Dədə Qorqudun ruhu dolaşan yerlər
Hələ e.ə. VI-cı əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Burada söhbər Dərbənd qalası – Dərbənd şəhərini müdafiə edən qədim qala divarlarından gedirdi.Böyük Qafqazın Çalqan dağ silsiəsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi əvvəllər bu keçidi qapayırdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.
Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. Inşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır.
Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş bu istehkamın qalıqları arxeoloji qazıntı işləri nəticəsində e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə aşkara çıxarılmışdır. V əsrdə Sasani hökmdarı II Yəzdəgird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qarşısını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi. Dərbəndin daş divarı I Xosrov Ənuşirəvan (531-579-cu illər) dövründə tikilməyə başlamış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.
Azərbaycan inşaat sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində 20-dək Pəhləvi kitabəsi vardır. Sasanilər dənizdən başlayaraq, əzəmətli daş tikililər – şəhərin şimal və cənub divarları, içqala və Dərbənd qala divarının davamı olub, dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan dağ səddi inşa etmişdilər. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz müdafiə xətti kimi düşünülmüşdü. Ərəb mənbələrinin verdiyi məlumata görə, divarlar dənizin içərilərinədək gedib çıxırdı. Dərbənd divarı tikildikdən sonra şəhərdən şimala doğru qalıqları Oqni stansiyasından 6-7 km aralı indiyədək duran bir divar da ucaldılmışdı.
Türk tayfalarının hücum təhlükəsinə qarşı…
Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının – maskutların, alanların, hun, sabir, xəzər və başqa türk tayfalarının Cənubi Qafqaz və Irana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmişdir.
VI əsrdə Sasanilər dövlətinin şimal sərhəddindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr ərzində – V əsrin ortalarından VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində Iran torpaqlarına ardı-arası kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikmişdilər.
Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bu istehkamların əhəmiyyəti haqqında aşağıdakıları yazırdı:
“Əgər Allah hər şeyi görməyi, böyüklüyü və mərhəməti ilə Iran şahlarına (mülük-ül-furs) əl-Bab şəhəri, onun quru, dəniz və dağlarda olan divarları və digər qalaların tikilməsinə, həmçinin, müxtəlif xalqlardan olan adamların yerləşdirilməsinə, müxtəlif dərəcəli hökmdarlar təyin etməsinə kömək göstərməsəydi, onda xəzərlər, alanlar, sərirlər, türklər və adları çəkilən digər xalqlar, şübhəsiz, Bərdə, ər-Ran, Beyləqan, Azərbaycan, Zəncan, Əbhər, Qəzvin, Həmədan, Dinavər, Nihavənd vilayətlərinə və digər yerlərə gəlib çıxardılar”.
(Ə1-Məsudi. Mürüc.s.212-213)
Nəhəng sərhəd istehkamlarının tikilməsi, əsasən, Albaniyanın ən varlı vilayəti olan Şirvanın hesabına təmin olunan böyük maliyyə vəsaiti və insan qüvvəsi tələb edirdi. VII əsr alban müəllifi Moisey Kalankatlı “Böyük Çoğa (Dərbənd) şəhərinin əzəmətli divarlarından, fars hökmdarlarının Qafqaz dağları ilə Şərq dənizi arasındakı keçidi tutmaq məqsədilə möhkəm istehkamlar tikmək üçün memarlar toplanmasına və çoxlu materiallar axtarılıb tapılmasına böyük vəsait sərf edərək, ölkəni əldən salmasından” danışır. Əl-Idrisi əl-Istəxridən və Ibn Havqəldən iqtibasla Bab əl-Əbvab liman şəhərini belə təsvir edir: “Bab əl-Əbvab Xəzər dənizi sahilində çox böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman var. Bu limanın girəcəyində onu hər iki tərəfdən qapayan bənd kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmişdir və limanın sahibinin icazəsi olmadan buraya heç kəs nə girə, nə də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildən tikilmişdir… Orada böyük miqdarda istehsal edilən kətan parçadan Arran, Ərməniyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir”.
Ticarətin yüksək inkişaf etmiş olduğu şəhər
XIII əsrin əvvəlinə aid “Əcaib əd-Dünya” əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli “qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin” adlarını çəkir.
Dərbəndin müdafıə istehkamları kompleksində Narınqala içqalası xüsusi yer tuturdu. Içqalanın mədəni təbəqələrinin ümumi qalınlığı 10 metrə çatır. Şəhərin içqalasının şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m2 olan 4 bina aşkar edilmişdir. Çoxlu ocaq və təndirlər daş özüllər üzərində yaxşı qalmış buruqvan oyma naxışlarla bəzədilmiş ağac sütunlar və bişmiş kərpicdən dekorativ oymalı kvadrat sütun üzə çıxarılmışdır. Beşinci komplekslə bağlı təbəqədən XI-XII əsrlərə aid çoxlu şirli və şirsiz keramika, memarlıq detalları, şüşə və metal məmulat, o cümlədən şüşə bilərziklər, gözəl naxışlanmış xırda sümük məmulatlar, bəzək şeyləri və silahlar, içərisində bəzi hallarda Çin möhürlərinə oxşar möhürləri olan yüksək keyfiyyətli çini fincan və piyalələr seçilən gətirilmə mallar tapılmışdır. Tapıntılar içərisində gözəl çini nimçənin alt hissəsi də var.
Göstərilən materiallar Çin və digər ölkələrlə ticarət əlaqələri saxlandığından xəbər verir. Içqalanın bu hissəsi Sasanilər dövründə və XI əsrin sonu – XII əsrdən daha intensiv şəkildə məskunlaşmışdır. Kompleksin çox böyük olması, onun içqalanı ən əlverişli yerində yerləşməsi, binanın divarlarının orta əsrlər Dərbənd memarlığı üçün son dərəcədə nadir hal olan bişmiş kərpicdən tikilməsi və çoxsaylı avadanlığı bu memarlıq abidəsinin qalıqlarını XII-XIII əsrlər Dərbənd xanının sarayı ilə eyniləşdirməyə əsas verir. Qazıntının mərkəz hissəsində, Cümə məscidinin qənşərində (2-3-cü şurflar) külli miqdarda keramika materialı tapılmışdır. Cənub divarının yaxınlığında XII-XIII əsrlərə aid bişmiş kərpicdən tikilmiş birotaqlı bina üzə çıxarılmışdır. Binada xeyli keramika, bütöv şirli və şirsiz kasalar, şüşə məmulatı parçaları tapılmışdır. Mədəni təbəqənin qalınlığı 3,5 metrdir. Şurfların üçü dərinliyi bəzən 20 metrə çatan qədim quyulardır. Onların bəziləri bir-bir ilə birləşdirilmişdir və ehtimal ki, su anbarları olmuşlar.Cümə məscidi rayonu artıq ərəblərin vaxtında, yazılı mənbələrin xəbər verdiyi kimi, Dərbənd Qafqaz böyük şəhər və Xəzər dənizində iri liman olarkən tikilmişdir. Arxeoloji qazıntı materialları göstərdi ki, XI-XIII əsrin əvvəllərində Dərbənddə fəal şəhər həyatı olmuş, sənətkarlıq və ticarət, bir sıra ölkələrlə əmtəə-pul münasibətləri inkişaf etmişdi.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir