Elçin Namazovun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

Pərviz Həşimli: «Komitədə tanınmış vəkillər, hüquqşünaslar, hüquq müdafiəçiləri və millət vəkilləri təmsil olunacaq»

“Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkil Elçin Namazovla bağlı qərarı ölkənin hüquq ictimaiyyətinin kəskin etirazına səbəb olub. Bu səbəbdən də ölkənin bir sıra tanınmış vəkilləri və hüquq müdafiəçiləri Elçin Namazovun Hüquqlarını Müdafiə Komitəsi yaradıb”.
Bu barədə məlumat verən Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli bildirib ki, dünən yaradılan komitənin ilk iclası keçirilib: “Iclasda bir sıra tanınmış vəkillər, hüquqşünaslar, həmçinin, insan hüquqları müdafiə təşkilatlarının rəhbərləri qatılıb. Qərara alındı ki, yaradılan komitə istər Elçin Namazov, istərsə də təzyiqlərə məruz qalan digər vəkillərlə bağlı fəal kampaniyaya başlasın. Azərbaycanda vəkillik institutunun sıradan çıxarılması prosesi gedir. Artıq beynəlxalq ictimaiyyətin bu təhlükəli prosesdən xəbəri var. Komitə gələn həftə iclasını keçirib, qarşıdakı fəaliyyət planını təsdiqləyəcək. Fəaliyyət Planında etiraz aksiyaları və digər addımların atılması nəzərdə tutulub”.
Elçin Namazovun Hüquqlarınıÿ Müdafiə Komitəsinə vəkillərdən Vidadi Mirkamal, Qurban Məmmədov, Osman Kazımov, Əlayif Həsənov, Mənsum Bayramov, Aslan Ismayılov, Adil Ismayılov, Yalçın Imanov, Bəhruz Kərimli, Intiqam Əliyev, Iradə Cavadova, Müzəffər Baxışov, hüquq müdafiəçilərindən Pərviz Həşimli, Anar Məmmədli, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Leyla Yunus, Səadət Bənəniyarlı, Emin Hüseynov,  millət vəkillərindən isə Iqbal Ağazadə daxildir.
P.Həşimlinin sözlərinə görə, komitəyə qarşıdakı günlərdə tanınmış hüquqşünaslar və ictimai xadimlərin qoşulacağı da gözlənilir.
Qeyd edək ki, Elçin Namazov siyasi əhəmiyyətli məhkəmə proseslərində müdafiəçi kimi çıxış etdiyinə görə, hakimiyyətin təzyiqlərinə məruz qalıb.
Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev, guya, vəkilin məhkəməyə hörmətsizlik etməsini əsas gətirərək, vəkillik statusunun ləğv olunmasına dair Vəkillər Kollegiyasına müraciət göndərib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə heç bir araşdırma aparmadan E.Namazovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edərək, məhkəməyə müraciət göndərib.