmadığı qapı qoymayıb. Deyir: “Getdiyim hər yerdə məndən zavodun işə salınmasından ötrü elə pullar istəyiblər, mən o pulları düzəldib vermək üçün zavodu satmalıyam”. Budur Azərbaycan kişilərini istər ölkə içində, istər ölkə dışında mənliksiz duruma salan, Azərbaycan qadınlarını sizin dediyinz, bildiyiniz “fahişəlik”, “pozğunluq”, “şortuluq” yoluna sürükləyən faktorların qısaca, yığcam anatomiyası!
Sözü gedən o iş adamı indi, dörd-beş illik, özünün dediyi kimi, hökumət qapılarında o dünyanı görüb gəlmələrdən sonra, rayonda min bir çətinliklə qurduğu zavodu söküb aparıb Saakaşvili başqanlığında əngəlsiz biznes olanağı yaradılan Gürcüstanda qurmaq istəyindədir. Demək, 2 min ac-yalavac azərbaycanlının işləməli olduğu zavodda qonşu dövlətin – Gürcüstanın adamları işləyəcək. Qoy olsun: çörəyi çörəkçiyə ver.., deyiblər.
Bizdəki rüşvət-korrupsiya, oğurluq-soyğunçuluq rejimi, gerçək bir banditizm rejimi olduğundan, o, yurddaşlara çörək vermir, çörəksiz qoyur, çörəyini əlindən alır. Bugünlər “Azadlıq” qəzeti Zülfüqarlı qardaşlarından yazır. Azərbaycanda uzun illərdən bəri rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun başlıca ideoloqlarından biri olaraq tanınan administrator-filosof bu qardaşları qabaqca türməyə saldırıb, sonra da onların zavodlarını ələ keçirib – fəlsəfəyə, fəlsəfənin dərinliyinə baxın! Siz də Sokratdan, Aristoteldən, Kantdan, Sartrdan danışırsız. Onların fəlsəfəsi belə yerdə keçərli deyil, ola bilməz – diktatura filosofunun öz fəlsəfəsi var!
Demokratiya fəlsəfəsi
Demokratiya fəlsəfəsi ilə diktatura fəlsəfəsi arasındakı başlıca ayrıntı birincinin açıqlıq-aydınlıq, ikincinin qapalılıq-gizlilik üzərində qurulmasıdır. Açıqlıq-aydınlıq demokratiyanın, qapalılıq-gizlilik diktaturanın başlıca, önəmli QORUYUCU ilkə-elementləridir. Demokratiya olan yerdə qapalılıq-gizlilik, diktatura olan yerdə açıqlıq-aydınlıq ola bilməz: hər ikisinin xarakter özəlliklərinə görə. Demokratiya xaraktercə QANUNÇULUQ, diktatura xaraktercə özbaşınalıq-qanunsuzluqdur. Qanunçuluq olan yerdə açıqlıq-aydınlıq rejimə qorxu törətmir, tərsinə, onu daha sağlam, daha güclü eləyir. Özbaşınalıq-qanunsuzluq olan yerdə açıqlıq-aydınlıq rejimə qorxu törədir, vintlərini boşaldıb laxlatmaqla onu içindən dağıdır. Ancaq qapalılıq-gizlilik belə rejimin qorunub saxlanması işinə qulluq eləyir.
Açıqlıq demokratiyanın, qapalılıq diktaturanın xarakterik, atributiv görsənişləridir. Indiki rejimin başında duranlar tez-tez demokratiya qurduqlarından danışırlar. Qapalı sistem qurmaqla demokratiyadan danışmaq – necə də gülüncdür! Onlar bu yolla xalqı, demokratik dünyanı aldatdıqlarını düşünürlər. Xalq aldadılıb – bu öz yerində. Bəs demokratik dünya? Indiyədək biz bunların demokratik dünyanı da aldatdıqlarını düşünürdük, Vikiliks bunun belə olmadığını ortaya qoydu. Bu gün biz inamla deyə bilərik: Vikiliks özü bir demokratiya fəlsəfəsi, demokratiya faktorudur. Demokratik dünya bu gün diktatura rejimlərinin üzərinə Vikilikslə gedir. Vikiliks – bu açıqlıq NATOsu bu gün demokratiyanın başlıca informasiya-raket yarağına çevrilib. Demokratiya uğrunda savaşın önündə indi avanqard güc rolunu Vikiliks oynayır. NATO-ya indi aryerqard güc rolu ayrılıb. Indi Vikiliks demokratiyanın ilkin yayılma işlərini görür.
Ölkədə informasiya monopoliyası yaratmış əliyevçi rejim Vikiliks qarşısında açıq-aydın əsməcəyə düşüb. Vikiliks, KQB generalının yaratdığı diktatura rejiminin iç üzünü açıb ortaya qoyur. Vikiliks qarşısıalınmaz sunami kimi öz işini gərəyincə görür – demokratiyanın yolunu təmizləmə işini! Bunlara bircə bu qalır: Vikiliksi yalan informasiyalar yaymaqda suçlamaq. 18 ildən bəri Azərbaycanı ardıcıllıqla demokratiyadan uzaqlaşdıra-uzaqlaşdıra “demokratiya qurduqlarını” deyənlər, xalqı aldada-aldada demokratiyadan diktaturaya gətirib çıxaranlar indi, əlləri yerdən-göydən üzülürkən, Vikiliksi yalançılıqda suçlayırlar. Başlıcası da kim? Əliyevçi diktatura rejiminin yüz illik qurucularından biri, başlıcası olan akademik-administrator-filosof Ramiz Mehdiyev.
PA başçısı oliqarxın APA-sına bildirib: “Vikiliks saytında Azərbaycanda ayrı-ayrı zamanlarda işləmiş səfirlərə istinadən yayılmış materialların heç bir obyektiv əsası yoxdur. Bəri başdan qeyd edirəm ki, bunlar şəxsi münasibətlərdir və onların bu gün yayılmasını xüsusi təşkil edənlər var. Görünür, belə materialların yayılması, o cümlədən, Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır. O ki qaldı mənim haqqımda yazılan məlumatlara, onlar, sadəcə, gülməlidir”. Vikiliksin başlıca, diktaturaları dağıtma funksiyasını R.Mehdiyev də başa düşüb, ona görə qorxa-qorxa da olsa, Vikiliks yayımlarının “kiməsə lazım” olduğunu bildirir. Doğrudan da: “onların bu gün yayılmasını xüsusi təşkil edənlər var”.
Vikiliksin yayımlarından birində bildirilir: “ABŞ-ın Azərbaycandakı keçmiş elçibaşısı Ənn Dersi R.Mehdiyevlə görüşündə vurğulayıb: ”ABŞ-Azərbaycan ilişkilərinin yaxşılaşması yönündə başlıca prioritetlərdən biri də siyasi-ekonomik reformaların gerçəkləşdirilməsidir”. Üstəlik, Dersi burasını da vurğulayıb: “Azərbaycanın uzunsürəli gəlişməsi üçün bu reformaların gerçəkləşdirilməsi qaçılmazdır”. Göründüyü kimi, burada ABŞ dövlətinin Azərbaycana ayrıca qayğısı sərgilənir: ABŞ Azərbaycanın gəlişməsinə – uğurlu gələcəyinə çalışır. ABŞ-ın Azərbaycanla bağlı qayğısına qarşılıq olaraq R.Mehdiyev yalana əl atır: “Prezident Ilham Əliyev islahatçıdır, ölkədə köklü islahatlar həyata keçirməyə çalışır”. Bunun ardınca R.Mehdiyev qurduqları diktatura rejiminə don geydirmək üçün daha böyük yalana əl atır: “Qonşu ölkələrin Azərbaycanda təsirinin güclü olması və vətəndaşlarımızın uzun müddət sovet imperiyası daxilində totalitar idarəçilikdə yaşamasının mentalitetə təsiri üzündən demokratik ənənələrin ölkəmizdə möhkəmlənməsi prosesi ləng gedir”. Yalan, bütünlüklə yalandır. Baltik respublikaları da totalitar sovet imperiyasında yaşamışdı, bu gün demokratiya yoluyla inamla irəliləyən qonşu Gürcüstan da. Azərbaycanı, Azərbaycan toplumunu bu yerə 40 illik H.Əliyev-R.Mehdiyev IDARƏÇILIYI gətirib çıxarıb!
“Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır”,- deyir R.Mehdiyev. Azərbaycanla bağlı yox, Azərbaycanı bu günə qoyanlarla, diktatura rejiminə gətirib çıxaranlarla bağlı “yanlış” deyil, doğru-düzgün düşüncə formalaşdırılması bu yanda Azərbaycan xalqına, o yanda demokratiya yayıcılarına gərəkdir. Administrator-filosof arada filosofluq da eləyir: “Əgər doğrudan da dünyanın nəhəng dövləti bütün ölkələrlə siyasətini öz səfirlərindən aldığı subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək nüfuzunu təsəvvür etmək heç də çətin olmayacaq”. Amerika rüşvət-korrupsiya ölkəsi deyil, dünənki korrupsioner baş prokuroru, korrupsioner MTN şefini, korrupsioner polis başçısını, bu seriyadan olan bir çox başqalarını haralarasa elçibaşı göndərə, sonra da onlardan, sizin düşündüyünüz kimi, “subyektiv mülahizə, yalan, uydurma məlumat” ala, bunlara uyğun siyasət QURA. Vikiliks yayımlarından da göründüyü kimi, ABŞ-ın antidemokratik rejimlərlə bağlı ayrıca siyasəti, ayrıca planları var. ABŞ diplomatları hökumətlərinin siyasətinə, planlarına uyğun tapşırıqları yerinə yetirirlər. Bu baxımdan R.Mehdiyev kimilərini qorxuya salan ABŞ-ın itiriləcək “nüfuzu” deyil, özlərinin Vikiliks zərbələrindən itirdikləri “nüfuzlarıdır”.
Ənn Dersiyə Iranla bağlı gizli materiallar ötürən, ortadakı faktlardan, eləcə də əlindəki faktiki materiallardan çıxış edərək Iranı Azərbaycanın düşməni adlandıran R.Mehdiyev Vikiliksin yayımlarını “yalan” adlandırarkən hansı məntiqdən çıxış eləyir – bəlli deyil. R.Mehdiyevin Azərbaycandakı Iran Mədəniyyət Mərkəzi ilə bağlı dedikləri bəlli faktlardandır. R.Mehdiyev bildirir: “Mərkəz yüzlərlə gənci seçərək dini müəssisələrdə təhsil almağa göndərir. Həmin adamlar qayıtdıqdan sonra beşinci kolona çevrilir və Azərbaycanda radikallaşmaya xidmət edir”. Bunlar doğrudur, ancaq… Bakıda Iran Mədəniyyət Mərkəzini kim açıb, bu Mərkəzə Azərbaycanda BEŞINCI KOLON yaratmaq yetkisini, statusunu kim verb? Müxalifətin hər addımını güdüb önləməyə çalışan MTN IMM ilə bağlı niyə passivlik göstərir? Sözsüz, Iranın Azərbaycanda beşinci kolon yaratmasının ABŞ-la bağlılığı yoxdur. Başqa cür desək, ABŞ-ın bu işdə əli yoxdur, ola da bilməz. Onda R.Mehdiyevin bununla bağlı ABŞ-a üz tutmağı nə üçündür? ABŞ-ı qorxutmaq üçün: “biz getsək, bizim yerimizi irançı-islamçılar tutacaq” – belə bir mesajdır bu. Burada bəlli bir gerçəyin də öz rolu var: demokratik müxalifəti çoxillik repressiyalara uğradan bir rejim gec-tez bir çağlar əlbir olduğu islamçı radikalizmlə üzləşməli idi.
Bu gün Azərbaycanda gerçək, başlıca BEŞINCI KOLON antimilli, antidemokratik siyasətlərlə ölkəni hər baxımdan yoxsulluğa, yolsuzluğa gətirib çıxarmış əliyevçi YAP hakimiyyətidir.
R.Mehdiyev özü ilə bağlı Vikiliks yayımlarını “gülməli” adlandırır. Ancaq bunlar gülməli deyil, ağlamalıdır. ABŞ diplomatına dediyi doğruları onun özünün yalan adlandırmağı lap ağlamalıdır. Adam uzun illər xalqa saysız yalanlar danışdığından, birdən dönüb doğru danışa biləcəyinə özü də inanmır. Bu da bir diktatura fəlsəfəsidir.