Samir Cavadzadə duet ortağı Elnur Hüseynovun qohumunu bıçaqlayıb
Azərbaycanı 2008-ci ildə “Eurovision” musiqi yarışmasında təmsil etmiş duetin üzvləri arasında qanlı insident yaşanıb. Samir Cavadzadə həmkarı Elnur Hüseynovun yaxın qohumunu bıçaqlayıb.
Hadisə dünən səhər saat 6 radələrində Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 32 ünvanında qeydə alınıb. Qeyd edək ki, Elvin Hüseynov həmin ünvanda yaşayır.
Elvin Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. O, boyun nahiyəsindən xəsarət alıb.
Samir Cavadzadəni isə Nəsimi rayonu, 21-ci polis bölməsinin əməkdaşları şübhəli şəxs qismində saxlayıb. “Qafqazinfo”nun məlumatına görə, bölmədə ifadə verən Samir Cavadzadə Elvin Hüseynovu bıçaqladığını təsdiqləyib. Ifadəsində göstərib ki, Elvini onun istirahətini pozduğuna görə bıçaqlayıb: “Səhər saat 5-də Azad Şabanovun ”Hiss et” klipinin təqdimat mərasimindən qayıtmışdım. Bütün gecəni yuxusuz qalmışdım. Yatmaq istəsəm də, Elvinin səs salması mənə mane olurdu. Ona görə aramızda mübahisə yarandı. Elvin məni vurdu, mən də bıçağı onun boynundan soxdum. Sonra isə maşına mindirərək xəstəxanaya apardım”.
Qeyd edək ki, Elvin Hüseynov “Pixel” foto-agentliyinin fotoqrafıdır. Məlumata görə, Elvin Hüseynov Samirin duet ortağı Elnur Hüseynovun yaxın qohumudur. Onların əmioğlu olduğu bildirilir.


